“Şekspir”...
yaxud HARMONİYAnın təntənəsi...
və
ya bəyaz donlu qəmli komediya...
Məryəm
Əlizadə,
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor
(əvvəli ötən
sayımızda)
... Bəli, tamaşadakı ən
füsunkar və ən qəmli romantik oyunu oynayanlar da elə
dəlilərdir... Xəstələrdən biri Sara
Bernarın, digəri isə Stalinin donuna giribdir, hətta geyimləri,
ədaları, plastikaları belə onların bu cildə əbədi
pərçim edilməsindən xəbər verir.
Sözügedən hər iki səhnə obrazı aktyorların
ifasında tamaşadakı romantik vüsətin dərəcəsini
artırır.
E.Cəbrayılovun cazibəli
ifasında saf çöhrəli, qılman qiyafətli həlim,
təmənnasız, nəvazişkar, dinc, xəyalpərvər,
səhərdən axşamacan bütün fikri-zikri pəncərədən
göylərə baxmaq (düz 17 ildir!) və
özününküləri (veneralıları) gözləmək
olan Veneralının ümidi sonsuzdur... İstedadlı aktyor səhnədə
təklif olunmuş vəziyyətdə təbii tərzdə
mövcud ola və Veneralının həsrət, intizar və
ümid işartılarını bədii biçimdə
görümlü edə və bizi veneralıların məhz
belə olduqlarına inandıra bilir.
Özünü bir vücudda həm
ər, həm arvad hiss edən Ər-arvad Ş.Şahvələdqızının
ifasında həm də aktrisanın əsl bədii
başqalaşma bacarığının nümayişidir. Bu
zaman sanki bədii başqalaşma ilə yaradıcı hiss-həyəcanın
peyvənd olmasının şahidi oluruq. Aktrisanın
ifasında bu proses həm psixolojidir, həm patolojidir, həm
fiziolojidir və o, səhnədə öz personajı
üçün düzgün yaradıcı əhval, hal tapa
bilibdir. Ş.Şahvələdqızı bu obrazda
özünün yaradıcı fantaziyasını sərgiləyə
bilir, obrazına xas olan ən xırda detalların,
ağılla, düşüncə ilə dərk edilməyən
ani hal sayrışmalarının, cinsdən-cinsə
keçidin yaratdığı çətinliklərin öhdəsindən
gəlir. Aktrisa Sanitar tərəfindən amansızlıqla
hovuza itələndikdə də, yamyaş hovuzdan
çıxıb yarpaq kimi əsdiyi, sanki nə olduğunu dərk
etmədiyi anlarda da günahsız, məsum körpə təbəssümünü
üzündən əskik etmir, bu isə onun bir oyunçu
kimi təklif olunan vəziyyətdə düzgün emosional
reaksiya tapmasından xəbər verir.
Ər-arvad obrazında
Ş.Şahvələdqızının obrazlı - emosional təfəkkür
tərzi maraq doğurur, o, çox zaman bəzən
qallüsinasiya halında söylədiklərini belə
aydın təsəvvür edə və dəqiq göstərə
bilir. Bir sözlə, aktrisa öz düşüncəsində
şəxsiyyətin haçalanmasının, ikiləşməsinin,
vücudunda əri ilə bərabər mövcud
olmasının psixoloji-fizioloji
ağırlığını daşıyır. Onun
ifasında Ər və Arvadın ani dialoqları çox təsirlidir.
Ş.Şahvələdqızı düzgün
tapdığı yaradıcı hal, əhval nəticəsində
səhnədə bədii başqalaşmaya nail olur və həm
də aktrisa kimi özünün gizli potensialını sərbəstcəsinə
faş edir... Bir də ki, qrimsiz, açıq, bapbalaca
üzü (obraza girmək üçün aktrisa hətta
saçını da qırxdırmaqdan çəkinmədi!...),
jest və hərəkətlərindəki tam sərbəstlik,
gənclik enerjisi və qrasiyası, improvizəyə əsaslanan
üzvi oyun tərzi ona obraz yaradıcılığında
çox kömək edir.
Tamaşada hər personajla
bağlı təklif olunan vəziyyətlər müxtəlifdir
və nəticədə, yaranan hadisələr sırası həyatın
bir parçası... bir anı... bir anın kiçicik
tarixçəsi olmaq etibarilə əsl teatr materialına
çevrilib bizi sarsıdır...
...Quruluşçu rejissor çox
incəliklə hər bir aktyoru yaradıcı hiss-həyəcan
vəziyyətinə sala bilir. Hər ifaçı rolunu və
pyesi bütövlükdə dərk edir və rolu özünə,
özünü rola yaxınlaşdıraraq xarakterin
inkişafı prosesində dramaturqun aktyorlar üçün
yaratdığı improvizə imkanlarından maksimum istifadə
edir.
M.Atakişiyevanın Sara Bernarı
daim Cülyetta rolundadır, qulaqlarına gələn
alqış səsləri ona gözqamaşdıran səhnə
uğurları eyforiyasını yaşadır. Aktrisa Sara
Bernarı romantik bir şövq ilə, sevinc ilə
yaradır. M.Atakişiyevanın Sarası öz
duyğularının - Cülyettanın hiss-həyəcanlarının
ağuşuna atılır (Mətanət xanımla birlikdə!),
duyduqlarını, yaşadıqlarını, istək və
arzularını tamaşaçıya dolğun tərzdə
çatdıra bilir, özünü səhnədə
eşidərək reaksiyalarını məhdudlaşdırmır.
Ona görə də hər tamaşada yeni Sara Bernarla
rastlaşırıq...
...“Şekspir” Sara
Bernarı və bizi Stalinlə də
görüşdürür. Mən bir
neçə dəfə bu tamaşaya baxsam da, hər dəfə
Stalini P.Bağırovun ifasında gördüm. Bu istedadlı aktyor milyonların qanının
tökülməsində, ölkənin fəlakət həddinə
çatmasında özünü günahkar bilən
personajının günah hissini,
inamsızlığının qurbanı olmasını, bəşəriyyət
tərəfindən qəbul edilməyən tövbə
yanğısını sənətkarlıqla qabardır.
P.Bağırov öz personajını canlandırarkən
bütün tamaşa boyu təxəyyülünün və
təsəvvürünün fəallığını da
nümayiş etdirə bilir. Səhnədə
“publika üçün oyun” getmir və aktyorun təbii
yaşantılarını izləyən tamaşaçı dərindən
sarsılır. Stalinin qəlbindəki ən
sezilməz ağrıları duyduran P.Bağırov
özünün emosional cəhətdən çevik və hərəkətli
bir aktyor olduğunu, yaradıcı intuisiyasının itiliyini
nümayiş etdirir. Quruluşçu
rejissor da aktyora öz emosiyalarını maksimum sərbəstcəsinə
təcəssüm etdirmək üçün şərait
yaradır.
Tamaşada ruhi xəstələrin
hamısına mənəvi saflıq və romantik əhvali-ruhiyyə
xasdır. Psixoloji problemləri fərqli olsa da, onları
birləşdirən, sanki vahid bir insana çevirən ürəkləri
riqqətə gətirən saflıqları... həssaslıqları...
körpə inamlarıdır...
...Hər şey Drob 13-ün gəlişi
ilə başlayır, yəni hadisələrin inkişafı
məhz bu personajın hadisələr sırasına daxil
olması ilə sürətlənir. A.Heybətovun
Drob 13-ü ədəbi materialda da xüsusi yükə
malikdir, çünki məhz onunla ünsiyyət bütün
obrazlara ciddi təsir göstərir.
M.Atakişiyevanın Sara Bernarı Cülyettadırsa, Drob 13 də
Romeodur. Baş həkim, Həkim və Sanitardan
tutmuş pasientlərə qədər hamı onun
düşüncəsinin təsiri altına düşür.
Sara Bernara - Cülyettaya heyran qalan Drob 13 - Romeo tamaşa
içində gözəl bir oyun parçası olan “Romeo və
Cülyetta”nın sayəsində
teatrın qüdrətini başa düşür. A.Heybətovun
təbii və istedadlı ifasında Drob 13 əsl Vanderprandur
planetindən gələndir: emosiyasız... ləng hərəkətli...
peyvənd görkəmli... saf, gözəl üzlü...
yalanın nə olduğunu bilməyən... yerdəki yalanları
anlamayan... sadəlövhcəsinə “siz dəlini
ağıllıdan necə ayırırsız?” sualını
qoyan... O da Sara Bernarın güclü romantik ovqatının əsirinə
çevrilir. Bunun səbəbi isə ŞEKSPİRdir, o
Şekspir ki, finalda hər kəsin sevimli kitabına, dilinin əzbərinə
çevriləcək...
Maraqlıdır, nə
üçün Şekspir? Əsərin
“Şekspir” adlanması da, təbii ki, səbəbsiz deyil.
Nə üçün hətta Həkim və
insaniləşəcəyinə ümid bəsləmədiyimiz
Sanitar belə Şekspirə aludə olur. Nə
üçün məhz Şekspir Veneralıya, Ər-arvada,
Stalinə, Sara Bernara öz xəstə iddialarını
unutdura bilir? Hətta Drob 13-ün özü belə
Şekspirdən xəbərsizliyini, yaşadığı
Vanderprandur planetində “teatrın nə olduğunu bilməmələrini”
acı təəssüflə söyləyir...
...Belə ki, finalda onun ardınca gələn
“uçan boşqab” Şekspiri (kitabı!) də yad planetə
aparır. Və bu təbii səslənir,
çünki o yerdə ki, bəşər övladı var, o
yerdə ki, sivilizasiyanın inkişaf təmənnası var,
orada harmoniyaya ehtiyac var. Bu epizod inam və ümidin təntənəsinə
çevrilir. Drob 13 - A.Heybətov öz planetinə - ucalığa
- harmoniyaya yüksələrkən Sara ilə, pasientlərlə
görüşür: “Orada teatr açacağam, gəlib sizi
də aparacağam!” - deyir. Sara
onu gözləyəcəyini bildirir. Digər pasientlər
də Drob 13-ün ardınca gələn “uçan boşqab”a
böyük ümid və həsrətlə baxırlar,
hamı qəribə bir ekstaz halına düşür... Hətta
Baş həkim, Həkim və Sanitar da başqa planetə getmək
istəyirlər...
Bu məqamda quruluşçu rəssamlar
Nazim və Ramin Bəykişiyevlər səhnədə
tüğyan edən bu ekstaz halını daha da gücləndirən
ifadə vasitələrini işə salırlar...
Güclü projektorlar bərkidilmiş səhnə tavanı
(ştanket) gah enir... gah qalxır... hətta qurumuş ağac
budaqları belə sayrışıb bərq vurmağa
başlayır... Səhnə məkanını üç tərəfdən
haşiyələmiş pərdə-divarlar...
uçub-dağılır... qırılır... Bax, beləcə hər şey darmadağın olur.
Əvəzində isə ümid eyforiyası güclənir...
Bu məqamda
güclü katarsis keçirən tamaşaçı dramatik
mətləblərdən, ədəbi işarələrdən
daha çox fəlsəfi ümumiləşdirmələrə,
hətta psixoanalizə köklənməli olur və
bütünlüklə tamaşanın
yaradıcılarının istəyinə qoşulur. Dramaturqun və teatrın bizə təqdim etdiyi qəmli
rəvayətdə misilsiz dəyər daşıyan
HARMONİYA məhz Şekspir dühası ilə bərpa
edilir.
Beləliklə də,
yaranmış OBRAZ (tamaşanın obrazı!) daha mükəmməl
dünyanın dərkində açara çevrilir... Aktyorlar tərəfindən bizə təqdim edilən
obrazların dramaturji əsasında isə Elçinin şəxsiyyəti
mənəvi kamilliyə aparan gözəgörünməz
cığırları... yolları... arayıb-axtarmaq, təmizləmək
cəhdi... əzmi... görünür. Və bəlli
olur ki, sən demə, bir-birini anlamayan, sevgini, inamı, təmənnasız
münasibəti yadırğamış Yer insanları
harmoniyanı, ahəngdarlığı itirdikləri
üçün xəstələniblər... Cəmiyyət də
elə bu səbəbdən xəstələnib...
... Şekspir harmoniya mənbəyi
kimi ona üz tutan, ona iman gətirən insanlara ümid və
sevinc bəxş edir...
Bir az əvvəl
qoyduğumuz “Nə üçün Şekspir?” sualına
cavab tapılır. Və bu sual ətrafında gəzişməyimiz,
irili-xırdalı psixoloji müəmmalar, təfəkkürdə
dolaşan fəlsəfi krossvordlar dramaturq və teatr tərəfindən
bu sayaq cavablandırılır: burada hər kəs, hətta
yadplanetlilər belə Şekspirə - harmoniyaya
möhtacdır...
Dramaturq Elçin bizə
təqdim etdiyi bu qəmli situasiyasının komik mahiyyətini
aşkarlaya bilir. Burada komizm daha çox
situasiyalarda yetişsə də, əslində onlar hər
zaman gülməli deyil, bizi onların komik mahiyyətinə
varmağa yönəldən də, dramatik situasiyada komediya
toxumunu tapan da dramaturqdur. Personajların
möcüzəni intizarla, ümidlə gözləməsi bu
qəmli komediyaya güclü romantik vüsət
aşılayır. Və dramaturqun təklif
etdiyi vəziyyətdə möcüzənin gözlənilməsi
sonsuz, kosmik bir məchulluğun gözlənilməsi ilə
sanki mübahisə-münaqişəyə girir, üzbəüz
dayanır. Pyesdəki poetik möcüzə
fəlsəfəsi tamaşada pasientləri sanki xilas yoluna
çıxarır və onun ab-havasına çevrilə
bilir. Quruluşçu rejissor Petru Vutkereu
yaratdığı tamaşanın oynaq, hərəkətli,
diri atmosferində məchul, kosmik möcüzənin gözlənilməsi
ilə ümidin, harmoniyanın qələbəsinə olan
inam duyğusu arasında tərəddüd edən, ani olaraq dəyişən,
enib-qalxan, mütərəddid (lap personajlar kimi!) bir temp-ritm
tapa bilir.
Tamaşada bir
personajdan digərinə estafet kimi ötürülən motivlər
(pyesdəki!) içərisində poetik vüsətli
Şekspir motivi əsas motivə çevrilərək
ideyanın açılmasına xidmət edir. Tamaşanın dəqiq işlənmiş daxili
struktura əsaslanan atmosferində quruluşçu rejissor Petru
Vutkereu özünün psixoloji eşitmə-duyma, qavrama
qabiliyyətinin mütləqliyini də nümayiş etdirir.
O, aktyorların “içinin içinə” lağım ataraq,
onlarda kök sala bilir, özünün sərbəst
düşünmək və tamaşanı vahid bir tamlıqda
görə bilmək bacarığını oyunçulara da
sirayət etdirir. Ona görə də möhkəm
bədii bünövrəli bu tamaşada rejissor işi
yaradıcılıq prosesini buxovlayan primitiv nəticədən...
nöqtədən... aktyor oyununu çərçivəyə
salan bitkinlikdən... çox uzaqdır. Rejissorun bədii
cəhətdən bitkin tamaşa konsepsiyası, yozumu
aktyorların improvizəsi üçün səmərəli
şərait yaradır və tamaşa da nəticədə bu
improvizədən qidalanaraq, canlı bir orqanizm kimi artır,
böyüyür... Petru Vutkereu pyesdə sanki “qazma əməliyyatı”
aparır və əməl-hərəkət xəttinin
çoxsaylı motivlərini aşkarlaya-aşkarlaya
özünü sözügedən pyesin ədəbi
materialının içində sudakı balıq kimi hiss
edir.
Tamaşada obrazlı həllini
tapmış maraqlı epizodlar çoxdur: gəlin, pasientlərin
nahar zamanı stol arxasındakı robotvari
yemək mərasimini (sanki ipli kuklaya çevrilmiş xəstələrin...
qaşıqların... boşqabların monoton rəqsi...) yada
salaq. Bu zaman xəstələrə ürəkdən həsəd
aparan Baş həkim - A.Məmmədov onlarla yanaşı stol arxasında oturub yemək mərasiminə
qoşulmaq istəyir. Amma görürük ki, boşluqda
qalır... onun altında stulu... əlində
qaşığı... qabağında isə boşqabı
yoxdur... Sən demə, ruhi xəstələrə qoşulmaq
da asan iş deyilmiş...
Nəticədə, istər
quruluşçu rejissor Petru Vutkereu, istərsə də
quruluşçu rəssamlar Nazim və Ramin Bəykişiyevlər
“Şekspir” pyesinə elə bədii yozum verə, elə
aydın və dəqiq təcəssüm variantı tapa biliblər
ki, uzun illər bu yozumun sərrastlığı pozulmayacaq.
“Şekspir”
tamaşasındakı hadisə xəttində qəhrəmanların
daxili hiss-həyəcanları, romantik-patoloji
çırpıntıları daha da mürəkkəb şəklə
düşür, yeni bir məna qazanır. Dərinləşən mənanın mənbəyi
yalnız süjetdəki əməl-fəaliyyət xəttinin
horizontal istiqamətli inkişafında (ardıcıl
inkişaf edən hadisələrin sıralanması) deyil, bu məna
həm də, ilk növbədə, motivlər sisteminin
bağlılığında, onların ritmində, ziddiyyətlərin
dəyişməsində və daxili qatda dərinləşməsindədir.
Beləliklə də, yeni mənanın yaranaraq
güclənməsindədir. Elçin bu
pyesində yumora, qroteskə, ironiyaya, sarkazma, tragikomik məqamlara,
paradoksal gəlişmələrə geniş yer verib. Teatr dramaturqla birlikdə tragik və komik olanı, “mənasız”
cəhdləri, oyun məqamlarını absurda gətirib
çıxardan bir ab-havaya bürüyür. Bu paradoksallıq acı ironiyaya çevrilərək,
sosial eybəcərliyə və sosial cəhətdən eybəcər
olan tiplərə qarşı yönəlir.
Tamaşa bizə
dünyanın sonsuz və tükənməz mənəvi-ruhsal
qatına yaxınlaşmaq imkanı verir.
Akademik Milli Dram
Teatrının “Şekspir” tamaşası həm pyesin zəngin
potensialının yeni bədii layının təcəssümü
baxımından, həm də iki fərqli milli teatr mədəniyyətlərinin
(Moldova və Azərbaycan) dialoqunun mükəmməl
alınması nöqteyi-nəzərindən əlamətdar
oldu. Onu da qeyd edim ki, Elçinin
“Şekspir” pyesi getdikcə dünyanın teatr səhnələrini
bəzəmək imkanlarını da sərgiləməkdədir.
Yalnız və yalnız
qapılarını yüksək professional səviyyədən
xəbər verən əsərlərə açan “Üns”
Yaradıcılıq Səhnəsində (antreprizində) ilk
sayalı addımlarını atan “Şekspir” daha sonra
Moskvanın “Dərviş”, Ukraynanın Krım-tatar Akademik
Musiqili Dram və nəhayət, Londonun “Avanqard”
teatrlarının səhnələrini fəth etdi...
Bəli, heç şəksiz ki,
görkəmli oyun yazarımız Elçin coğrafi sərhədləri
çoxdan aşmış “Şekspir”lə birlikdə hələ
dünyanın çox mötəbər səhnələrində
Azərbaycan teatrını uğurla təmsil edəcəkdir...
Mədəniyyət.- 2012.- 23 may.-
S. 10.