“Gənclik-gələcək”
adlı sərgi açılıb
Mayın
18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə “Qalereya 1969” salonunda gənc rəssamların əsərlərindən
ibarət “Gənclik-gələcək” adlı sərgi
açıldı.
Mərasimdə
çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin
İncəsənət şöbəsinin Təsviri və
dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi
ki, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın
gənc rəssam və heykəltəraşlarının əsərlərinin
geniş tamaşaçı auditoriyasına nümayiş
etdirilməsi, onların yaradıcılığının
stimullaşdırılması və təbliğinə nail
olmaqdır: “Mədəniyyət və Turizm Nazirliyi həmişə
gənc rəssamların yaradıcı potensialının
üzə çıxarılmasına, onların geniş
ictimaiyyətə tanıdılmasına diqqət və
qayğı ilə yanaşır. Bununla bağlı nazirlik tərəfindən
müxtəlif layihələr həyata keçirilir, sərgilər
təşkil olunur. Belə sərgilər imkan verir ki, gənclər
öz imkanlarını təqdim etsinlər. “Gənclik-gələcək”
sərgisində də maraqlı əsərlər
nümayiş olunur. İnanırıq ki, bu əsərlərin
müəllifləri gələcəkdə tanınmış
sənətkarlar olacaqlar”.
Sektor müdiri qeyd etdi ki,
“Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edən
Bakıya yüzlərlə turist gəlib. Bu sərgi də
şəhərimizin qonaqlarına gənc rəssamlarımızın
əsərləri ilə tanış olmaq imkanı
yaradır.
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağaəli İbrahimov Mədəniyyət
və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrdən
danışaraq davamlı olaraq təşkil edilən belə
rəngarəng sərgilərin əhəmiyyətini
vurğuladı.
Sərgidə 60 gənc rəssamın
100-dən artıq rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı
əsərləri nümayiş etdirilir. Sərgi may
ayının 30-dək davam edəcək.
Ceyhun
Mədəniyyət.-
2012.- 23 may.- S. 8.