Milli müxtəliflik mədəni zənginlik
deməkdir
21
May Dünya Mədəni Müxtəliflik Günüdür
Fikrət Babayev: “Azərbaycan dövləti ölkədəki
milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında,
inkişafında maraqlıdır və buna dəstək verir”
21
may dünyada “Mədəni Müxtəliflik Günü” kimi
qeyd edilir. Əlamətdar gün BMT Baş
Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi
ilə təsis olunub. 2001-ci il noyabr ayında UNESCO-nun “Mədəniyyətlərin
müxtəlifliyinə dair” bəyannaməsi qəbul edildikdən
sonra BMT Baş Assambleyası bu bəyannaməni və onun həyata
keçirilməsi üçün Fəaliyyət
Planının əsas istiqamətlərini alqışlayaraq
21 mayı “Dünya Dialoq və İnkişaf naminə Mədəni
Müxtəliflik Günü” elan edib.
Sənəddə qeyd edilir ki, bu
gün insanlar arasında ayrı-seçkilik salanlara
tolerantlıq və qarşılıqlı anlaşmanın
daha güclü vasitə olduğuna inananlar tərəfindən
müqavimət göstəriləcəyinə işarədir.
Çünki dünyada sülh və həmrəylik
yalnız insanlar və xalqlar arasında müxtəlifliyin qəbul
olunması və qarşılıqlı hörmət yolu ilə
əldə oluna bilər.
Bu gün sürətlə
qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin
yeni formaları yaranır, dəyərlər sisteminin
arxitekturasında dəyişikliklər baş verir, fərqli
düşüncə mədəniyyəti formalaşır.
Ölkəmiz də humanitar əməkdaşlığın
gündəliyini müəyyənləşdirən təşəbbüslər
irəli sürərək multikulturalizmə (mədəni
müxtəlifliyə) böyük önəm verən məkana
çevrilir. Hazırda multikulturalizm Azərbaycanı
dünyada tanıdan vizit kartlarından birdir. Bu termin nisbətən
yaxın vaxtlarda yaranıb. Azərbaycanda isə xalqlar
artıq neçə əsrdir ki, mədəni müxtəliflik
şəraitində yaşayırlar. Şərqlə Qərbin
kəsişməsində, Böyük İpək Yolunun
üzərində yerləşən ölkəmiz ta qədimdən
çoxsaylı xalqların birgə və mehriban
yaşadığı məkan olub.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev bildirir ki, tarixən tolerantlıq məkanı
olmuş Azərbaycan “Dünya Mədəni Müxtəliflik
Günü”nü bu sahədə qazandığı nailiyyətlərlə
qeyd edir. Hazırda Azərbaycanda talış, kürd, ləzgi,
tat, rus, ukraynalı, gürcü, ingiloy, tatar, avar, Ahıska
türkləri, yəhudi, alman, yunan - ümumilikdə 20-dən
çox millətin nümayəndəsi yaşayır,
onların mədəni cəmiyyətləri fəaliyyət
göstərir: “Üç dini konfessiyanın - İslam,
xristian və iudaizmin nümayəndələri müxtəlif
dövlət mərasimlərində, mədəni tədbirlərdə
birgə iştirak edirlər. Mədəni müxtəlifliyin
dəstəklənməsi və qorunması Azərbaycanın
dövlət siyasətində öz əksini tapıb. Eyni
zamanda hər bir Azərbaycan vətəndaşı mədəniyyətin
müxtəlif sahələrindən bərabər səviyyədə
istifadə edə bilər. Ölkə rəhbərliyinin bu
sahədə apardığı məqsədyönlü siyasət
nəticəsində Azərbaycan beynəlxalq səviyyədə
mədəniyyətlərarası dialoq məkanı kimi
tanınır. Ölkəmizin bu nailiyyətlərində,
milli mədəni irsimizin qorunması və təbliğində
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın çoxşaxəli fəaliyyəti
olduqca əhəmiyyətli rol oynayır”.
«Azərbaycan
- doğma diyar»
Dünya xalqları arasında
dialoqun təbliğ olunması və inkişafında ölkəmizin
mühüm rolu göz qabağındadır. Azərbaycan həm
İslam dövlətləri, həm də Qərb ölkələri
ilə sıx dostluq və əməkdaşlıq münasibətlərinə
malikdir. Dövlət tərəfindən mədəniyyətlərarası
dialoq sahəsində beynəlxalq təşəbbüslərin
həyata keçirilməsi ilə yanaşı, ölkə səviyyəsində
də silsilə tədbirlər reallaşdırılır.
Milli azlıqların, etnik qrupların hüquqlarının
qorunması üçün ölkəmizdə hüquqi baza
yaradılıb, respublikamız insan haqları və milli
azlıqların müdafiəsi ilə bağlı 50-dən
çox beynəlxalq konvensiyaya qoşulub. Prezident İlham Əliyevin
2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan
Respublikasının Qanunu ilə ölkəmiz UNESCO-nun “Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqinə dair Konvensiyası”na qoşulub. 2010-cu il
mayın 20-də, 21 May Dünya Mədəni Müxtəliflik
Günü ərəfəsində bu konvensiyanın təqdimat
mərasimi keçirilib.
Respublikamızda milli
azlıqların məsələləri ilə məşğul
olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət
mərkəzləri, xeyriyyə cəmiyyətləri, ictimai
birliklər fəaliyyət göstərir. Etnik icmaların
dilində 15-dən çox qəzet və jurnal nəşr
olunur, milli azlıqların sıx yaşadığı 5
bölgədə yerli teleradio kanalları fəaliyyət
göstərir. Həmçinin rus dilində 30-dan çox qəzet
və 15 jurnal çap olunur, gündəlik radio və televiziya
verilişləri yayınlanır.
Respublikamızda ənənəvi
olaraq «Azərbaycan - doğma diyar» adlı azsaylı
xalqların incəsənət festivalının
keçirildiyini nəzərə çatdıran F.Babayev
ötən il sayca üçüncü dəfə gerçəkləşən
festivalda ölkəmizdə yaşayan bütün milli-etnik
qruplar öz qədim mədəniyyət və incəsənət
nümunələrini təqdim etdiklərini bildirdi: «Ölkəmizdə
yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti
ümumi Azərbaycan mədəniyyətinin tərkib hissəsi
kimi inkişaf etdirilir, hətta bu xalqların incəsənətinin,
adət-ənənələrinin yaşadılması, təbliği
istiqamətində məqsədyönlü iş
aparılır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
və təşkilatçılığı ilə 2006,
2008-ci və 2011-ci illərdə keçirilmiş «Azərbaycan
- doğma diyar» devizi altında azsaylı xalqların incəsənəti
festivalları respublikanın ictimai-mədəni həyatında
mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində
Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər
hazırlanıb, görkəmli alimlərin iştirakı ilə
azsaylı xalqların və etnik qrupların mədəni
irsinin qorunması mövzusunda elmi konfranslar, sərgilər
keçirilib”.
Bununla yanaşı, ölkəmizdə
yaşayan azsaylı xalqların mədəniyyətinə dair
dəyirmi masalar təşkil olunur, bu tədbirlərdə
alimlər, ölkədə fəaliyyət göstərən
mədəniyyət mərkəzlərinin rəhbərləri
iştirak edirlər. Azsaylı xalqların həyat tərzinə,
mədəniyyətinə, məişətinə dair təşkil
olunan fotosərgilər də maraqla qarşılanır.
2009-cu ildə belə bir fotosərgi UNESCO-nun mənzil qərargahında
da nümayiş olunmuşdu.
“Məqsəd
ölkəmizdəki milli-mədəni müxtəlifliyin
qorunmasıdır”
Bütün bu tədbirlər bir
daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin
inkişafına verdiyi dəstək onlara stimul verir. Söhbət
əsnasında F.Babayev bildirdi ki, azsaylı xalqlarla
bağlı mədəni layihələr ilk dəfə həyata
keçirilməyə başlayanda yerlərdəki incəsənət
kollektivləri elə də peşəkar səviyyədə
deyildi. Lakin göstərilən diqqət və
qayğının, aparılan işin nəticəsində
artıq peşəkar ansambllar meydana gəlib: «Son illər həm
rayon icra hakimiyyətləri, həm də rayonların mədəniyyət
və turizm şöbələri bu sahəyə diqqəti
artırıblar. Artıq bu kollektivlər o qədər
yüksək səviyyəyə çatıblar ki, onları
dünyanın bir çox ölkələrinə müxtəlif
beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da
milli azlıqların mədəniyyətinin inkişafına əlavə
stimul verir. Məsələn, «Suvar» ləzgi rəqs
ansamblı Türkiyədə, Masallının «Halay» folklor rəqs
ansamblı Rusiya, Macarıstan və Türkiyədə səfərlərdə
olub. Lerikin «Uzunömürlülər» rəqs
ansamblını da ötən il Türkiyəyə festivala
göndərdik. Digər ansamblların da müxtəlif
festivallarda iştirakını dəstəkləyirik.
Zaqatalada yaşayan avarların «Huduki» ansamblı, Balakənin
avar rəqs ansamblı da öz fəaliyyətləri ilə
seçilirlər. Bütün bunlar bir daha təsdiqləyir
ki, son bir neçə il ərzində bu kollektivlərin
ümumi səviyyəsi çox yüksəlib. Bu da
görülən işlərin nəticəsidir”.
Hər bir xalqın özünə
aid olan milli adət-ənənələri, bayramları, milli
mətbəxi və inam gətirdikləri dinləri var: “Azərbaycan
dövləti bu milli-mədəni müxtəlifliyin
inkişafında maraqlıdır və buna dəstək verir.
Məqsəd bu mədəni zənginlik mühitinin qorunub
saxlanılmasıdır”.
Gələcək planlardan da
danışan F.Babayev yeni festivalların, azsaylı xalqlarla
bağlı müxtəlif tədbirlərin keçiriləcəyini
bildirdi: «Bu il Masallı Azərbaycanın ”Folklor paytaxtı”
elan edilib. Bu münasibətlə nazirliyin dəstəyi, rayon
icra hakimiyyətinin təşəbbüsü ilə
Masallıda beynəlxalq folklor festivalı keçiriləcək,
orada müxtəlif ölkələrdən gələn
kollektivlər çıxış edəcəklər.
Azsaylı xalqların kompakt yaşadıqları bölgələrdə
- Balakən, Zaqatala, Qusar və digər rayonlarda tədbirlər
keçirməyi planlaşdırırıq”.
Ümumilikdə mədəniyyətlərarası
dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm
də ölkə səviyyəsində həyata keçirilən
tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu
artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini
daha da möhkəmləndirir və Azərbaycanı dünya
mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq
aləmə təqdim edir.
Mehparə
Mədəniyyət.-
2012.- 23 may.- S. 7.