Macarıstan jurnalında Azərbaycan haqqında məqalə

 

   Macarıstanın aparıcı turizm jurnalı sayılan “Vilagjaro Magazin”in aprel buraxılışında Azərbaycandan bəhs edən “Qayaüstü rəsmlər və göydələnlər” adlı geniş məqalə dərc olunub.

  

   Materialı müşayiət edən rəngarəng şəkillər ötən il Azərbaycana səfər etmiş Macarıstan Coğrafiya Cəmiyyətinin üzvü, tədqiqatçı-səyyah, jurnalist və fotoqraf Qöqöş Norbertə məxsusdur. Jurnalın üz qabığında isə Bakının memarlıq simasında tarixiliklə müasirliyin vəhdətini əks etdirən maraqlı fotoşəkil yerləşdirilib.

   Mayın 15-də “Vilagjaro” jurnalının təşkilatçılığı ilə Macarıstan Coğrafiya Cəmiyyətinin binasında jurnalın təqdimatı keçirilib. Təqdimatda Qöqöş Norbert çıxış edərək, Azərbaycana səfəri zamanı çəkdiyi foto və slaydları nümayiş etdirib, iştirakçılara ölkəmizin coşqun iqtisadi inkişafı, zəngin tarixi abidələri və təkrarsız təbiəti barədə ətraflı məlumat verib.

   Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anan İmanov ölkələrimiz arasında genişlənən siyasi, iqtisadi və humanitar əlaqələr, habelə respublikamızın zəngin turizm potensialı haqqında danışıb. Diplomat Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki tarixi abidələrə və təbiətə vurulan ziyandan bəhs edərək, macar turistlərini işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməkdən çəkinməyə çağırıb.

   Qöqöş Norbert Azərbaycana səyahətindən sonra Macarıstanın müxtəlif mətbuat orqanlarında ölkəmiz haqqında məqalələr dərc etdirib, habelə turizmlə bağlı müxtəlif nəşrlərdə Azərbaycanın turizm potensialını işıqlandırıb. Yaxın günlərdə onun rəhbərliyi altında 20 nəfərlik macar turist qrupu ölkəmizə gələcək.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2012.- 23 may.- S. 6.