Türkiyə
səfirinin xanımı Günay
Kılıca “Sara Xatun”
mükafatı verildi
Türkiyənin Azərbaycandakı səfiri Hulusi
Kılıcın diplomatik missiyası başa çatıb.
Öz missiyasını layiqincə yerinə yetirən səfirin
xanımı Günay Kılıc da ölkəmizin ictimai həyatında,
xüsusilə qadın təşkilatlarının fəaliyyətində
yaxından iştirak edib.
Məhz bu fəaliyyətinə
görə Günay Kılıc “Lider Qadınlar” və
“Universitet Təhsilli Qadınlar” ictimai birlikləri tərəfindən
təsis olunmuş “Sara Xatun” mükafatına layiq
görülüb. Mayın 21-də Azərbaycan Universitetində
mükafatın Günay xanıma təqdim olunması mərasimi
keçirildi. Tədbiri giriş sözü ilə açan
“Lider Qadınlar” təşkilatının rəhbəri, millət
vəkili Məlahət İbrahimqızı bildirdi ki,
Günay Kılıc Azərbaycan-Türkiyə qadın təşkilatları
arasında əlaqələrin inkişafına böyük
töhfələr verib. Bakıda və müxtəlif bölgələrimizdə
xeyriyyəçilik fəaliyyəti ilə də məşğul
olub.
Millət vəkili Günay
Kılıcın Azərbaycandan həmişəlik
ayrılmadığını və sentyabrın 21-də
“Sülh günü” münasibətilə çəkilmiş
klipin təqdimatında iştirak etmək üçün
Bakıya gələcəyini dedi.
Günay Kılıc ona verilən
bu qiymətə görə təşəkkürünü
bildirdi: “Burada mənə xeyriyyəçiliklə məşğul
olduğumu deyirlər. Amma bu mənim analıq borcumdur.
Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir”.
Millət vəkili
M.İbrahimqızı “Sara Xatun” mükafatının gələcəkdə,
ildə bir dəfə olmaqla, Azərbaycan-Türkiyə
qadın təşkilatları, eləcə də türkdilli
ölkələrin qadınları arasında əlaqələrin
qurulmasında xüsusi xidmətləri olan şəxslərə
veriləcəyini bildirdi.
Mehparə
Mədəniyyət.-
2012.- 23 may.- S. 6.