Böyük ədibin yubileyi
bölgələrdə də qeyd edilir
Mirzə Ələkbər
Sabir - 150
Prezident İlham Əliyevin 1 iyun
2010-cu il tarixli sərəncamına
uyğun olaraq böyük satirik şair Mirzə Ələkbər Sabirin anadan
olmasının 150 illik yubileyi
ilə əlaqədar respublikamızın bölgələrində
də tədbirlər keçirilir.
Mayın 18-də Lənkəran şəhərində Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Milli Kitabxana və Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə görkəmli ədibin 150 illiyinə həsr olunmuş konfrans, elektron məlumat bazasının təqdimatı və “Mirzə Ələkbər Sabir-150” adlı kitab sərgisi keçirilib.
Konfransı Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətindən söz açıb, Sabir günlərinin bütün regionlarda qeyd edilməsini ədibin ruhuna ehtiram kimi qiymətləndirib.
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev çıxışında qeyd edib ki, Sabir günlərinin Lənkəranda yüksək səviyyədə keçirilməsi rayon ictimaiyyəti, kitabsevərlər üçün əsl bayramdır. Sabirşünas alim, professor Alxan Bayramoğlu şairin həyat və yaradıcılığı barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva M.Ə.Sabirin 150 illiyinə həsr olunmuş elektron məlumat bazasını təqdim edib. Elektron bazada şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Sabir haqqında fikirləri, şairin kitabları, məqalələri, haqqında dövri nəşrlərdə çap olunan yazılar və başqa bölmələr yer alıb.
Lənkəran şəhəri M.Ə.Sabir adına Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük redaktoru Nərmin Heydərova “M.Ə.Sabir və uşaq ədəbiyyatı”, Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva “M.Ə. Sabir və incəsənət” mövzularında çıxış ediblər.
Sonda konfrans iştirakçıları Sabirin həyat və yaradıcılığından bəhs edən nəşrlər və sərgi ilə tanış olublar.
* * *
Mayın 21-də Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbir də Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə MKS-in direktoru Nazim Fərəməzov açıb. Mərkəzi kitabxananın şöbə müdiri Növrəstə Məmmədova ədibin həyat və yaradıcılığı barədə məruzə edib. Qeyd olunub ki, Sabirin inqilabi-demokratik poeziyası öz müasirliyi, xəlqiliyi, dərin realizmi ilə Azərbaycan bədii və ictimai fikrinin tərəqqisində mühüm rol oynayıb. Sabir “Hophopnamə” toplusu, “Molla Nəsrəddin” jurnalında dərc olunmuş satirik şeirləri və digər əsərləri ilə ədəbiyyat tariximizdə silinməz izlər qoyub.
Poeziya gecəsində Astara şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, yazıçı-publisist Adil Ağa Əhmədov, Sabir adına şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva, şair İlham İlhami, mədəniyyət və turizm şöbəsinin inspektoru Əfqan Şəfiyev, Kijabə qəsəbə tam orta məktəbinin müəllimi Sabir Fətullayev ədibin poeziyasının zənginliyindən, sənətkarlıq üslubundan söz açıblar.
Mədəniyyət.-
2012.- 23 may.- S. 5.