Beynəlxalq
Muzeylər Günü geniş
tədbirlərlə qeyd olundu
18
May - Beynəlxalq Muzeylər Günü ənənəvi
olaraq bu il də maraqlı tədbirlərlə yadda qaldı. Əlamətdar
tarixlə bağlı muzeylərdə “Açıq qapı”
günü elan edilmişdi.
Bir neçə muzeyin cəmləşdiyi
Muzey Mərkəzində həmin gün xüsusilə qələbəlik
idi. Ziyarətçilər arasında müxtəlif yaş təbəqələrinə
aid insanlar, çoxlu məktəblilər vardı. Gün ərzində
muzeyə axışan turistlər də maraqla eksponatlarla
tanış olur, sonra ürək sözlərini qeyd dəftərçəsinə
yazırdılar.
Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin elmi işlər üzrə direktor
müavini Sevinc Mikayılova bildirdi ki, hər il Beynəlxalq
Muzeylər Günü ilə bağlı «Açıq
qapı» günü elan olunması daha çox insanın -
şəhərimizdə olan qonaqların, turistlərin, eləcə
də yerli əhalinin muzeyləri ziyarət etməsinə təkan
verir: “Bu, çox yaxşı haldır. İnsanlar kollektiv
şəkildə muzeylərə gəlirlər. Muzeylərdə
vaxtaşırı yeniləşmə işləri,
ekspozisiyalarda dəyişikliklər olur. «Açıq
qapı» günləri ilə bağlı muzeyə gələn
insanlar bütün bunlarla tanış olurlar. Biz təkcə
Beynəlxalq Muzeylər Günündə deyil, ildə bir
neçə dəfə «Açıq qapı» günü təşkil
edirik. Bu aksiyalar vasitəsilə insanların muzeylərə
marağı artır».
S.Mikayılova onu da bildirdi ki, Teatr
Muzeyinə təkcə sənət adamları və ya sənət
öyrənən insanlar gəlmir. Bu muzey insanlarda nostalji hissləri
oyatdığı üçün yaşlı insanlar burda
olmaqdan zövq alırlar: «Muzeyə müxtəlif sahələrdə
çalışan insanlar gəlir. Vaxtilə tamaşalara
çox gedən insanlar bu muzeyə gələrək,
tamaşalarla bağlı xatirələrini təzələyirlər.
Bu gün də ziyarətçilərin üzündən bunu
duyduq. Onu da bildirim ki, muzey insanların cəlbi
üçün müxtəlif proqramlar da təşkil edir.
Bu ənənənin səmərə verdiyini
görürük”.
L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin kütləvi işlər şöbəsinin
müdiri Aygün Abbasova da bildirdi ki, muzey hər il bu ənənəyə
qoşulmaqla ziyarətçilərinin sayını
artırmağa nail olub: «Bayram günlərində muzeylər
öz mövzularına uyğun tədbirlər təşkil
edirlər. Bu tədbirlərdə əsas məqsəd
tamaşaçı kütləsinə bayram əhvali-ruhiyyəsini
aşılamaq olur. Bununla gələcək auditoriyanın
muzeyə cəlb olunması üçün əlverişli
şərait yaranır. Builki devizimiz «Muzeylər dəyişən
dünyada: yeni çağırış, yeni ilham»
adlanır. Bu ad altında muzey «Açıq qapı»
günü üçün müxtəlif tədbirlər
proqramı hazırlayıb. İzləyiciləri, sadəcə,
eksponatlara baxmağa dəvət etmirik. Həm də onları
bu muzeydə keçmişə qaytarıb, milli
mahnılarımızı, rəqslərimizi, adət-ənənəmizi
təqdim edirik”.
Qeyd edək ki, Xalça Muzeyində «Açıq qapı» günü «Azərbaycan xalçası» uşaqlar üçün elektron oyunlar, «Azərbaycan xalçaları dünya muzeylərində» CD-lərinin təqdimatı ilə başladı. Daha sonra «Azərbaycan inciləri» instrumental ansamblının ifasında Azərbaycan xalq mahnıları təqdim olundu. Bununla yanaşı, ansamblın və muzey işçilərinin hazırladıqları «Xınayaxdı» mərasimi də təqdim olundu. Muzeyə gəlmiş əcnəbi qonaqlar da mərasimlə yaxından tanış oldular.
Gülər
Mədəniyyət.-
2012.- 23 may.- S. 4.