“İdman və incəsənət”
Milli İncəsənət Muzeyində dəyirmi masa və
virtual sərgi
Mayın 18-də Milli İncəsənət Muzeyində
“İdman və incəsənət” mövzusunda dəyirmi masa
təşkil olundu. 18 May - Beynəlxalq Muzeylər Günü
münasibətilə gerçəkləşən tədbirdə
idmançılar, idman mövzusunda əsərlər
yaratmış təsviri sənət ustaları, muzey
işçiləri iştirak edirdilər.
Muzeyin İnnovasiya şöbəsinin
müdiri Əminə Məlikova bildirdi ki, tədbirin təşkilində
məqsəd idman mövzusuna müraciət etmiş sənətkarların
yaradıcılığına nəzər salmaq,
idmançılarımıza dəstək olmaqdır:
“Bilirsiniz ki, ölkəmizdə idmanın inkişaf etdirilməsi,
Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin
müntəzəm şəkildə idmana cəlb olunması məqsədilə
ölkə başçısı 2012-ci ilin Azərbaycanda
“İdman ili” elan olunması barədə sərəncam
imzalayıb. Ölkəmizin paytaxtı Bakı 2020-ci il Olimpiya
Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini
irəli sürüb. Yaradıcı insanlar da bu işə
öz töhfələrini verməklə idmançılara dəstək
göstərə bilərlər. Milli İncəsənət
Muzeyində idman mövzusuna həsr olunmuş onlarla əsər
var. Biz onların bir hissəsini virtual sərgi vasitəsilə
təqdim edəcəyik”.
Dəyirmi masada mövzu ilə əlaqəli
geniş müzakirə aparıldı. Sonra idmana həsr olunmuş virtual sərginin təqdimatı
oldu. Virtual sərgidə
Xalidə Səfərova,
Mahmud Tağıyev, Sara Manafova,
Ələkbər Rzaquliyev,
İntiqam Ağayev, Vüqar Əli və Rəhim Həşimovun əsərləri
yer alıb.
Ceyhun
Mədəniyyət.-
2012.- 23 may.- S. 4.