Bakıda muzey işçilərinin forumu keçirildi

 

   Muzeylərdə yeni metodların tətbiqi məsələləri müzakirə edilib

  

   Mayın 22-də Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə “İnnovativ muzey layihələri” adlı respublika muzey işçilərinin forumu keçirildi. Hər il ənənəvi olaraq keçirilən “Muzeylər gecəsi” aksiyası çərçivəsində gerçəkləşən forum İCOM-un Milli Komitəsinin 20 illik yubileyinə həsr olunmuşdu. Forumda muzeylərdə müasir metodlardan istifadə məsələləri geniş müzakirə edildi.

  

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirdi ki, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə Azərbaycan muzeyləri 2002-ci ildən başlayaraq “Muzeylər gecəsi” aksiyasına qoşulub. Bu il də Avropa məkanında geniş miqyasda təşkil olunan aksiya “Muzeylər dəyişən dünyada: yeni çağırış - yeni ilham” devizi altında keçirilir.

   Son illər Azərbaycanda muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan F.Babayev vurğuladı ki, yeni muzeylərin yaradılması, bir çox muzeylərdə əsaslı bərpa və yenidənqurma işlərinin aparılması və digər tədbirlər bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir: “Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Üzeyir Hacıbəylinin ev-muzeyində əsaslı təmir işləri aparılıb, Səməd Vurğunun ev-muzeyində təmir davam edir. İlin sonunadək çox möhtəşəm bir mədəniyyət müəssisəsinin-Xalça Muzeyinin açılışını həyata keçirəcəyik. Əlbəttə ki, bütün bunlar muzey işi sahəsində daha böyük nailiyyətlər əldə etməyə imkan verir”.

   Şöbə müdiri İCOM-un Azərbaycan Milli Komitəsinin fəaliyyətindən də danışdı, komitənin regionlarda olan muzeylərlə əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd etdi.

   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva komitənin 20 illik fəaliyyətinə dair məruzə etdi. Qeyd olundu ki, ölkəmiz 1992-ci ildə Beynəlxalq Muzeylər Şurasına üzv olub: “Yarandığı gündən komitənin 5 nəfər üzvü var idi. Bu il onların sayı 60-ı ötüb. Komitə öz sıralarında 32 muzeyi, o cümlədən 12 regional təşkilatı birləşdirir. Milli Komitənin əsas vəzifələri beynəlxalq əlaqələr yaratmaqla Azərbaycanı beynəlxalq miqyasda təqdim etmək, peşəkar əməkdaşlıq və təcrübə mübadiləsinə, mədəni irsin qorunmasına yardım etməkdir. İCOM-un Azərbaycan Milli Komitəsinin üzvləri müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak ediblər. Milli Komitə mütəmadi olaraq muzeyləri İCOM-un yenilikləri və apardığı işlər barədə məlumatlandırır, müxtəlif ölkələrdə çap olunan jurnal və digər nəşrlərlə təmin edir”.

   Sonra Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Musiqi mədəniyyəti muzeyinin yenilikləri”, Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova “Ev muzeylərinin yaranma tarixində yenilik”, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova “Qobustan Arxeoloji Muzeyində innovasiyanın tətbiqi”, Milli İncəsənət Muzeyinin İnnovasiyalar şöbəsinin müdiri Əminə Məlikova “Neft və rəsm əsərləri 3D formatında” mövzusunda məruzələrlə çıxış etdilər.

   Tədbir çərçivəsində A.S.Puşkin adına Təsviri İncəsənət Dövlət Muzeyinə (Rusiya) 100 illik yubileyi münasibətilə təbrik ünvanlandı, muzeyin direktoru İrina Antonovanın 90 illik yubileyi ilə əlaqədar İCOM Azərbaycan Milli Komitəsinin fəxri üzvü seçilməsi elan olundu.

   Tədbirdə Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahovanın şəxsi kolleksiyasından olan miniatür kitabların kataloqunun təqdimatı oldu. Kataloq İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə nəşr olunub.

 

 

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 23 may.- S. 3.