“Bir
ocaqda parlayar min ürəyin işığı”
Dekorativ-tətbiqi sənət nümunələrindən
ibarət beynəlxalq sərgi
Mayın 22-də Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində MDB xalqlarının “Bir ocaqda parlayar min ürəyin
işığı” adlı beynəlxalq dekorativ-tətbiqi sənət
nümunələrinin sərgisi açıldı.
Açılış mərasimində
çıxış edən muzeyin direktoru Röya
Tağıyeva bildirdi ki, “Azərbaycan
xalçaçıları” İctimai Birliyi tərəfindən
MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun dəstəyi ilə gerçəkləşən sərgidə
nümayiş olunan dekorativ sənət əsərlərinin
satışı da həyata keçiriləcək. Qeyd olundu
ki, Azərbaycan daima qonşu dövlətlərlə mədəni,
iqtisadi əlaqələrin genişləndirilməsinə
önəm verir. Sərgidə 8 MDB ölkəsindən 1000-dək
sənət nümunəsi, əl işləri nümayiş
olunur. Belə tədbirlərin təşkili isə ölkələr
arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə,
dostluq bağlarının möhkəmləndirilməsinə
imkan yaradır.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev “Azərbaycan
xalçaçıları” İctimai Birliyinin fəaliyyətindən,
dekorativ-tətbiqi sənət növlərinin inkişafı
istiqamətində görülən işlərdən
danışdı: “Mədəniyyət və Turizm Nazirliyi
unudulmaqda olan qədim sənət növlərinin
yaşadılmasında, inkişafında maraqlıdır. Məhz
buna görə də nazirlik tərəfindən bu istiqamətdə
müxtəlif layihələr həyata keçirilir. Biz
sevinirik ki, minilliklərlə mövcud olmuş sənət
sahələri bu gün də inkişaf yolundadır”.
Şöbə müdiri
vurğuladı ki, Azərbaycan xalq sənətkarlarının
əsərləri müxtəlif ölkələrdə
keçirilən sərgilərdə nümayiş olunur. El sənətkarları
tərəfindən hazırlanan əl işləri turistlərin
də böyük marağına səbəb olur: “Xalça
Muzeyində bu gün belə bir tədbirin təşkil
olunması əlamətdar mədəni hadisədir. Sərgi-satışda
Azərbaycan, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya və
Ukraynadan olan sənətkarların əl işləri
nümayiş olunur. Sərgidə çox gözəl sənətkarlıq
nümunələri var. Bu uğurlu layihəyə görə
təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Tədbirdə
çıxış edən dünya şöhrətli sənətkar,
SSRİ Xalq rəssamı Tahir Salahov son illərdə Azərbaycanın
mühüm mədəniyyət hadisələrinə ev
sahibliyi etdiyini bildirdi, Bakıda MDB ölkələri sənətkarlarının
əl işlərindən ibarət sərginin
açılmasını yüksək qiymətləndirdi.
Tədbirdə digər
çıxış edənlər də sərgi barədə
fikirlərini bildirdilər.
Sonra sərginin
açılışı oldu. Qazaxıstandan Rauşan
Karqabekovun xalça, şərf, dəri məmulatları,
Serjan Başirovun zərgərlik nümunələri, Özbəkistandan
Hikmət Cəlilovun ağac üzərində oyma, saxsı məmulatları
və tikmələri, Qırğızıstandan Rassiya
Cumanazarovanın keçə məmulatları, Rusiyadan Tatyana
Barinovanın tikmələri, Ukraynadan Qalina Dyuqovskaya və
Vladimir Balıberdinin tekstil nümunələri, azərbaycanlı
sənətkarlardan Rauf Əbdülhüseynoğlu, Vüqar Məmmədov,
Afət Əhmədova, Nahid Vahabov, Zərifə Seyidəliyeva,
Sevil Rzayeva, Şəhla Əsgərova və digər sənət
ustalarının müxtəlif növlərdə dekorativ-tətbiqi
sənət əsərləri maraqla qarşılandı. Qeyd
edək ki, satış-sərgi mayın 26-dək davam edəcək.
C.Zərbəliyev
Mədəniyyət.-
2012.- 23 may.- S. 3.