Xərrəqan
türbələri
Orta əsr
memarlıq abidələrimiz
Azərbaycanın
orta əsr memarlığının dəyərli abidələrindən
biri də Xərrəqan türbələridir. Kərpic
tikililərinin ən yaxşı örnəklərindən
sayılan bu türbələr Böyük Səlcuq
İmperiyası dövründə tikilib.
Hər iki türbə Güney Azərbaycanda
- Qəzvin və Həmədan şəhərləri
arasında, bir-birindən təxminən 30 metr məsafədə
inşa edilib. Səfəvilər dövründə bu türbələr
imamzadələrə çevrilib və "Qoşa
İmam" türbələri adlanıb.
Yaxınlıqdakı kəndin adı da bu türbələrdən
götürülüb. Türbələr indi də yerli əhali
tərəfindən Qoşa İmam Türbələri
adlanır.
Araşdırmalarda göstərilir
ki, türbələr Sultan Alp Arslanın hakimiyyəti
(1063-1072) zamanı (1067) Əbu Səid Bicar Səəd
adlı bir türkmən bəyin xatirəsinə inşa edilib.
Türbənin kitabələrinin birində tikilmə tarixindən
sonra "Məhəmməd Məkər oğlu Zəncaninin əməli"
qeydi yazılıb.
Mütəxəssislər
yazırlar ki, birinci Xərrəqan türbəsi səkkizbucaqlıdır.
Bayır diametri 11 metrdir. Bucaqların hər birinə silindrik
qülləcik birləşir. Qülləciklərdən
ikisinin içərisində dolama pilləkən
quraşdırılıb. Abidənin iç planı da səkkizbucaqlıdır.
İnteryerdəki sivri tağçalar iki yerə
bölünür. Hər tağçanın aşağı
hissəsində yerliyi abı rəngdə olan tağ çəkilib.
Onu da qeyd edək ki, əski
türk ellərinin memarlıq abidələrində günəşin,
işığın rəmzi təsvirləri sıx-sıx
işlədilib. Mütəxəssislər belə izah edirlər
ki, memar bu təsvirləri yaradarkən nəzərdə tutub
ki, guya qaranlıq-axirət dünyasını
işıqlandırmaqla ruhlar üçün rahat mühit
yaranacaq. Birinci Xərrəqan türbəsi içərisindəki
çıraq təsvirləri də bu əski türk
inamı ilə bağlı çəkilib. Mənbələrdə
göstərilir ki, buradakı çıraq təsviri süni
işığın rəmzidirsə, medalyonlar günəşi
təmsil edir.
Əski türk inamında tovuz
quşu günəşin simvolu olub. Birinci Xərrəqan
türbəsinin medalyonlarından birinin içərisində
yelpik şəkilli erkək tovuz quşu, başqa birində
üz-üzə dayanmış iki tovuz quşu,
üçüncüsündə isə boyunları bir-birinə
sarınmış və iki əjdaha tərəfindən
qorunan qoşa tovuz quşu çəkilib. O biri
medalyonların içərisində isə altıbucaqlı və
səkkizbucaqlı ulduzlar var.
Beləliklə, sənətkar rəmzi
təsvirlərlə qaranlıq türbə içərisinə
günəş və işıq gətirib. "Günəş
işıqlı" tağçalar arasındakı səthlərdə
həyat ağacı çəkilib. Simmetrik ağac təsvirini
cənnət simvolu olan nar ilə tamamlayıb. Ağacın
ucu göyü təmsil edən xətlərə söykənib.
Məlumdur ki, əski inanclarda həyat ağacı göy ilə
yeri bir-birinə bağlayır. Burada isə ağacın hər
tərəfində iki quş şəkli çəkilib.
Məlumdur ki, əski türk
inamında kainat həyat ağacı, yer, göy və planetlərlə
təmsil edilib. Birinci Xərrəqan türbəsinin interyerində
bu kainat elementlərinin hamısı çəkilib. Memar
sanki, çeşidli təsvirlərlə türbə içərisində
bir kainat modeli, o biri dünyanı "yaratmağa"
çalışıb. Əski türk ellərinin inamları
və mifologiyası ilə bağlı olan bu divar rəsmləri
göstərir ki, Səlcuq memarlığının ilk
çağlarında İslam dini ilə əlaqələri
olmayan türk süjet və simvolları işlədilib.
Maraqlıdır ki, ikinci Xərrəqan
türbəsinin interyerində divar rəsmləri artıq
yoxdur. Onların hamısını cənub üzdəki mehrab
tağçası əvəz edib. Bu da Səlcuq
memarlığında getdikcə İslam təsirinin müəyyən
ölçüdə artmasını əks etdirir. Abidənin
gövdəsi və künc dayaqlarının bütün səthi
müxtəlif çeşidli həndəsi naxış
örtüyünə tutulubdur. Üzlərdən birində
giriş qapısının düzbucaqlı gözü yerləşir.
Memar bu üzün bədii həllini o birilərdən
ayırmış, ona baştağ biçimi vermişdir.
Uçuq və dağıntılara baxmayaraq,
hündürlüyü 13 metr olan türbələr əzəmətli
görünür.
İkinci Xərrəqan türbəsi
üstündəki kitabələrdən məlum olur ki, memar Əbül
Məali Məkər oğlu Zəncani hicri 1096-cı ildə
türkmən bəyi Atsız Təkin oğlunun xatirəsinə
ucaldılıb.
Mütəxəssislər göstərirlər
ki, türbələrin plan quruluşu, konstruktiv sistemi, bədii
memarlıq həllində heç bir prinsipial fərq yoxdur.
Bunlar əslində birtipli tikilinin müxtəlif
variantlarıdır. Görünür memar ikinci türbəni
tikərkən türbələrin yerləşmə
yaxınlığını nəzərə alaraq məsələyə
bütöv halda yanaşıb. Bununla belə türbələr
eyni deyil. Memar Əbül Məali dayaqlar içində pilləkənlərdən
birini ixtisara salmaqla və bir neçə əlavələrlə
ikinci türbəyə özəllik verib. Əlavələrin
bir qismi türbə kompozisiyasında ucalığı
artırmaq məqsədi güdüb. Ona görə də
türbənin hündürlüyü əvvəlkindən
yarım metr ucadır...
Türbələrin kitabələri
bu dövr üçün xarakterik olan kufi xətti ilə
naxışlanıb. Heyrətləndirici naxış
kompozisiyası rəngarəngliyi alıb. Tədqiqatçılar
hər iki türbədə 70-dək ornament kompozisiyası
qeydə alıblar. İşlənmə yerinə uyğun
biçim və ölçüləri, səthin formasına
yatımlı çeşniləri olduğundan naxışlar
ümumi quruluşun təbii bölümü kimi üzə
çıxıb. Yüksək estetik keyfiyyətləri ilə
abidələrə ifadəli görkəm veribdir.
Bir materialdan ucaldılan
bütün tikililər kimi, Xərrəqan türbələrinin
də bədii gücü memarlıq quruluşunun zənginliyinə,
tutumların ahəngdarlığına, işıq-kölgə
bolluğuna hesablanıb. Divar və üzlük materialı kərpic
olan tikililərin ən yaxşı örnəklərindən
sayılan Xərrəqan türbələrinin özündən
əvvəl və sonra ucaldılan bir sıra memarlıq abidələrlə
ümumi və oxşar cəhətləri vardır. Bununla belə,
Azərbaycan memarlığının ən dəyərli abidələrindən
olan bu türbələr bir çox özəlliklərinə
görə bənzərsizdir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 25 may.- S. 15.