Gəncə
memarlığının yeni səhifəsi
Şərif Şərifov: “Gəncənin tarixi tam təfsilatı
ilə qala divarlarında yazılacaq”
Tanınmış heykəltəraş,
Əməkdar rəssam Şərif Şərifov bu ilin aprel
ayında Rusiya Rəssamlıq Akademiyasının Fəxri
üzvü seçilib. Həmyerlimiz uğuru barədə belə
deyir: “Bu təkcə mənə deyil, Azərbaycanın
bütün heykəltəraşlarına və rəssamlarına
verilən qiymətdir”.
Ömrünün 40 ildən çoxunu incəsənətin
heykəltəraşlıq, rəssamlıq və
xalçaçılıq sahələrinə həsr edən,
bir çox monumental və iri heykəltəraşlıq abidələri
ilə sənətdə öz sözünü deyən Şərif
Şərifov 15 ilə yaxındır ki, Gəncə şəhərinin
baş rəssamı vəzifəsində
çalışır. Hazırda “Gəncəyə giriş”
və dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin
motivləri əsasında “Xəmsə” arxitektura kompleksinin
yaradılması üzərində işləyir. Artıq
inşasına başlanılan bu möhtəşəm
kompleks Gəncə memarlığında yeni səhifə
olacaq.
Sənətkarın
ilk imtahanı
Şərif Şərifov
1966-cı ildə Stroqanov adına Moskva Ali Bədii-Sənaye
İnstitutuna daxil olub və 1971-ci ildə ali təhsilini
başa vuraraq Gəncə rəssamlıq fondunda əmək fəaliyyətinə
başlayıb. Elə həmin il SSRİ Rəssamlar
İttifaqına üzv seçilib.
Heykəltəraş kimi ilk işi
Gəncədə Nəriman Nərimanovun abidəsi olur. “Mənim
müasirlərim” silsiləsindən hazırladığı
abidə yüksək sənətkarlıq nümunəsi
sayılaraq müəllifə uğur gətirir. Bu abidəyə
görə Şərif Şərifov 1980-ci ildə
dövrün ən nüfuzlu mükafatlarından olan Lenin
komsomolu mükafatına layiq görülür. Gənc heykəltəraşın
ilk uğurlu işləri sırasında “Əlillər”
kompozisiyasının da öz yeri var. Bu barədə belə
deyir: “Dörd ilə başa gələn bu kompozisiya
açıq səma altında mənim sərbəst sənətkar
kimi ilk imtahanım idi”.
İllər keçəcəkdi,
istedadlı heykəltəraş hər yeni sənət əsərini
yaradarkən sənət, sənətkarlar və insanlar
qarşısında yeni imtahan verəcəkdi. Paytaxtdan uzaqda
yaşasa da, istedadlı heykəltəraş Bakıda,
Moskvada, beynəlxalq sərgilərdə fəal iştirak edəcəkdi:
- Moskvada təhsil alandan sonra Gəncəyə
qayıtdım. Yaradıcı insanın mütləq
gərək mədəniyyət mərkəzləri ilə əlaqəsi
olsun. Rəssamlıq, heykəltəraşlıq,
ümumiyyətlə, sənət axtarış tələb
edir. Bilməlisən ki, bu gün dünya
mədəniyyətində nələr baş verir. Bu mənada günün axtarışları ilə
mütəmadi əlaqə saxlamalısan. Həm
dəstədən geri qalmamaq, həm də müasir
yaradıcılıq prosesindən xəbərdar olmaq
üçün. Dünyanın hər
yerində incəsənət belə formalaşır. O
vaxt ki, sənət öz çərçivəsindən
çıxır, öz sərhədlərini aşır,
keyfiyyəti, axtarışları, harmoniyası ilə hər
kəsi heyrətləndirir, o zaman ümumiləşir, bəşəri
olur, dünya miqyaslı sənət əsərinə
çevrilir. Rəssam sənəti
qarşısında daima imtahan verir. Yaradıcılıq
rəssamın laboratoriyasının süzgəcindən
keçir. Harada yaşamağından
asılı olmayaraq rəssam, heykəltəraş bu prosesləri
yaşayır. Bu mənada paytaxtda yaşamağın,
sözsüz ki, öz üstünlükləri var.
Yaradıcı insanlarla - həmkarlarınla, dostlarınla
mütəmadi söhbət etməyə ehtiyac duyursan. Ancaq paytaxtdan uzaqda yaşamağın da üstün
cəhətləri var. Təbiətə daha yaxın olursan.
Onda yaratmaq daha asan olur. Təbiətə
yaxın olduğun kimi, özün-özünə də daha
yaxın olursan. Bu aləmdə yolu,
cığırı da özün tapırsan.
Aran memarlıq məktəbinin
mərkəzi sayılan Gəncədə yaşayıb yaradan
sənətkar bu qədim məktəbin ənənələrini
də davam etdirir.
“Şərq bir xəzinədir”
-
Müsəlman dünyasında heykəltəraşlıq o qədər
geniş yayılmasa da, qədim şumerlərdə, Misirdə,
Yunanıstanda, Romada, Fransada bu sənətin zəngin tarixi
var. Sənət bəşəri bir məfhumdur. Ancaq öz sərhədləri hüdudunda bu məsələni
həll eləmək çətin olur. Bu
məktəblər illərlə yox, yüz illərlə
formalaşır. Misir-Yunan sənəti min
illərlə formalaşıb və tarixin bir dövründə
öz bəhrəsini verib. Sənət belədir,
min rəssam, min müəllif çalışır, bir nəfər
onun bəhrəsini görür, o məktəbin
çiçəklərini dərir. Leonardo da Vinçi,
Rafael Santi, Mikelancelo Buonarotti sənət tarixində yüz
illərin, min illərin bəhrələridir. Ona görə
də sənətə qədəm qoyan adam
ilk növbədə formalaşmış bu məktəbləri
öyrənməlidir. Klassika professional
üçün bir əlifbadır. Onu
öyrənəndən sonra artıq sən püxtələşmiş
mütəxəssis kimi öz cığırını
açırsan, xalqın ənənəsini öz
baxışınla, onun sevdiyi formada ifadə edə bilirsən.
Mən də, təbii
ki, əvvəlcə Gəncə memarlıq məktəbinin
keçdiyi yola nəzər saldım. Bu, zəngin
ənənəsi olan bir məktəbdir. Onun
köklərində qədim alban memarlıq sənəti, skif
mədəniyyətinin izləri var. Bir çox ölkələr
bu mədəniyyətləri özününküləşdirmək
istəyir. Ancaq bu mədəniyyət Azərbaycan
xalqına daha yaxın, daha doğma bir mədəniyyətdir.
Min illərin sənət əsərlərinə
söykənərək böyük əsərlər yaratmaq
mümkündür. Məkan
memarlığında, məkan arxitekturasında biz, yəqin
ki, hələ öz sözümüzü deyəcəyik.
-
Yaradıcılığınızda iri formalı sənət
əsərləri daha geniş yer tutur...
- Kiçik formalı əsərlərim
də var. Kiçik formanın öz ləzzəti, öz duzu
var. Bu formada əhvali-ruhiyyəni anındaca ifa edə bilirsən.
Kiçik forma həm də sevilən
formadır. Mən bu formada
xalqımızın adət və ənənələrindən
bəhs edən “Azərbaycan ənənələri” silsiləsini
hazırlamışdım.
Böyük işlər
isə ümumiləşdirilmiş işlərdir. Yaradıcı insan burda öz istəyini yox,
milyonlarla insanın istəyini, arzusunu ümumiləşdirməlidir.
Böyük şəhərlərdə,
böyük meydanlarda dövlətin hər hansı bir
atributunu əks etdirərkən yüz minlərlə
insanın tamaşa edəcəyi o atributu elə təqdim etməlisən
ki, hamı onu sevsin, qəbul etsin.
Şərif Şərifov
həm də Türkiyənin Qars şəhərində
salınan park kompleksinin müəllifidir. O günlərin
xatirələri bitib-tükənmir...
- 2001-ci ildə Gəncə ilə
Qars şəhərləri qardaşlaşdı. O zaman Qarsda
park salmaq üçün məni dəvət etdilər. Parkın tərtibatını verdim və orada “Leyli
və Məcnun”, “Kənd dülgəri”, “Həmyerlilərimiz”
adlı üç heykəl hazırladım. Ümummilli lider Heydər Əliyev parkın
açılışında iştirak etdi. Bu hadisə ilə bağlı yaxşı xatirələrim
var. O vaxt mən Atatürk mavzoleyi üçün xalça
hazırlamışdım. Xalça Heydər
Əliyevin xoşuna gəlmişdi, sonra bir neçə
nüsxəsini də toxuduq. Həmin
xalçalardan birini Süleyman Dəmirəl Universitetinə
(Türkiyə, İsparta şəhəri - red.)
bağışladıq.
“Gəncəyə
giriş”
Şərif Şərifov layihə
rəhbəri olduğu “Gəncəyə giriş” və “Xəmsə”
arxitektura kompleksləri barədə də danışdı:
- Gəncə qədim şəhərdir.
Hələ orta əsrlərdə Gəncə
sivilizasiya mərkəzi olub və Aran memarlıq sənətinə
uyğun olaraq bu şəhərdə kərpic memarlıq sənəti
üstünlük təşkil edib. Hazırda
Gəncənin Bakı istiqamətində girəcəyində
böyük bir kompleks salınır. Kompleks 4 kv. km-ə yaxın bir sahədə
salınır. Qalanın sağ-sol tərəflərinin
hər biri 47 metr hündürlükdə olacaq, qala
divarlarının uzunluğu isə 50 metrə yaxındır.
Qala divarlarında qədim şəhərin
müdafiəsi ilə bağlı salnamələr əks
olunacaq. Belə demək mümkünsə,
Gəncənin döyüş və müdafiə tarixi tam təfsilatı
ilə qala divarlarında yazılacaq. Gəncənin
monqol-tatarlardan qorunmasından başlayaraq sonralar Cavad xanın
Gəncəni qoruması, Nuru Paşanın Gəncənin
müdafiəsində yaxından iştirakı və
1994-cü ildə qardaş qırğınının
qarşısını almaq üçün Heydər Əliyevin
Gəncəyə gəlişi öz əksini tapacaq. Mən deyərdim ki, o dövrdə Azərbaycanın
bütövlüyü Heydər Əliyevin Gəncəyə
gəlişindən başladı. Bir-birinə
silah qaldırmış insanlar onun şəxsiyyətinə
baxaraq silahı yerə qoydu. Bu, Gəncə
üçün çox böyük bir tarixdir və bu tarix
mütləq sənətdə öz əksini
tapmalıdır.
Artıq bir ildən
artıqdır ki, kompleksin inşasına başlanılıb.
“Gəncəyə giriş”dən sonra Nizami Gəncəvinin
“Xəmsə”sinə həsr olunmuş kompleks salınacaq.
“Xəmsə”dəki beş əsər təbiət
landşaftına uyğun olaraq - qaya, dağ, şəlalə
atributlarından istifadə olunaraq hazırlanacaq. Hər əsər bir rəngdə təqdim olunacaq.
“Sirlər xəzinəsi” qara, “Leyli və Məcnun” ağ,
“Xosrov və Şirin” qızılı, “İsgəndərnamə”
qırmızı, “Yeddi gözəl” firuzə rəngində
olacaq. “Xəmsə”yə uyğun olaraq kompozisiyada beş fəvvarə də yer alacaq.
Şəhərə
Bakı tərəfdən girişdə Nizami mavzoleyini də əhatə
edəcək böyük park zolağı salınacaq. Beləliklə, Nizaminin mavzoleyi artıq Gəncənin
xaricində yox, daxilində olacaq.
Hər
şəhərin öz rəngi olmalıdır
- Bu, aktual mövzudur. Azərbaycanın şəhərlərində aktual
rəng mövqeyi yoxdur. Şəhərlərdə
rəng elementləri birbaşa iştirak etməlidir. Yəni şəhər yalnız daşdan,
yaşıl landşaftdan və boz rəngdən ibarət
olmamalıdır. Müxtəlif rənglərdən
istifadə edilməlidir. Onda şəhər
daha gözəl, daha doğma olar. Bu
gün şəhərin məkanlarını insanlar
üçün doğmalaşdırmaq çox vacibdir.
Park insanların əhvali-ruhiyyəsini əks
etdirən bir guşədir. Bu sənin
doğma şəhərin, doğma parkındır.
Şərqdə ən
çox işlənilən rəng, sözsüz ki, firuzə
rəngidir. Bu rəng göyləri
özündə əks etdirir. İstər
qaranlıqda, istər buludlu, istər açıq havada bu rəng
çox gözəl görünür.
Rəngi
düzgün harmoniyada, düzgün formalarda verəndə, o
rəngi milyonlarla insanlara sevdirmək mümkün olur. Mən Gəncəni firuzə rəngində görmək
istərdim. Eləcə də hər şəhərimizin
öz rəngi olmalıdır.
Bu ilin aprel ayında
Şərif Şərifov uzun illər səmərəli fəaliyyətinə
və müasir incəsənətin inkişafına verdiyi
töhfəsinə görə Rusiya Rəssamlıq
Akademiyasının Rəyasət Heyəti tərəfindən
Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü
seçilib.
Akademiyanın
prezidenti Zurab Sereteli Azərbaycan heykəltəraşına Fəxri
üzv diplomunu, medal və mantiyasını təqdim edib.
- Rusiya Rəssamlıq
Akademiyasına Fəxri üzv seçilməyim
yaradıcılıq taleyimdə mühüm hadisədir.
Bu qərarı qəbul edib dəstəkləyənlərə
bir daha təşəkkür edirəm, bu təkcə mənə
deyil, Azərbaycanın bütün heykəltəraşlarına
və rəssamlarına verilən qiymətdir.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 25 may.- S. 13.