Bir səsin min sehrində
Və
ya ruha yatan musiqinin ahəngində sənət söhbəti
Özünü
istiyə çox tez qapdıran şəhərin səs-küyündən,
yorucu tıxacından qaçaraq görüş yerinə tələsirəm.
Çünki orada məni muğam, musiqi adlı sirli-sehrli
dünyanın sakinləri gözləyir. Odur ki, təlx əhvalın
şirin laylasına doğru can atırdım...
Nəhayət, mənzil
başına çatdım. Məni təbəssümlə
qarşılayan gözəl kaman ifaçımız, Hacı
Məmmədov adına instrumental qrupun
yaradıcılarından biri, Əməkdar artist Fəridə
Məlikli öncə maraqlı təkliflə
çıxış etdi: “Düşünürəm ki, sizin
üçün standart müsahib olmayacağıq.
Çünki danışmaqla elə də aramız yoxdur. Ona
görə də biz ifa edərik, ifamız danışar, siz
də yazarsınız”.
Razılaşmalı oldum.
Alaqaranlıq dəhliz boyu irəlilədikcə köklənməkdə
olan tarın sədası insan ruhunu oxşayırdı.
İncə mizrablara toxunan tarzən şəhərin səs-küyünü
birdəfəlik batırmışdı. İçəri,
tarın ələmdə olduğu otağa daxil olduq.
Yanılmamışdım, bu çalğı görkəmli
tarzən Hacı Məmmədovun ifa, sənətkarlıq məktəbinin
ən tanınan təmsilçilərindən olan Ramiz Həsənovun
çalğısı idi. Sənətkar sinəsinə
sıxdığı sevimli aləti ilə öz aləmində
idi. Onunla üz-üzə Şirvan muğam məktəbinin fərqli
səslərindən olan Zeynal Əhmədov əyləşmişdi.
Hə, bu üçlüklə Fəridə xanımın təklifinə
əməl edəcəyimi kəsdirdim. Konsert-məşq-müsahibə
beləcə başladı.
Ə.Məmmədov və
İ.Dadaşovun yaradıcılıq məhsulu olan sevimli bir
mahnı, dinlədikcə ruhumuzu təzələyən «Mənim
Azərbaycanım»ın ritmik ahənginə qoşulub arada bir
muğam parçası ilə feyzyab olmaq nəyə desən
dəyərdi.
Ustadların
çalğısına eyni ahənglə cavab verən Zeynal Əhmədovun
alqışlanası ifasının ardınca
yavaş-yavaş musiqiçi müsahiblərimi söhbətə
çəkirəm. Kaman ifaçısı Fəridə Məlikli
yaratdıqları instrumental qrup haqqında söz
açır: “Biz xalq mahnılarımızı, muğam
nümunələri və xalq rəqslərimizi yeni ahəngdə,
yeni yanaşmada təqdim etmək istəyirik. Təbii ki,
kökünə, nüvəsinə xələl gətirmədən.
Bizim əsas məqsədimiz dünənlə bu günün
keçmişlə əlaqəsini möhkəmləndirmək,
zəngin, qədim ənənələr üzərindəki
musiqimizin kökünü, orijinallığını qoruyub
saxlamaqla yaşatmaqdır. Bizim heyətin ifaları arasında
xarici musiqi əsərləri, estrada, klassik caz nümunələri
də öz əksini tapır. Göstərmək istəyirik
ki, milli musiqi alətlərimiz olan tar, kaman dünyanın
bütün xalqlarının musiqilərinə akifdir,
onların ən dərin qatlarına getməyə qadirdir».
Hacı Məmmədovun
adını daşıyan bu qrup gözəl tarzənimizin ifa
ənənələrini qorumaqla Azərbaycan musiqisinə, onun
zəngin tarixinə, instrumental ifa mədəniyyətimizin
inkişafına xidmət edir.
Ramiz Həsənov: «Qrupa bu adı
verməkdə ilk məqsədimiz müəllimimizin
adını yaşatmaq, onu ifaçılıq ənənələrini
davam etdirməklə gənc nəslə, zövqlü
tamaşaçı-dinləyici auditoriyasına təqdim etməkdir.
Digər bir məqsəd ustadımızın
çalğı sistemini yaymaqla tarzənləri klassik, nisbətən
ağır, çətin, mürəkkəb
çalğı üslubuna qaytarmaqdır. Bu üslubun bir
çox özəllikləri var. Mən bunların içərisində
tarın imkanlarını üzə çıxarmaq və
müğənnini, ifaçını arxasınca apara bilmək
məharətini xüsusi qeyd etmək istəyirəm».
Fəridə Məlikli:
“İfalarımıza diqqət yetirən
tamaşaçılar görür ki, biz çox vaxt solistsiz
çıxış edirik. Beləcə, özümüz həm
solist, həm də elə oxuyanıq. Düzdür, muğam
ifaçılarımız, xanəndələrimiz müraciət
etdikdə onları böyük məmnuniyyətlə
müşayiət edirik. Amma bu muğam qrupunu yaradarkən,
qeyd etdiyim kimi, ilk məqsədimiz, belə deyək də,
çox vaxt arxa planda, xanəndənin səsinin arxasında
qalan instrumentalisit önə çıxarmaqdır. Bununla da
ifaçını yönləndirən müşayiəti,
musiqini, onun gözəlliklərini, tarın, kamanın musiqidə
gedə biləcəyi ənginlikləri bir daha göstərmək
istəyirik».
Fəridə xanım söhbət
əsnasında sənət uğurlarından, qrupun yeni
işlərindən də danışdı: «İnşallah,
çox yaxın zamanlarda tamaşaçıları fərqli
ifalarla, yeni dinləmələrlə sevindirəcək, hətta
təəccübləndirəcəyik. İstəyirəm bu
bir sürpriz olsun. Amma sizi əmin edirəm ki, böyük səs
gətirən layihəyə imza atmağa
hazırlaşırıq”.
Muğam, səs, musiqi sənətimizin
ən görkəmli nümayəndələrini istər
ayrı-ayrılıqda, istərsə də ansambl tərkibində
müşayiət edən instrumental
ifaçılarımızdan musiqimizə ölkə
hüdudlarından kənarda münasibəti də öyrəndim.
Hər qastrolun bir sənət uğuru olduğunu deyən Fəridə
xanım milli musiqimizin, muğamlarımızın
dünyanın hər yerində eyni məhəbbət, eyni hərarətlə
qarşılandığını dedi.
Müsahibə boyu tarı əlindən
yerə qoymayan, sənət dostlarının söhbətlərinə
tarda ifası ilə ayaq verən Ramiz müəllimi öz aləmindən
ayırıb söhbətə gətirmək bir az çətin
idi. Ona görə də söz yenə Fəridə
xanımdadır: «Uzun illərdir ki, musiqi sənətindəyəm,
bir neçə gözəl tarzənimizlə birgə xanəndələrimizi
müşayiət etmişik. Amma bir dinləyici olaraq deyə
bilərəm ki, Ramiz müəllimin çalğısı
onlardan seçilir, onun ifasına biganə qalmaq mümkün
deyil. O, tarı əlinə alarkən istər-istəməz
insanın diqqətini özünə cəlb edir. Tarla rəftarından
ifasınadək keçdiyi məktəb, yetişdiricisi,
ustadının dəst-xətti o dəqiqə seçilir.
Ramiz müəllim 15 yaşından fərdi olaraq Hacı
müəllimin yanında məşğul olub. Musiqiçilər
bilir ki, Hacı müəllimin elə də çox tələbəsi
olmayıb. Amma Ramiz yeniyetmə çağlarından onun
yanında ifaçılıq, sənətkarlıq, tara
böyük eşq, məhəbbət ruhunda yetişib. Bu
gün də o məktəbə, o ifa yoluna sadiqliklə sənətini
davam etdirir. Onu da deyim ki, hər ifaçı da Ramiz müəllimlə
ayaqlaşmaq iqtidarında deyil. 31 il musiqi sənətində
olan bir kamança ifaçısı olaraq mən özüm
onunla birgə çalışmağa başlayandan sonra məcbur
oldum, quruluşu dəyişdim ki, o sistemi tuta bilim».
Ramiz Həsənov: «Bu
çalğıda mizrablar mürəkkəb və çətindir.
Onu bilən və ifa edən sənətkarlarımız var.
Sadəcə, o ifaya cavab verən xanəndə də daim səsi,
boğazı ilə formada olmalıdır. Yaxşı
musiqiçi olmağın bir sirri də ifa etdiyi aləti sevməkdən,
yaxşı mənada onun xəstəsi olmaqdan başlayır.
Bir də sənətə məşhurluq, şöhrət
qapısı kimi baxmaq olmaz. Əks halda sənət dəryası
səni özündən kənara atar. Şagirdlərimizə
də daim bunu təlqin edirik».
Söhbəti Fəridə Məlikli
davam etdirir: “Artıq yeknəsəq çalğı
üslubu insanları yorub, qulaqları usandırıb. Kökdən
uzaq düşmüş çalğı ilə musiqidə nə
isə etmək olmaz. Bu, musiqimizə xələl gətirir.
Sanki indi musiqiçilər idman yarışındadırlar.
Ora get, ifanı tamamla, aləti köklə, pərdədən-pərdəyə
dəyiş, bu tədbirə, konsertə, müşayiətə
tələs. Düzdür, bunlar da vacibdir. Amma gərək
ifanda o yorğunluq, tələskənlik, necə deyərlər,
yolaverdilik olmasın. Əsl ifaçı sırf kökü
saxlamaqla ifanın gözəlliyini və özəlliyini
göstərə bilməlidir. Əsl peşəkarlıq,
ustalıq elə bundadır. Bir şeyi də əminliklə
deyə bilərəm ki, sadənin özü gözəldir.
Sadəyə bəzək vuranda o, artıq yamaq olur. Bununla kimsə
mənim yeniliyin əleyhinə olduğumu düşünə
bilər, əsla belə deyil, mən, ümumiyyətlə,
inkişafdan, qlobal meyarlardan yanayam. Kökə xələl gətirməyən
hər yeniliyi qəbul edirəm».
Zeynal Əhmədov:
«Tamaşaçının 10 dəqiqə tamaşa edib
alqışladığı bir ifa üzərində biz bəzən
aylarla, illərlə məşq edirik. Hər boğazda, hər
mizrabda bir sirr, bir özəllik yatır. Onu mütləq
tamaşaçıya təlqin etmək lazımdır».
Yetişən nəsillərin milli
musiqi alətlərinə marağının
artdığını deyən müsahiblərim, bununla
yanaşı, gənclərin populyar, yüngül ifa tərzinə
meyil göstərmələrindən gileyləndilər. Azərbaycan
Milli Konservatoriyasında dərs deyən ifaçılar tələbələri
arasında ümidverici gənclərin üstünlük təşkil
etdiyini bildirdilər.
Son olaraq müsahiblərimdən arzularını,
sənətdə çatmaq istədikləri nöqtəni və
bu ahəngə uyğun seçdikləri muğamı
soruşdum. Müsahiblərim söhbətə hər kəsin
ruhunu dilləndirən “Segah”la ayaq verib «Naz olar» mahnısı
ilə xoş ovqatlı nöqtə qoydular.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 25 may.- S. 12.