Gözəl
insan, mahir tarzən, istedadlı bəstəkar
Bəli,
Xalq artisti, professor Zamiq Əliyev əsl insan və sənətkara
vacib olan bu xüsusiyyətləri özündə birləşdirir.
Onun haqqında danışan məşhur sənət
adamları - Xalq artistləri Habil Əliyev, Əlibaba Məmmədov,
Arif Babayev, Mələkxanım Əyyubova, akademik Vasim Məmmədəliyev,
bəstəkar Azər Rzayev, Əməkdar artist Simarə
İmanova və başqaları da elə ilk olaraq Zamiq müəllimin
bu keyfiyyətlərini vurğulayırlar. Mayın 25-i görkəmli
musiqiçinin doğum günüdür. Bu münasibətlə
maraqlı həmsöhbət olan Zamiq müəllimlə
hazırladığımız müsahibəni
oxucularımıza təqdim edirik.
- Zamiq müəllim, səhnəyə
aparan yolunuz necə olub və tar sizin üçün nədir?
- Mən sadə azərbaycanlı
ailəsində dünyaya gəlmişəm. Valideynlərim həssas
insanlar idilər, musiqiyə həvəsimi görüb bu yolda
mənə maneçilik törətmədilər.
Uşaqlıq illərimin “musiqi alətləri” anamın
oxlovu, kəfgiri olub. Sonralar tar qəlbimin yaxın
sirdaşı oldu, sinəmin üstündə dilə gəlib
danışdı. Tar mənim üçün əziz,
doğma musiqi alətidir, onu heç nəyə dəyişmərəm.
O mənə təkcə sənət üçün yox,
eyni zamanda həmdəm kimi yaxındır. Tənha qalanda,
kövrələndə, yaxşı əhvali-ruhiyyədə
olanda tarımla danışıram. Bu aləti sinəmə
sıxanda onu dindirməmiş anlayıram, o, əlimin hənirtisinə,
ürəyimin döyüntüsünə, ağlımın
gücünə tabedirsə, mən onun simlərinin ahənginə,
məlahətli səsinə vurğunam.
Tara uşaqlıq illərindən
bağlanmışam. 132 saylı məktəbdə təhsil
alır, həm də Y.Qaqarin adına Pionerlər Sarayına
gedirdim. Az vaxtda qabiliyyətimlə yaşıdlarımdan
seçildim. Həm rəqs dərnəyində, həm səhnələşdirilmiş
kiçik əsərlərin ifaçılığında,
həm də tar çalmaq məşqlərində fəal
idim. Öyrəndiklərimi cilalayıb püxtələşdirməyə
çalışırdım. İlk səhnə həyatım
da elə burdan başladı. 1968-ci ildə məşhur
“Artek” pioner düşərgəsində “Cücələrim”
ansamblı ilə nüfuzlu musiqi yarışlarında
iştirak edib qızıl medala layiq görüldük. Əlbəttə,
bu uğur məni ruhlandırmaya bilməzdi.
Sonra İncəsənət
İnstitutuna daxil oldum. Tələbə ikən xoş təsadüf
məni Dövlət Filarmoniyasına gətirdi. Hələ
ikinci kursda ikən burada işə düzəldim. Ali təhsili
başa vuranda artıq Filarmoniyada tanınırdım. Elə
ona görə də təyinatım ora verildi. Sonra bir il Uzaq
Şərqdə hərbi xidmətdə oldum. Hərbi hissənin
mədəniyyət evinin səhnəsi də mənim
üçün sınaq meydanı oldu. Geri qayıtdıqda, əlbəttə
ki, doğma Filarmoniyaya döndüm. İlk fəaliyyət
göstərdiyim heyət Ağası Məşədibəyovun
ansamblı oldu. Böyük səhnəyə 1970-ci ildə gəldim.
Filarmoniya nəhəng musiqi ocağı idi, burada canlı
ifalar olurdu, hərədən bir şey öyrənirdik. Azərbaycanın
korifey sənətkarları Rübabə Muradova, Şövkət
Ələkbərova, Sara Qədimova, Tükəzban
İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov və
başqalarını konsertlərdə, el şənliklərində
böyük həvəslə müşayiət etmişəm.
- “Dan ulduzu” instrumental ansamblında
çalışdığınız dövrü yada salaq.
- Filarmoniyadakı fəaliyyətim
nəticəsində xeyli populyarlaşmışdım. Bir
gün Əməkdar incəsənət xadimi Gülarə
xanım Əliyeva məni yanına çağırıb təklif
etdi ki, onun ansamblının üzvü olum. Buna dərhal
razılıq verdim. Onda “Dan ulduzu” tez-tez televiziyada
çıxış edir, xarici ölkələrdə
qastrollarda olurdu. Bu ansamblla dünyanın bir çox ölkələrinə
səfərlər etmişəm. Bu kollektivdə
çalışarkən daha da püxtələşdim.
İlk olaraq tarla solo ifamı bu kollektivin müşayiətilə
lentə yazdırdım.
Onda tanınmış sənətçimiz
Zeynəb Xanlarova “Dan ulduzu”nun müşayiətilə konsertlər
verir, televiziya proqramlarında çıxış edirdi. O,
ayrı-ayrı ansamblların müşayiətilə səhnəyə
çıxırdı. Bir dəfə söhbət əsnasında
sevimli müğənniyə təklif etdim ki, ayrıca ansambl
yaratsın və səhnəyə daimi sənətçilərin
müşayiətilə çıxsın. Əvvəlcə
tərəddüd etsə də, sonra mənimlə
razılaşdı. Və özümü də ansambla dəvət
etdi. Bu kollektivə az bir zamanda Aftandil İsrafilov, Vəli Qədimov,
Sadıq Zərbəliyev kimi istedadlı musiqiçilər cəlb
olundu. Ansambl az vaxtda çox böyük nailiyyətlər əldə
etdi. Biz dünyanın 50-dən çox ölkəsində ən
böyük səhnələrdə Azərbaycan
mahnılarını, mədəniyyətini
tanıtmışıq.
- Bəs niyə həmin kollektivdən
ayrıldınız?
- Bəzən insan nə qədər
nailiyyət əldə etsə də, özündə daha
böyük potensial, güc hiss edir. Elə ona görə də
ansambldan getdim. Yaxın dostlarım Ağaxan Abdullayev, mərhum
Ədalət Vəzirovla birgə Zülfü Adıgözəlov
adına muğam üçlüyü yaratdıq. Bir
çox ölkələrdə qastrollarda olub muğamımızı
təbliğ etdik. Qərara gəldik ki, peşəkar
musiqiçilər kimi gənc ifaçıları üzə
çıxaraq. Bu xoş niyyətə nail olduq. 1997-ci ildə
A.Zeynallı adına Musiqi Texnikumunun tələbəsi olan
Simarə İmanovanın iştirakıyla Səmərqənddə
keçirilən “Şərq təranələri” adlı beynəlxalq
muğam festivalında iştirak edib 45 ölkə arasında
“Qran-Pri” mükafatına layiq görüldük. Vətənə
dönəndə üçümüz də Əməkdar
artist adına layiq görüldük. Ulu öndər Heydər
Əliyev özü bizi qəbul etdi, söhbət əsnasında
dedi: “Mən inanırdım ki, Azərbaycan musiqisi belə
mükafata layiqdir”.
- Bir vaxtlar televiziyada veriliş də
aparırdınız...
- Bəli, altı il “Lider”
telekanalında “Qızıl səslər” verilişinin müəllifi
və aparıcısı olmuşam. Burada musiqi
dünyamızın korifey sənətkarlarını bir daha
efirə gətirib onları örnək kimi təbliğ
etmiş, problemlərimizdən danışmışam.
Düşünürəm, hər birimizin borcudur ki,
özümüzü özümüzə dərk etdirək.
- Zamiq müəllim, indi həm də
gözəl bəstələrin müəllifi kimi
tanınırsınız.
- Artıq 50-dən çox
mahnının müəllifiyəm, onlar tez-tez efirdə səslənir,
insanlar dodaqlarında zümzümə edirlər. Mən
yaradıcılığımda çoxşaxəliliyə
üstünlük verirəm. İstəyirəm ki,
potensialımdan tam istifadə edim. Buna nə qədər nail
olmuşamsa, xalqımız qiymət verə bilər. Bir
sıra şairlərin sözlərinə musiqi bəstələmişəm.
Son vaxtlar Əməkdar incəsənət xadimi Kəmalə
Ağayevanın (onun sözlərinə yazdığım
“Elin Mehriban qızı” musiqili kompozisiyası muğam
müsabiqəsinin qaliblərinin ifasında səslənib),
Tağı Sadiqin şeirləri (“İlham alıram”, “Yada
salarsanmı məni”, “Olaydı”, “Dilin dediyini ürəyin
demir, “Bəlkə mənə yar olacaq” və s.) məni daha
çox cəlb edir. 2009-cu ildə mahnılardan ibarət
“Vurulmuşam” adlı diskim işıq üzü
görüb. Daha biri də, yəqin ki, payızda hazır
olacaq. İlk diskin ifaçısı Mələkxanım Əyyubova
idi, ikincidə isə müxtəlif ifalar olacaq.
Mahnılarımıza çəkilən xeyli kliplər də
var.
- Mədəniyyət və İncəsənət
Universitetində professorsunuz, instrumental ifaçılıq
kafedrasına rəhbərlik edirsiniz, Əbilov adına Mədəniyyət
Mərkəzində ansamblla məşğul olursunuz.
Bütün bunlara necə vaxt tapırsınız?
- İstəyirəm bildiklərimi,
məndə olanları, korifeylərdən
görüb-götürdüklərimi gənclərə
öyrədim. Universitetdəki tələbələrimə də
Əbilov adına Mədəniyyət Mərkəzinə gəlməyi
tövsiyə edirəm ki, ansamblla işləməyi öyrənsinlər.
Proqramlar tərtib edib dərs vəsaiti hazırlayıram.
Ötən il tar alətinin tədrisi üçün “Xalq
çalğı alətlərinin öyrənilməsi”
kitabını, yazdığım mahnılardan ibarət
“İlham alıram” məcmuəsini də tələbələrimizin
ixtiyarına vermişik. Müəllif kimi daha bir kitabımla
öyünə bilərəm. Bu, “Səhnəarxası
görüşlər” toplusudur. Ulu öndərin 85 illik
yubileyi münasibətilə Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə buraxılmış kitabda
ümummilli lider Heydər Əliyevin tədbirlərdən
sonra incəsənət adamları ilə olan söhbətlərinin,
görüşlərinin təfsilatı öz əksini
tapıb.
- Övladlarınızdan sizin
yolunuzla gedəni varmı?
- Xeyr, Əkbər də, Murad da
İqtisadiyyat Universitetini bitiriblər. Musiqi duyumları olsa
da, mən heç vaxt onları sənətə gəlməyə
təhrik etməmişəm. Seçim özlərinindir.
- Oxucularımıza
sözünüz...
- İstedadlı gənclərə
demək istəyirəm ki, çətinliklərdən
qorxmasınlar, sənətə gəlsinlər. Əgər
ürəklə bir işə girişsən, ona vicdanla
yanaşsan pillə-pillə yüksəlib vətən
üçün layiqli övlad ola biləcəksən. Bu
gün müstəqil Azərbaycanımızda tariximizə, mədəniyyətimizə,
musiqimizə böyük diqqət yetirilir, onların
inkişafına lazımi dəstək verilir. Muğam sənətinə
göstərilən ehtiram heç vaxt belə yüksək
olmayıb. Bu gün layiqli sənətkarlarımız öz
qiymətlərini alıblar. Bu sahədə ölkəmizin
birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın xidmətləri
böyükdür. İnanıram ki, bu, gələcəkdə
də belə davam etdiriləcək. Bir də istəyirəm
ki, oxucular, dinləyicilər həmişə bayağı “əsərlər”dən,
yazılardan qaçsınlar. Ancaq yaxşıları qəbul
edib, onlara yüksək qiymət versinlər.
- Sizi ad gününüz
münasibətilə təbrik edir, cansağlığı,
yaradıcılıq uğurları arzulayırıq.
- Sağ olun, bu gün münasibətilə
oxucularla məni görüşdürdüyünüz
üçün təşəkkür edirəm. Gün o
gün olsun ki, torpaqlarımızı işğaldan azad edib
sözümüzü orada deyə bilək. Adil
Mürşüdoğlunun sözlərinə
yazdığım “Ümid nəğməsi” o yerlərə
möhtəşəm dönüşümüzü tərənnüm
edən mahnı ilə əvəz olunsun.
İradə
Əsədova
Mədəniyyət.-
2012.- 25 may.- S. 11.