“Top həm düşər, həm qalxar”
Sənədli filmin festival
həyatı
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə 2011-ci ildə “Salnamə” studiyasında istehsal edilmiş “Top həm düşər, həm qalxar” sənədli filmi qısa müddətdə artıq
bir neçə uğur əldə edib. Sənədli filmin ssenari müəllifləri
Arzu Urşan və Aleksandr Balaşov, operatorları
Yuri Yermolin və Nadir
Mehdiyev, rəssamı
Fikrət Ələkbərov,
montajçısı Sergey Kolmıkov, fotoqrafı Elşən Əliyevdir.
Üç festivaldan mükafatla
qayıdan filmin rejissoru Arzu Urşan bizimlə söhbətində ekran əsərinin yaranması,
qazandığı nailiyyətlər
və gələcək
planlar barədə danışdı. O, ilk olaraq
filmin ərsəyə
gəlməsində yaradılan
şəraitə görə
“Salnamə” studiyasına
təşəkkür etdi:
“Mənə burada həm yaradıcı, həm də texniki baxımdan hər cür şərait yaradıldı.
Filmin uğurlu alınmasında
bu, çox önəmli məqamdır”.
Rejissorun sözlərinə görə, ekran əsəri iştirak etdiyi bütün festivallarda böyük maraq doğurub.
Uğurdan uğura yol
Film ilk nailiyyətini
2011-ci il sentyabrın 27-30-da Rusiyanın
Lipetsk şəhərində keçirilən Atlant VIII
Beynəlxalq İdman Filmləri Festivalında qazanıb. Ekran əsəri “Olimpiya ideallarına sədaqət”
nominasiyasında qalib elan edilib: “İlk
festivala, demək olar ki, montaj
prosesini tamamladıqdan
dərhal sonra getdim və qələbə haqqında
heç düşünmürdüm.
Önəmli olan filmin festivalda nümayişi idi. Bu festivalda
maraqlı məqam o idi ki, rusiyalı
müəlliflərin filmləri
dünyanın məşhur
idmançıları haqqında
idi. Bizim film isə Azərbaycan
futbolundan bəhs edirdi. Ona görə də mükafat alacağımıza
ümidimiz az
idi. Odur ki, münsiflər
əlimi sıxıb
“yaxşı filmdir” deyəndə çox sevindim. Bu, zəhmətimizə
verilən qiymət idi”.
Bu uğurdan sonra film 2011-ci il
oktyabrın 28-dən noyabrın
2-dək İtaliyanın Milan şəhərində keçirilən
XXIX Beynəlxalq İdman
Kino və Televiziya
Kino Festivalında əsas
müsabiqədə iştirak
etdi. Rejissor Milana Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın köməyi
sayəsində getdiyini
deyir: “Festival çox
təntənəli idi.
İtaliya, Rusiya və
digər ölkələrin
filmlərinin xüsusi
tamaşaçıları var idi. Bizim filmə isə daha çox futbolçular gəlmişdilər.
Sevindirici hal o oldu ki, məşhur futbolçumuz, SSRİ-nin
Əməkdar idman ustası Ələkbər
Məmmədovu tamaşaçılar
tanıdılar. Onu da öyrəndik ki, Milan komandasının qapısına
4 qol vuran həmyerlimizin həmin oyundan olan videokadrları
yerli muzeylərin birində saxlanılır”.
Milan festivalında
filmlər yeddi nominasiya üzrə yarışırdı. Bizim film “Kino və televiziya - Böyük çempionlar”
nominasiyasında “Ən
yaxşı film” mükafatına
layiq görüldü.
Milan festivalı
zamanı film Braziliya və Almaniya festivallarına da dəvət aldı.
Ekran əsərinin daha
bir uğur xəbəri isə mayın 11-dən 13-dək İstanbulda
keçirilən II Beynəlxalq
İdman Filmləri Festivalından gəldi.
Məlum
olduğu kimi, İstanbul 2020-ci ildə Yay Olimpiya Oyunlarını
keçirmək üçün
namizədliyini irəli
sürüb. Festival da buna həsr
olunmuşdu.
Arzu Urşan bildirdi
ki, festivala 70-dək
film müraciət etmişdi.
Müsabiqədə Azərbaycanla
yanaşı, İtaliya,
Avstraliya, ABŞ, Almaniya,
Rusiya və s. ölkələrin filmləri
iştirak edirdi. “Top həm düşər, həm qalxar” festivalda “İdman klubu haqqında ən yaxşı film” nominasiyasının qalibi oldu.
A.Urşanın
sözlərinə görə,
münsiflər heyətinin
üzvləri filmə
böyük maraq göstəriblər: “Deyirdilər
ki, film, sadəcə,
idman haqqında deyil, sevgidən, həyatdan bəhs edən idman filmidir. Hər kadrda hiss, emosiya var. Film bu keyfiyyətləri ilə yaddaşlarda qalır”.
Qarşıda yeni festivallar var
Rejissor söhbət əsnasında
bir məqamı da qeyd etdi.
Bildirdi ki, layihəyə başlayanda
bir çoxları qadının futbol haqqında film çəkməsinə
ciddi yanaşmayıblar:
“Qadının futbol haqqında yaxşı sənədli film çəkməsi
onlara real görünmürdü.
Etiraf edim ki, öncədən
futbol haqqında bir o qədər də məlumatım yox idi. Lakin araşdırmalar zamanı
idmançı həyatı,
çətinliklər, talelər
diqqətimi çəkdi.
Azərbaycan futbolu haqqında
deyiləsi söz çoxdur. Bu tarixin əziyyətli və eyni zamanda
parlaq səhifələri
olub. Budur, futboldan uzaq
olan bir qadın film çəkir
və nəticədə
festivallardan qalib kimi qayıdır. Bu cür filmlərdə
önəmli olan emosiyadır, hisslərə
təsir etməkdir”.
Qarşıda isə filmi
yeni müsabiqələr
gözləyir. Rejissor
bu yaxınlarda daha iki festivala
gedəcəyini dedi. Film iyun ayında
Rusiyanın Yakutsk şəhərində
və Vyetnamın paytaxtı Hanoyda keçiriləcək festivallara
dəvət alıb.
100 illik
tarixi olan futbolumuz haqqında çəkilən film beynəlxalq
aləmdə maraqla qarşılanır. Filmin əsas
ideyasından çıxış
edərək biz də
demək istəyirik:
“Futbolumuzun böyük
uğurları hələ
qarşıdadır”.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 25 may.- S. 11.