110-cu
baharını yaşayan sənət
ocağı
Bu
yazıda 110 yaşlı Ağdam teatrından söhbət
açacağıq. Təməli 1902-ci ildə görkəmli
Azərbaycan mütəfəkkiri Əbdürrəhim bəy
Haqverdiyev tərəfindən qoyulan teatr Qarabağ müharibəsinin
ağrılarını içindən keçirən sənət
ocaqlarımızdandır. 1993-cü ilin işğalından
sonra Bərdədə, müxtəlif cəbhəyanı kəndlərdə
məskunlaşan kollektiv sənətdən uzaq düşməyib,
böyük amallara xidmət ruhunu yaşadıb. Teatrın bu
günü, repertuar siyasəti, sənət uğurlarına nəzər
salaraq Ağdama - Quzanlı qəsəbəsinə qiyabi səyahət
edəcəyik. Bu səfərdə yol yoldaşımız isə
Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin
Hacıbəylidir.
- Cəbhə bölgəsində,
müharibənin atəş nöqtəsində yerləşən
teatrın sənət mənzərəsi necədir?
- Savaş xəttində yaşamaq
bizim alın yazımız, tale qismətimizdir. 1993-cü ilin
iyul ayında Ağdamın işğalı rayonun mədəni
həyatına, teatrımıza da böyük zərbə
vurdu. Aktyor və texniki heyətin böyük əksəriyyəti
respublikamızın müxtəlif bölgələrinə səpələndi.
Ağdam teatrının səhnəsində ilk
addımlarını atan, püxtələşən, bu səhnəni
öz doğma ocağı bilənlər zamanın
hökmü ilə didərgin düşdülər. Mənəvi
dünyamızda hələ də yarası sağalmayan izlər
qalmaqdadır. Ağdam teatrı öz sevimli
tamaşaçılarından uzaq düşdü. İlk illər
şəraitsizlik içində, yataqxanada, məktəblərin
sinif otaqlarında teatrı yaşatmaq olduqca çətin idi.
Amma sənətə və səhnəyə bağlı olan
insanlar bu çətin şəraitdə ocağın odunu
sönməyə qoymadılar. Artıq o çətinliklər
arxada qalıb. Ölkə Prezidentimizin məlum sərəncamı,
Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi sayəsində
indi Ağdam teatrının gözəl binası var. Yüksək
səviyyədə təmir olunmuş Quzanlı qəsəbə
Mədəniyyət evi teatrımızın və
tamaşaçılarımızın sərəncamındadır.
Teatrın fəaliyyəti üçün yaradılan şəraitə
görə kollektivimiz adından, rayonun mədəniyyət
işçiləri adından ölkə Prezidenti cənab
İlham Əliyevə teatrın fəaliyyəti
üçün yaradılan şəraitə görə
sonsuz təşəkkürlərimizi bildirirəm.
Yeni şərait yeni
yaradıcılıq imkanları da açıb.
Açığını deyim ki, 2011-ci ilin noyabrına qədər
Ağdam teatrı potensial imkanlarından maksimum istifadə edə
bilmirdi. Amma son altı ayda vəziyyət tamamilə dəyişib.
Ağdam teatrı ikinci ömrünü yaşamaqdadır.
Teatrdan uzaqlaşmış aktyorlar yenidən sənət
ocağına cəlb edilib, yeni səhnə əsərləri
hazırlanaraq tamaşaçıların ixtiyarına verilib.
Sevindirici haldır ki, bu altı ay ərzində teatr öz
tamaşaçılarını yenidən tapıb.
Tamaşaçılar da qəribsəmişdirlər. İndi
onların simasındakı məmnunluq çox söz deyir.
- Bu gün ciddi dramaturji nümunələr
sarıdan gileylənən teatr direktorları sırasında
siz də varsınız?
- Ümumiyyətlə, bəzi səhnə əsərləri istisna olmaqla, Azərbaycan dramaturgiyasında sanki bir boşluq yaranıb. Bəzən dövlət teatrlarına verilən müstəqil seçim hüququndan yetərincə bəhrələnmirik. Və yaxud da bu haldan sui-istifadə olunur. Əslində səhnənin müqəddəsliyi daim qorunmalı, repertuar seçiminə diqqətlə yanaşılmalıdır. Bəzən bayağı, heç bir məna kəsb etməyən “əsərlər” səhnəyə yol tapır. Təbii ki, onların ömrü uzun ölmür. Amma bu gün tamaşaçı zövqünü oxşayan, insanların arzu-istəklərini təcəssüm etdirən səhnə əsərləri də yox deyil. Sadəcə, arayıb-axtarmaq, müəlliflərlə teatr rəhbərliyinin sıx əlaqəsini yaratmaq və insanların arzusunda olduğu mövzulara müraciət etmək lazımdır. Bir misal çəkim. Ağdam teatrı M.F.Axundzadənin 200 illik yubileyi ilə bağlı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini hazırlayıb bu günlərdə tamaşaçılara təqdim etdi. Rejissor Vaqif Şərifovun quruluş verdiyi bu əsər yeni bir yozumda öz səhnə həllini tapdı. Tamaşaçılar böyük həvəslə bu klassik komediyanı izləyirdilər. Deməli, bütün hallarda tamaşaçı həssasdır, diqqətlidir. Bu, mütləq nəzərə alınmalıdır.
- Sizcə, bu gün vətənpərvərlik mövzusunda mükəmməl əsərlər yaranır?
- Vətənpərvərlik mövzusu əbədiyaşar mövzudur. Bu, Vətən sevgisi ilə bağlı, ömrümüzün mənası olan bir məqamdır. Məmməd Araz demişkən: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Hər kəsin içində Vətən sevgisi yaşayır. Biz bəzən içimizdə yaşatdığımız bu duyğunu izhar etməkdə çətinlik çəkirik. Sadəcə, bu müqəddəs duyğuları sənət əsərinə çevirib nümayiş etdirmək lazımdır. Bu sahədə hələ çox iş görülməlidir. Xüsusilə də səhnədə, ekranda, efirdə. Azərbaycanda teatr kollektivlərinin böyük əksəriyyəti buna qadirdirlər.
- Gənc aktyor və rejissorlar əyalət teatrlarında işləməyə elə də maraq göstərmirlər. Yəqin cəbhə bölgəsindəki Ağdam teatrına gənclərin cəlb olunması daha da müşküldür?
- Cəbhə
bölgəsində yaşamağımız, təbii ki, bizim üçün
digər bölgələrə nisbətən bir
sıra çətinliklər yaradır. Amma
hər şeyin fövqündə dayanan yurd sevgisi
və sənətə olan sonsuz istəklər hər şeyə üstün gəlir. Düzdür,
rejissor və aktyor
sarıdan qıtlığımız var.
Amma son altı ay ərzində teatrımıza gəlmək arzusunda olanların sayı artıb. Təbii ki, dəvət olunan və
öz arzusu ilə gələn
rejissor və aktyorların
yaşayışını və məişət
qayğılarını təmin etməliyik. Bu sahədə
rayon icra hakimiyyətinin
bizə diqqəti hər an hiss olunur. Bu da yaradıcı heyətə
və ümumilikdə
kollektivin səmərəli
fəaliyyətinə zəmin
yaradır. Çətinliklərimiz olsa da, hesab
edirik ki, bütün bunlar müvəqqətidir və
Ağdam teatrı tarixi ənənələrini
yaşadacaq, müqəddəs
səhnəyə sadiq
qalacaq.
- Döyüş
xəttinin yaxınlığında,
barıt qoxusu, güllə səsləri
ilə yaşayan rayon
sakinlərinin teatra, sənətə münasibəti
necədir?
- Ağdamlılar
həmişə sənətsevər
olublar. Respublikamızın incəsənət aləminə bəxş etdiyi müqtədir sənətkarların bir qismi məhz bu torpağın yetirmələridir. Heydər
Şəmsizadə, Məmməd
Əmirov, Firəngiz Abbasova, Qaflan Muradov, Arif Babayev,
Əbülfət Əliyev,
Sara Qədimova, Qurban Pirimov, Bakir Haşımov və onlarla böyük sənətkarlar məhz bu torpaqdan pərvazlanıblar.
- Teatrın bu günü və repertuar siyasəti barədə nə deyə bilərsiniz?
- Söhbətimizin
əvvəlində dediyim
kimi, teatrımız
son aylar ikinci həyatını yaşayır.
Aktyorlar sanki tamaşaçı nəfəsi üçün
qəribsəmişdilər. 2012-ci ilin yanvar
ayından keçən
dövr ərzində
iki tamaşa hazırlamışıq, üçüncünü
təhvil vermək ərəfəsindəyik. Bu, dramaturq Əli
Əmirlinin “Onun iki qabırğası” komediyasıdır. Növbəti əsər kimi dahi Füzulinin “Saqinamə” əsərini səhnələşdirmək fikrindəyik.
Ümumiyyətlə, teatrımızda yüksək əhvali-ruhiyyə
yaranıb.
- Bir zamanlar teatrın cəmiyyətin eyiblərinə
güzgü tutduğunu
deyirdilər. Sizcə, bu
fikir indi də aktualdır?
- Ümumiyyətlə,
teatr məfhumu çox maraqlı və qeyri-adiliyi ilə seçilən bir sənətdir. Bu fikir bir az qəribə səslənə bilər,
amma bu bir
danılmaz faktdır ki, səhnədə hər hansı obrazı, kiminsə əksini yaratmaq istedadını Tanrı bəlkə də ən çox sevdiyi aktyorlara bəxş edb. Nəinki cəmiyyətimiz, bütövlükdə
bütün dünyamız
rəngarəngdir, təzadlıdır
və əks olunandır. Güzgüsü çoxdur bu dünyanın. Amma hər
kəs güzgüyə
baxmaq iqtidarında deyil. Bunun üçün xüsusi cəsarət, səmimiyyət və özünüdərketmə qabiliyyəti
lazımdır. Bəli, səhnəni
cəmiyyətin güzgüsünə
bənzədənlər yanılmayıblar.
Bu, bütün dövrlərdə aktual sayıla bilər.
- Onda tamaşaçının özünü
səhnədə görmək
istəyi niyə çox vaxt müsbət qəhrəmanda
təcəssüm edir?
Və ya müsbət qəhrəman olmaq asandır, yoxsa müsbət qəhrəmanı
oynamaq?
- İnsan
psixologiyası biz düşündüyümüzdən
qat-qat mürəkkəbdir.
Hər bir kəs beşikdən
qəbirədək öyrənməyə,
daha çox məlumat almağa meyillidir. İnsan iç dünyasında tamamilə sərbəst olur və öz
fantaziyaları ilə
baş-başa qalır.
Əslində bu belə də olmalıdır.
Hər bir kəsin iç dünyasında yaratdığı
müsbət obrazlar
var. Oxuduğu əsərlərdə,
baxdığı filmlərdə
və yaxud teatr tamaşalarında özünü müsbət
qəhrəman obrazında
görmək hər bir kəsin içindən gəlir. Bu, normal haldır. Amma səhnəyə çıxıb,
içində formalaşdırdığın
bir obrazı minlərlə insana səhnədə təqdim
etmək bacarığı
yalnız xüsusi istedadın və təfəkkürün məhsuludur.
Bunu yalnız və yalnız, sözün əsl mənasında, aktyorlar bacara bilər. Bunun özü də
elə qəhrəman
olmaq qədər çətin, şərəfli
və qeyri-adi bir əməldir.
- Fəxrəddin
müəllim, teatrların
uğurlu, səs gətirən tamaşalarından
hansılarının adını
çəkə bilərsiniz?
- Müstəqillik
əldə etdiyimiz vaxtdan keçən dövr ərzində Azərbaycan teatr məkanında təbii bir ətalət yaşandı. Bu, olmalı idi, oldu da. Amma, şükürlər olsun
ki, bu gün
ölkəmizdə, bütün
sahələrdə olduğu
kimi, teatrlarımızda
da nəzərəçarpacaq
dərəcədə inkişaf
hiss olunmaqdadır. Azərbaycan teatr
səhnəsində yadda
qalan tamaşalar doğrudan da xoş duyğular oyadır. Bunların
sırasında Akademik
Milli Dram Teatrında, Gənc Tamaşaçılar
Teatrında, Musiqili Komediya Teatrında çoxlu sayda tamaşalar var. Bir tamaşaçı kimi mənə ən çox xoş gələn tamaşalardan
biri də Gənc Tamaşaçılar
Teatrında hazırlanan
“Pəri cadu” əsəridir.
- Elə də uzaq olmayan
Ağdam teatrı ilə paytaxt teatrları arasındakı
sənət məsafəsini
azaltmaq üçün
nə edirsiniz?
- Artıq mütəmadi olaraq paytaxtımızda yerləşən
teatrlara əlaqə yaradırıq. Yeri gəlmişkən, Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarının
rəhbərliyinə bizim
teatra göstərdikləri
mənəvi dəstəyə
görə minnətdarlığımı
bildirirəm. Eləcə də
Gəncə Dövlət
Dram Teatrının direktoru
Əli Qasımova səmimi münasibətinə
görə teatrımızın
kollektivi adından təşəkkür edirəm.
- Və son sual. Ağdamdan Bakının teatr
mühiti necə görünür?
- Ağdamdan Bakıya 360 km-lik məsafə var. Bu məsafə
on dəfə artıq
olsa belə, sənətsevərlər arasında
heç bir məhdudiyyət yaratmır.
Gözə görünməyən elə dəyərlər var ki, onları
əməlimizlə yaşadırıq.
İnşallah, torpaqlarımızın işğaldan azad olunan günündə bütün teatr ictimaiyyətinin doğma Ağdamımızda bu birliyinin şahidi olacaqsınız.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 25 may.- S. 7.