Əsrin
poetik nəsri...
...ədəbi
dramı, politərcümeyi-halı, canlı tarix-adamı
Belə
universal adamlar hər xalqın tarix-taleyində barmaqla
sayılası qədər az olur. Bizim ötən əsr
tarix-taleyimizin bolşevik barmağı, NKVD perosu, ÇK
karandaşı ilə yazıldığını nəzərə
alanda isə belələrinin qədir-qiyməti birə milyon
artmış olur. Bu dəyər “faza”sından çəkingənlərin
nəzərinə cəsarətli siyasi ideoloqlardan birinin
“şəxsiyyət və xalq” formuləsini də
çatdırmaq istərdim: “Tarixdə şəxsiyyət 1,
xalq (kütlə) 6 sıfırdır və bu tərəflərin
hər biri o birisiz heç kimdir...”
Bu formulə bütün ictimai,
siyasi və... ədəbi formasiyalarda həqiqət olub və
olacaq. Şəxsiyyətlər öz xalqının milli-mənəvi
tərcümeyi-hal kitablarının hər hansı zor (istər
kənar, istər “doğma”) tərəfindən
bağlandığı dövrlərin canlı dəftərləri,
yığcam konspektləridirlər. Bu canlı tarix-adamlar
öz “məzlum” xalqlarının hər gizlin sözü, məxfi
mətləbi açıq deyə biləcəyi
çağlar üçün istinad mənbəyi,
ictimai-irfani inkişaf tutarğasıdır. Balzakın “Dahilər
ucqarlarda doğulur, Parisdə ölür” postulatından
yanaşsaq, Bakıda (əlbəttə, Fəxri Xiyabanda) dəfn
olunmuş Həsən bəy Zərdabi, Mirzə Cəlil,
Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun,
İlyas Əfəndiyev və başqaları həm də
öz doğulduqları bölgələrin tarix-tarixçələri,
demoqrafik-bioqrafik ifadəçiləri deyillərmi? Onlar
öz “xatirə dəftərləri”lə oraların
ictimai-siyasi, ədəbi-kulturoloji, sosial-psixoloji
ab-havasını da ehtiva etmirlərmi?..
Onların hamısı hər vaxt,
həmişə bizimlədir, heç birini heç vaxt unuda
bilmərik. Budəfəki sözümüzsə, doxsan səkkiz
il bundan əvvəl dünyaya göz açmış poetik
nasir, dramatik dramaturq əfəndimizdən - İlyas Məhəmməd
oğlu Əfəndiyevdəndir.
26.V.1914
Dörd ildən sonra həmin ay
millətimizin şərəf tarixçəsinə
çevriləcək, İlyas da bütün ömrü boyu
öz ad gününü bu millətin ad günüylə
birgə qeyd edəcəkdi. Lakin altı ildən sonra gətirilən
28 aprel tarixçəsi hər şeyi dəyişəcək,
külli-Qarabağda səmimiyyəti, xeyriyyəçiliyi,
ticarətilə tanınan Məhəmməd kişiyə
“kulak” damğası vurub, bütün varidatını əlindən
alacaq, ailənin bir parasını “xalq düşməni” kimi
qəbirlərə, bir qismini Sibirlərə göməcək,
İlyası “çətinliklərlə ləbaləb orta məktəb”dən,
“həyat universiteti” anasından aldığı tədris və
təlim-tərbiyəsinə rəğmən (hələ ali
təhsil almamış) orta məktəbdə müəllim
işlətsə də, pedaqoji institutdan bir kərə
qovduracaq, bir dəfə möhlət götürməyə məhkum
edəcək və... uzun illərdən sonra (öz rejim
qaytanları boşaldıqca, habelə, bu qabiliyyətli
oğlanın, dərkli-dərrakəli gəncin,
dözümlü ahılın fitri istedadı
qarşısında duruş gətirə bilmədikcə) onu
Xalq yazıçısı şərəfi ilə təltif
edəcəkdi...
Taleyin “Xalq
yazıçısı” yazısına qədər çox məşəqqətli
həyat körpüləri keçib “Körpüsalanlar”
yazmış, idillik arzuları, tifillik mahnıları
dağlarda qalmış, “İntizar”ını “Bahar
suları”nda qərq etmiş böyük ədib, lap sonralar
adama çox əsər edən belə-belə xatirə-əsərlər
də yazacaqdı: “Ailəmiz çox ağır vəziyyətdə
idi. Atam səs hüququndan məhrum edildiyi üçün
uzun illər işsiz qaldı. Yeddi uşağın
böyüyü mən idim. Atamın vaxtilə tikdirdiyi
böyük evimiz əlimizdən alınmışdı.
Doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən
zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki
balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək
stolunun altında-üstündə yatırdılar...”
Bəli, bu həyati-vizual sətirlər
balaca İlyasın böyük qəlbində, istedadlı
könlündə iri-iri abzaslara, xalı-xalı səhifələrə,
dolu-dolu hekayətlərə, povest, roman, dram əsərlərinə
çevriləcəkdi. Amma hələ “məhsul
yığımı” dövrü idi. Hələ o, orta məktəbi
bitirib, rayonun Böyük Bəhmənli kəndində dil-ədəbiyyatdan
dərs deyə-deyə, sonralar adı Füzuli ilə əvəz
ediləsi Qaryagin şəhərində coğrafiya müəllimi
işləyə-işləyə, rayon teatrındakı
tamaşaların özünə tamaşaçı, mətnlərinə,
librettolarına “müştəri gözü ilə” baxa-baxa,
rayonda çıxan “Qızıl Araz” qəzetinə
oxur-yazarlıq edə-edə böyük Bakı səfərinə
“tədarük zəmanəsi” idi. Yazıçı
bunları öz xatirələrində daha sərrast ifadə
edir: “Rayonda ora-bura qaçaraq, gündə səkkiz-doqquz saat
işləməklə bərabər, hələ gecə
kurslarında da dərs deyirdim. Çox yorulmağıma
baxmayaraq, Qarabağın qarlı, uzun qış gecələrində,
heç kəsə bildirmədən hekayələr
yazdım. Sonralar “Kənddən məktublar” adı ilə
çap olunan həmin hekayələri götürüb,
1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
Bakı isə onunçün elə
ilk baxışdan çox maraqlı olub; həm ilk təəssüratları,
sivil söhbətləri, qayğıkeş münasibətləri,
həm də təbii, nəşriyyat və teatral aləmi ilə.
İlk ədəbi həmsöhbəti - ustad
yazıçı Əbülhəsən əvvəlcə
“coğrafiya müəllimi hara, yazıçılıq hara?”
deyə, onu pərt etsə də, nəticədə doqquz
hekayəsini birbaşa nəşriyyata göndərərək,
gənc İlyas Əfəndiyevə “ilk kitab müəllifi
olmaq” şərəfi nəsib edib. İlyas Əfəndiyev həmin
illəri belə xatırlayır: “Rayonda o qədər
zülm çəkmiş, o qədər təhqir-təslim
olunmuşduq ki, burada adamlardan bir kömək, hörmət-izzət,
insani münasibət görəndə kövrəlirdim. Mənə
elə gəlirdi ki, tamam yeni bir dünyaya
düşmüşəm. Sən demə, səs hüququndan
məhrum edilmiş tacir oğluna da kömək, hörmət
olarmış...”
Söhbət bütün mahiyyətilə
xəlqi, büsbütün kolorital bir sənətkardan
getdiyindən, bu məqamda bir el məsəlini
xatırlatmağa əşhədi-ehtiyac duydum: “Örkən nə
qədər uzun olsa da, gəlib doğanaqdan keçər”. Yəni,
“epitet”lərindən biri də “yığma komanda” olan
paytaxt-“doğanaq”, bütün hallarda, “örkən”-ucqarların
səviyyə eyiblərini ütüləyən, xalqı əyər-əskikliklərdən
arıdıb-yarıdan milli-ali taxtdır. O vaxtlar
üçün bu növbəti istedadlı “kəndçi
balası”na edilən hörmət də nə imiş ki, - Əli
Vəliyevin köməkliyilə “Yeni yol” qəzetinin mədəniyyət
və ədəbiyyat şöbəsində ədəbi
işçi, “Kommunist”də müxbir, “Ədəbiyyat qəzeti”ndə
nəsr şöbəsinin müdiri, Səməd Vurğunun dəstəyilə
- üç il yaşadığı mehmanxanada (“Əski
Şərq”) balaca bir otaq, Rəsul Rzanın zəmanətilə
Yazıçılar İttifaqına üzvlük (1940) və
sair...
Amma iyirmi doqquz yaşlı bu gəncə
Mehdi Hüseyn kimi məşhur, populyar bir ədibin
müştərək pyes yazmaq təklifi yalnız hörmət-izzət,
humanizm əlaməti yox, həm də onun ədəbi gələcəyinə
ümumədəbi ümid, reputativ inam təzahürü idi
və elə o vaxtdan yaxın ətrafın, qohum-qardaşın
cılxaca İlyas deyə
çağırıb-xatırladığı bu gənc
xalqın əbədi yaddaşına möhtəşəm
İlyas Əfəndiyev olaraq həkk olundu...
3.X.1996 - ......
Nə sirdisə, bu yazımın
yarımbaşlıqları rəqəm-tarixçələrlə
gəlir. Özü də əgər birincisi təbii, qəflətən-bədahətən
gəlmişdisə, bu - ikinci - bir qədər məqsədli,
belə deyək, “haqq-hesab”ətən alındı.
Sözümün canı isə bu ki, bu
yarımbaşlıqdakı tire işarəsinin solundakı rəqəmlər
İlyas Əfəndiyevin sənəd ölümünə dəlalətdirsə,
solundakı nöqtələr onun əbədi sənət olumuna
ümümxəlqi bir əmin-arxayınlıqla edilən
işarətdir. Qələmindən çıxan ədəbi,
bədii, dramatik, publisistik məhsullardan neçə-neçə
nəsillər yetişib və hələ yetişəcəksə,
bu, əbədi milli-ictimai müəllimlik deyilmi? Yüzlərlə
hekayəsi, “Körpüsalanlar”, “Söyüdlü arx”,
“Dağlar arxasında üç dost”, “Sarıköynəklə
Valehin nağılı”, “Geriyə baxma, qoca!”,
“Üçatılan” kimi roman və povestləri dəfələrlə
çap edilib və bundan sonra da mütəmadi nəşr
olunacaqsa, bu, əbədiyaşarlıqdır. “Mənim
günahım”, “Mahnı dağlarda qaldı”, “Məhv
olmuş gündəliklər”, “Qəribə oğlan”,
“Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”,
“Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə
vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və
ağıllılar”, “Hökmdar və qızı” və digər
pyesləri yüz dəfələrlə, təkcə “Unuda
bilmirəm”i 12 ildə 350 kərə tamaşaya qoyulubsa və
hələ məlum münaqişə-müharibə illətimizdən
sonra gələsi lirik-dinclik çağlarımızda,
sevgisaçar dövranlarımızda gündə-günaşırı
oynanılacaqsa, yuxarıdakı nöqtələrin hər
birini bir yüzillik, minillik hesab etmək olmazmı?..
...Ötən əsrin
altmışıncı illərinin ortalarında indiki
Hüseyn Cavid küçəsindəki bir binanın kəllə
tərəfinə (“Space” telekanalı ilə üzbəüz
dururkən - sol tərəfdə) “Söyüdlü arx”ın
üz qabığının çox nəfis şəkildə
işlənmiş şəkli həkk edilmişdi. Hamı
bunu dövrün sənətə, kitaba hörmət və
sayğı əlaməti kimi qimətləndirir, biz kəndçi
tələbələr isə, ürəyimizin ən gizlin
guşəsində belə bir fors da yaşayırdıq ki,
“pah, bizim tozlu-torpaqlı, “arxaik” arx kəlməmiz bu
çiçi paytaxtın lap alnına
yapışdırılıb ki!..”
Bizim gəlişimizədək,
artıq, Bakıda “İlyas Əfəndiyev poetik nəsri” tərkibi
yaranmışdı, bizdən sonra (və elə bizim də
iştirakımızla) “İlyas Əfəndiyev teatrı”
deyimlənməyə başladı. Amma bir xiffətimiz
qaldı: “İlyas Əfəndiyev və kino”. O vaxtlar deyirdilər
ki, İlyas Əfəndiyev də “başdan-başa leksikon
Çexov” kimi, sözdən gözə çətin gəldiyinə
görə, kinematoqrafçılar onun
yaradıcılığına girişə bilmirlər. Bəs
indi necə, əfəndilər? Kinematoqrafiyanın bilavasitə
sələfi olan teatroqrafiya azmanına müraciətetmə səviyyəsinin
vaxtı deyilmi?
Bu sualda ərk də var,
umu-küsü də var, sizlər üçün
perspektiv-işgüzar uğurlar da...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 25 may.- S. 6.