Bölgələrdə
“Kitab bayramı”
Son
illər kitabın həyatımızda, insanların
intellektual səviyyəsinin yüksəlməsində
mühüm rolu nəzərə alınaraq yeni ədəbiyyatların
nəşri və təbliğinə diqqət daha da
artıb. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
və rayon (şəhər) mərkəzi kitabxana sistemlərinin
təşkilatçılığı ilə bölgələrdə
gerçəkləşən ənənəvi “kitab
bayramları” da bu məqsədə xidmət edir. Bu il də
bu tədbirlər rəngli görüntülərlə yadda
qalır.
Şabran
Şabran rayon mərkəzində
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü ilə əlaqədar keçirilmiş
“Kitab bayramı” iştirakçıları ilk olaraq ölkə
Prezidentinin sərəncamına əsasən çap
olunmuş latın qrafikalı yeni nəşrlər -
“Dünya ədəbiyyatı kitabxanası” seriyasından ibarət
kitab sərgisi ilə tanış olmuşlar.
MKS-in direktoru S.Məcidova milli sərvətimiz
olan kitabın qorunub saxlanaraq gələcək nəsillərə
çatdırılmasında kitabxanaların əhəmiyyətindən,
son illər rayonda kitabxana işinin
yaxşılaşdırılması ilə bağlı
görülmüş işlərdən danışıb.
Bayram münasibətilə
iştirakçıları təbrik edən Şabran Rayon
İcra Hakimiyyətinin məsul işçisi M.Quliyeva
kitabsız inkişafdan və mədəniyyətdən
danışmağın mümkünsüz olduğunu deyib.
Qeyd olunub ki, 2012-ci ilin “Kitabxanalar ili” elan edildiyi Şabran
şəhərində “Kitab evi”nin açılması kitab həvəskarlarına
böyük töhfədir.
Tədbirdə
çıxış edənlər yeniyetmə və gənclərin
internet vasitəsilə biliklər əldə etmələrinə
baxmayaraq, onların kitaba tələbatından da söz
açıblar. “Şabran” ədəbi məclisinin
üzvü Ə.Zeynaloğlu yeni işıq üzü
görmüş şeirlər kitabı haqqında məlumat
verib, ulu öndərə, dövlətçiliyə həsr
etdiyi şeirlərini oxuyub.
Tədbir “Şabran” instrumental
ansamblının rəngarəng konsert proqramı, məktəb
şagirdlərinin və kiçikyaşlı oxucuların
ifasında səhnələşdirilmiş tamaşalarla davam
edib. Sonda istedadlı yeniyetmə və gənclərin rəsm
əsərləri və əl işlərindən ibarət sərgi
nümayiş etdirilib.
Göyçay
Güllü-çiçəkli
may günündə Göyçay şəhəri M.Ə.Sabir
adına Rayon Mərkəzi Kitabxanası Heydər Əliyev
prospekti boyunca parkda “Kitab bayramı” təşkil edib.
Tədbirdə Rayon İcra Hakimiyyəti
başçısının müavini R.Rəcəbova, Mədəniyyət
və Turizm Şöbəsinin müdiri S.Şükürov,
MKS müdiri R.Balayeva ölkə Prezidentinin mədəniyyətə,
kitabxanalara göstərdiyi diqqət və qayğıdan
danışaraq, kitabın insan həyatındakı rolundan və
gənclərin kitaba marağının artırılması
yollarından bəhs ediblər.
Qeyd olunub ki, “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın icrasına
uyğun olaraq rayon mərkəzi kitabxana sisteminin yeni saytı
yaradılıb. 2012-ci ilin Göyçayda “Kitabxana ili” elan
edilməsinin əhəmiyyəti diqqətə
çatdırılıb.
“Müstəqil Azərbaycan
dövlətinin memarı”, “Yeni latın qrafikalı kitablar”,
“2012-ci il İdman ilidir”, “Uşaq ədəbiyyatı”,
“M.F.Axundzadənin 200 illiyi” və s. mövzuda kitab və digər
nəşrlər iştirakçılara təqdim olunub.
Kitabxana işçilərinin əl işlərindən ibarət
“Bacarıqlı əllər” adlı sərgi də
böyük maraq doğurub.
Tədbirdə kitab haqqında
görkəmli şəxsiyyətlərin fikirləri və kəlamları
səsləndirilib, məktəblilərin ifasında
maraqlı səhnəciklər göstərilib, mahnı və
şeirlər oxunub. Tədbir R.Rza adına rayon mədəniyyət
evinin hazırladığı konsert proqramı ilə başa
çatıb.
Qusar
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi və Qusar rayon MKS-in təşkilatçılığı
və ilə rayon mərkəzindəki N.Nərimanov adına
Mədəniyyət və İstirahət Parkında “Kitab
bayramı” keçirilib. Tədbiri MKS-in direktoru Zahir Mustafayev
açıb. Mədəniyyət və turizm şöbəsinin
müdiri David İbrahimxəlilov, təhsil şöbəsinin
müdiri Niftəli Fərzəliyev, M.F.Axundzadə adına
Milli Kitabxananın metodiki təminat şöbəsinin
müdiri Adilə Abdullayeva və digərləri
çıxış edərək, belə tədbirlərin
mühüm əhəmiyyətindən danışıblar.
Tədbir
iştirakçıları və qonaqlar əhatəli və
müxtəlif mövzulara həsr olunmuş kitab sərgisi ilə
tanış olublar. 2300-dən artıq kitab, jurnal və digər
informasiya vasitələri iştirakçılara təqdim
edilib.
Rayonun idarə və təşkilatlarının,
təhsil və mədəniyyət müəssisələrinin,
ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir
rəngarəng konsert proqramı ilə yekunlaşıb.
Mədəniyyət.-
2012.- 25 may.- S. 5.