Xatirələrdə
əbədi yaşayan sənətkar
| Sara
Qədimovanın 90 illik yubileyi qeyd olundu
Mayın
23-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti,
görkəmli sənətkar Sara Qədimovanın 90 illik
yubileyinə həsr olunmuş xatirə gecəsi
keçirildi.
Tədbir unudulmaz sənətkara həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Gecənin aparıcısı, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Sara Qədimovanın həm sənətkar, həm də şəxsiyyət olaraq xalqın sevgisini qazandığını dedi: “Xalqın böyük sevgisini qazanmaq hər sənətkara nəsib olmur. Sara Qədimova səhnəyə işıqlı aura ilə çıxırdı. Məlahətli səsi ilə seçilən ifaçının üstünlüklərindən biri də yüksək zövqlü olması idi. Sara xanım Azərbaycan incəsənətinə gözəl Leyli obrazını yaratmış sənətkar kimi daxil olub. Yüksək səhnə və ifa mədəniyyətinə sahib olan Sara xanım həm də bu iki keyfiyyəti mükəmməl birləşdirə bilirdi. Çox zəhmətkeş sənətkar idi, eyni zamanda sənətdə heç bir güzəştə yol verməz, hər zaman haqqı müdafiə edərdi”.
Sara Qədimova sənətinin vurğunu olan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov da xatirələrini tamaşaçılarla bölüşərək sənətkarın bu şəxsi keyfiyyətini qeyd etdi: “Sara Qədimova cəsarətli, sözünün ağası olan insan idi. Görkəmli xanəndə, muğam ustası olmaqla yanaşı, gözəl əl qabiliyyəti, evdarlığı ilə tanınan, şəxsi keyfiyyətləri ilə yaradıcı keyfiyyətləri ideal birləşdirən sənətkar idi”.
Çıxışlardan sonra
söz musiqiyə verildi. Xalq artisti Nəzakət
Teymurovanın ifasında «Şur» təsnifi, Məhərrəm
Həsənovun ifasında «Qarabağın maralı» səsləndi.
Xalq artisti Aygün Bayramovanın təqdim etdiyi «Tar çalan
oğlan», Xalq artisti Mənsum İbrahimovun ifasında
«Eşqin göylərində» mahnısı və s. musiqi
nömrələri maraqla qarşılandı.
Gülər
Mədəniyyət.-
2012.- 25 may.- S. 4.