Azərbaycanla
Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr
müzakirə edilib
Mayın 24-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş
Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyat nazirinin
müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb. Heyətə Dubay Ticarət və Sənaye
Palatasının baş direktoru Hamad Buamın və
palatanın beynəlxalq əlaqələr şöbəsinin
müdiri Hasan Al Haşimi daxil idi.
Görüşdə iki ölkə
arasında mədəniyyət və turizm sahəsində
mövcud əməkdaşlığın daha da genişləndirilməsi
məsələləri müzakirə edildi.
Belə görüşlərin
ikitərəfli əməkdaşlığın genişlənməsinə
xidmət etdiyini vurğulayan nazir Ə.Qarayev son illərdə
ölkəmizdə mədəniyyət və turizmin
inkişafına xüsusi diqqət yetirildiyini nəzərə
çatdırdı. Qeyd edildi ki, dövlət tərəfindən
teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr
təmir-bərpa olunur: “Bütün bunlar ölkəmizin
turizm potensialını da möhkəmləndirir. 10 il bundan əvvəl
biz turizm sahəsini öyrənirdik. İndi isə bizdə bu
sahənin inkişafı üçün gözəl
infrastruktur, hotellər, restoranlar, hava limanları var”.
Nazir ölkəmizin Birləşmiş
Ərəb Əmirlikləri ilə turizm mübadiləsinin
daha da genişləndirilməsində maraqlı olduğunu
diqqətə çatdırdı. Bu il Birləşmiş Ərəb
Əmirliklərindən ölkəmizə gələn media
nümayəndələrinə Azərbaycanın turizm
imkanları ilə bağlı geniş məlumatların
verildiyini də xatırlatdı.
Cari ildə Azərbaycanın bir
çox mühüm beynəlxalq tədbirlərə ev
sahibliyi etdiyini nəzərə çatdıran nazir bu gün
bütün Avropanın diqqət mərkəzində olan ən
mühüm mədəni hadisələrdən birinin - 57-ci
“Eurovision” mahnı müsabiqəsinin Bakıda
keçirildiyini dedi.
Bakıda ilk dəfə “Eurovision”
mahnı müsabiqəsinin keçirilməsini yüksək mədəni
hadisə kimi qiymətləndirən Məhəmməd Bin
Abdul Aziz Al Shehhi yarışma iştirakçılarına
uğurlar arzuladı. O, Azərbaycana təkcə turizm
imkanlarını, turizm əlaqələrini müzakirə etmək
üçün deyil, eyni zamanda ölkənin incəsənəti,
mədəniyyəti ilə də yaxından tanış olmaq
üçün gəldiyini bildirdi. Dostluq münasibətlərinin
möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri
dəstəklədiklərini bildirən qonaq ümidvar
olduğunu bildirdi ki, ölkələrimiz arasında
qarşılıqlı əlaqələr bundan sonra daha da
genişlənəcək.
Mehparə
Mədəniyyət.-
2012.- 25 may.- S. 3.