Respublika
dekorativ-tətbiqi sənət festivalı davam edir
Növbəti regional sərgisi Şəkidə təşkil
olunub
Xəbər verdiyimiz kimi, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə II Respublika dekorativ-tətbiqi sənət festivalı
keçirilir. Festival çərçivəsində növbəti
regional sərgi Şəkidə təşkil olunub. Mayın
25-də açılışı keçiriləcək sərgidə
bölgənin 14 şəhər və rayonundan (Şəki,
Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən,
İsmayıllı, Göyçay, Ucar, Kürdəmir, Zərdab,
Yevlax, Ağdaş, Ağsu) dekorativ-tətbiqi sənət
ustalarının iştirakı nəzərdə tutulub.
Sərgidə
xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii
oyma, dulusçuluq (keramika), bədii tikmə, bədii
şüşə, toxuma, makrame, zərgərlik, bədii dəri
işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri,
tikmə üzərində yandırma üsulu ilə
naxış açma) üsulu ilə hazırlanmış
nümunələr nümayiş olunur. Bundan əvvəl
regional sərgilər Gəncə və Lənkəran şəhərlərində
keçirilib. Növbəti, sonuncu regional sərgi Xaçmaz
rayonunda baş tutacaq. Bu tədbirdə münsiflər heyəti
tərəfindən seçilən ən yaxşı
nümunələr Bakıda - yekun sərgidə
nümayiş olunacaq.
Qeyd edək ki, festivalın təşkilində
məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə
malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir
dövrdə inkişafı, bədii yaradıcılıq
proseslərinin dəstəklənməsi, qazanılan
uğurların geniş ictimaiyyətə təqdim
olunması, habelə istedadlı gənclərin
tanıdılmasıdır.
Ceyhun
Mədəniyyət.-
2012.- 25 may.- S. 2.