Bir Səsin portretləri...
Bu
adlığın “abstaktsion”luq ömrü çox çəksə
aşağıdakı ad-soyada qədər çəkər:
Hökumə Qurbanova!..
Bu
dəyər-meyarın əyarına şübhəylə
baxanlar isə, çox olsa, əhalimiz içrə 1980-lərdən
sonra doğulmuşlar ola bilər.
Yox, bu “portret”lər - düz əlli
il (1938-1988) səhnələrdə, kino-pavilyonlarda, Azərbaycan
radio-televiziyasında yaradılmış bu “eksponat”lar muzey
divar-daşlarından yox, xalqımızın qulaq
yaddaşından asılıb...
Hökumə Qurbanova səhnəmizə
təkrarsız səs kimi gəldi, bənzərsiz səda
kimi getdi. Səhnəmizdə ayrıca bir “Səs” obrazı da
yaratdı bu aktrisa. “Uzaq sahillərdə” filmində Rosselininin
“Sətəlcəm?..” sualına Anjelikanın “Qara ciyəri...”
cavabını xatırlayın. Hökumə xanım bu
sözləri elə lad, elə tonal, elə vokal-sentimental səsləndirir
ki, adam onun öz köksündəki ağciyərinin
yamyaşıl meşə fonunda rəsm edilmiş portretini də
görür.
O vaxtlar bu qızıl cingiltilər
xəzinəsinin nəinki sənəti, gör-görkəm
zinəti, hətta adı da səhnəyə, teatra ekvivalent
kimi səslənirdi. Ümumxalq teatr zövqünə, səhnə-sənət
müzakirələrinə hakim kəsilib, öz zahiri və
batini estetikası ilə, proletarlaşdırılmaqda olan Azərbaycan
sovet kütləsini kübarlaşmağa, elitarlaşmağa
hökm edirdi Hökumə xanım...
“Qastrol” düşüncələr...
O
vaxtların “ədəbi ictimaiyyət”i, teatr-sənət
adamları bir yana, deyirlər, hətta fəal
tamaşaçılıq doğanağından keçməyənlər
də Hökumə Qurbanova ilə küçədə,
dükan-bazarda rastlaşarkən bir bəhanəylə onu
söhbətə tutmağa cəhd edər, səs-sədasından,
durğu-vurğularından, vizual (üz-üzə,
göz-gözə) orfoepiyasından, “leksikon simfoniyası”ndan
doymaq bilməzmişlər. Bir gün “Kommunist” (indiki
“İstiqlaliyyət”) küçəsində onunla
rastlaşan köhnə bir müsavatçı-millətçi
qoca onun ifa etdiyi monoloqlardan fraqmentlər söyləyəndən
sonra, gözü küçənin adına sataşır və
son söz olaraq bunu söyləyir: “Hökumə xanım,
vallah əgər Siz səhnədə “Kommunist” qəzetini də
başdan-ayağa qiraət etsəniz, yenə adam yorulmaz!..”
Çoxları bu qənaətdədir
ki, onun ən kamil, ən gözəl surətdə yaratdığı
obrazlardan biri elə öz obrazı olub. Tanrı tərəfindən
yazılmış, özü tərəfindən
oynanılmış bir obraz. Hamı kimi o da bilirmiş ki,
ömür müvəqqətidir. Amma o, hamıdan fərqli
olaraq, bunu da bilirmiş ki, sənəd ömründən
çox uzun bir ömür də var; sənət ömrü.
Buna nail olmaqçünsə gərək Tanrı tərəfindən
yaradılmış obrazı - öz surətini də aqil
yaşayıb, kamil ifa edə biləsən. O vaxtlar ədəbiyyat
kitablarında, qəzet-jurnallarda “surət” ifadəsi “obraz”
terminindən çox işlənsə də, nədənsə
belə deyirdilər: “öz obrazı”. Amma məncə,
“öz surəti” deyilsəydi, daha yaxşı səslənər,
“sənət” və “sənəd” fərqinin vəhdətinə
də bir him, bir işarə olardı. Hökumə
xanımın fiziki surəti - sifəti də kamil, “təcəllayi-mükəmməl”
üzlərdən idi. Dodaqları canlı bir susmazlıq abidəsinə
bənzəyirdi. Bu abidə-“dirijor” tərpəndikcə,
ballı təbəssümlər, bibərli rişxəndlər,
ilahi eyhamlar saçırdı. “Ala gözlər”i
çoxlarının ilk baxışda görmədiklərini
bəlləyib göstərir, “qələm qaşlar”ı
müəlliflərin cansız vərəqlərə əmanət
etdiklərini heyrəti-işarətlərlə canlı
tamaşaçıların şüurlarına həkk edirdi.
Dediklərimin çoxusu “deyirlər”
təhkiyəli, “eşitdiyimə görə” hekayətlidir.
Birini isə şəriksiz deyirəm. Deyirəm,
yaradıcılığının ən bişmiş,
ad-sanının ən yetkin çağlarında
gördüyüm Hökumə Qurbanova fenomeni olmasaydı, Azərbaycan
teatrını Rusiya və bir sıra Avropa teatrlarına
yenilmiş zənn edər, “sovetlər ailəsi”
dövründə bir çox sahələrdəki kimi,
“ucqar”, “periferiya” kimi atmacalara, daha bir aşağılanmaya da
məruz qalmış olardıq. Beləliklə, Hökumə
Qurbanova təkcə Azərbaycan milli dram teatrımızın
divarları arasında yox, sərhədcə çox nəhəng,
dini məzhəb, milli mentalca çox illüstrativ SSRİ-nin
tikan-məftil divarları arasında da sənət-ovqat
“brend”imiz idi...
Unikal universiada
Teatr-tamaşa vurğunlarının
fikirlərinə, “ədəbi-tənqid”i, publisistik qənaətlərə
görə, Hökumə Qurbanova əsasən minor təbli sənətkar
olub. Hətta onun haqqında “milli səhnəmizin misilsiz faciə
aktrisası” kimi “bədbin” deyimlər də az işlədilməyib.
Lakin onun teatroqrafiyasında “çağlar temperament”,
“coşğun emosiya”, “musiqili ritm-tonallıq”,
“hayqırtılı ehtiras”, “romantik, lirik-dramatik səs” kimi
epitetlər daha çox işlədilib. “Tənqid”i
yazılarda bu da vurğulanır ki, Hökumə Qurbanova
bütün sənət ömründə dramaturji material
düzənindən, rejissura yozum-mizanından kənara
çıxıb və yaxud buna cəhd edib.
Məsələn, o, “Qış
nağılı”ndakı Hermionanı Şekspirin
Hermionasından çox, öz Hermionası kimi təqdim edib.
Bu haqda belə bir obrazlı cümlə də işlənib:
“...o, səhnədə dəqiqələrlə mərmər
abidə kimi donub qalırdı”. Başqa qeydlərdə verilən
“...bu tamaşa illər uzunu anşlaqla keçib” kimi fikirlər
isə sübut edir ki, Hökumə xanımın əsər
və tamaşa müəlliflərinin “işləri”nə
müdaxiləsi əbəs deyilmiş. Heç yuxarıda
“qeyri-realistik”liyə dair söylədiyim epitetlər də
Hökumə xanımın realizmdən uzaqlığına dəlalət
etmir. Yəni həmin keyfiyyət elementləri tamamilə
realist üslubdan qaynaqlanır və nəhayət etibarilə,
“sənətin əbədi dənizinə qovuşur” kimi qənaətləri
daha da vurğulandırır.
Öz ömür-sənət
dövrünün ictimai diqqət, məhəbbət, bəzən
də qeybət predmetlərindən olmuş bu möhtəşəm
və möhtərəm sənətkarın
yaradıcılıq universiadasına dərindən diqqət
yetirdikcə, o təkcə öz dövrünün yox,
bütövlükdə Azərbaycan teatrı
dövrünün mükəmməl hadisəsi kimi görk və
dərk olunur. Sənət hadisələrinin ənənəvi
başvermə və sonuclanma texnologiyalarına rəğmən,
Hökumə Qurbanova bir neçə elementi ilə daha
özünəməxsusluq, daha cəlbedicilik, polifoniklik
keyfiyyətləri daşıyır. Elə böyük sənətkarlar
var ki, onların bəziləri ya ancaq sənət adamları,
elita və öz məmurlarına istinadən dövlət tərəfindən
yüksək qiymətləndirilir, ya da yalnız xalq kütlələri
tərəfindən. Bunun birtərəflilik minusu
daşımasından danışmağa isə, təbii,
ehtiyac yoxdur.
Hökumə Qurbanova, yuxarıda
vurğuladığım kimi, həm öz qəlbində daim
kiminsə sayəsində zirvəyə yetişmək arzusu ilə
yaşayan zəhmətkeş xalqın, həm də həmin
zəhmətkeş kütlənin mənəvi-sosial güzəranına
cavabdeh və dünya mədəniyyəti yarışında
öncüllüyə maraqlı olan (xüsusən o dövrdə!)
dövlətin sevimlisi idi. O, dövrün sifarişli ədəbiyyat,
təbliğat-təşviqat dramatik-teatral siyasət
fısqırıqlarından bıqmış xalq
üçün həlim, yumşaq bir sənət
sığalı, dincəliş ünvanı, hökumət
üçünsə (üzdə gizlətsə də)
öz Kreml ürəyinin dərinliklərində çox
yaxşı bildiyi quru, zəhmli iclasların,
yığıncaqların, “37”-dən sonrakı teoloji-psixoloji
repressiyaların hovunu alan sənət ocaqlarının ən
hərarətli közlərindən biri idi. Elə buna görə
də həmin hökumət daha çox xalqın sevgisinə
görə sevməli olduğu bu sənətkarı 30
yaşında ikən Əməkdar artist, 47 yaşında Xalq
artisti, 52 yaşında SSRİ Xalq artisti fəxri adlarına
layiq gördü...
Bir az da onun
sənət sarayı
ornamentlərindən...
Yaddaşlarda bir sənət
bütövü kimi qalmış Hökumə
Qurbanovanın istedadı,
qabiliyyət və qalibiyyət imkanları onun yaradıcılığını
bölgülərə ayırmağı
mütləq edir.
Əslində, teatr-aktyor
stilləri içrə
(mən gördüklərim
içərisində) ona
bab olmayanı
görünmür. Romantik faciə,
realist faciə, romantik-dramatik,
realist-dramatik, psixoloji-dramatik
- bunların hamısı
Hökumə Qurbanova tamının rəngarəng
“ədava”larıdır. Maraqlıdır, onun ilk yaradıcılıq
işi kino ilə bağlıdır.
Bakı Pedaqoji Texnikumunu bitirib Azərbaycan Dövlət Konservatoriyasına
daxil olan 20 yaşlı bu qız elə təhsil illərindəykən
“Almaz” filmində (Yaxşı rolunda) çəkilir. Əvvəllər ara-sıra çıxış
etdiyi Milli Dram Teatrında isə 1938-ci ildən (ömrünün
sonunadək) çalışmağa
başlayır. Fəaliyyəti boyu haqqında çox deyilir, çox yazılır.
O deyim və yazılardan biri isə, məncə, hələ heç kəs haqda deyilməyib: “Teatr tariximizdə Hökumə
Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb”.
Onun oynadığı rollar kəmiyyətcə çox olsa da, deyim ki,
keyfiyyət və mahiyyət sanballarından
azdır. Tutalım, yüzlərlə
obraz oynayıb, amma o rollar haqda,
özünün sənətkarlıq
məziyyətləri barədə
minlərlə rəylər,
məqalələr, monoqrafik
materiallar yazılıb,
fikirlər söylənib,
halal təriflər, sürəkli alqışlar
yağdırılıb. Mənim qocaman dostlarımdan biri isə deyirdi
ki, Cakondanın səhnə obrazı yaradılsaydı, rejissor traktovkasına ehtiyac qalmazdı - Hökumə xanım onun təbəssümünü orijinaldakından
da qüvvətli ifadə edə bilərdi.
Hökumə xanım bir mövsümdə neçə
ölkə, neçə
millət xanımına
çevrilərdi: Kleopatra,
Janna d`Ark, Hermiona, Valentina, Oliviya, Nataşa, Yeva Qrant, Vasantasena, Amanda, Valya, Zina, Janina...
Öz əsərlərimizdəki rolları
isə bütöv bir statistikadır. Burada yalnız onun çəkildiyi kinofilmlərin adlarına yer qalıb: “Almaz”, “Onu bağışlamaq
olarmı?”, “İnsan məskən salır” və s.
Bu xoş faktların sırasına
iki naxoş
tarixçəni əlavə
etməmək olmur. Biri onun qızı
- istedadlı aktrisa Vəfa Fətullayevanın
42 yaşında dünyasını
dəyişməsi, o biri
isə özünün
- səhnəmizin təkrarsız
səs-sədası Hökumə
xanım Qurbanovanın
75 yaşında sənət
dünyamızı cismən
tərk etməsi...
Mən onun yaratdığı “səs portreti”ni yazıda yarada bilməsəm də, bu yazını sizin bunu görə
biləcəyiniz “görücü”lüyü
ilə nöqtələyirəm,
hörmətli tamaşaçı-dinləyici
oxucularım!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 13.