Bir qastrol haqqında

 

   Tiflis Azərbaycan teatrı truppa şəklində formalaşmağa başladığı ilk vaxtlardan etibarən öz tamaşalarını yalnız Tiflisdə göstərməklə kifayətlənməmiş, müntəzəm olaraq qastrol səfərlərində olmuş, bununla həm özünü şöhrətləndirmiş, həm də Azərbaycan dramaturqlarının əsərlərini geniş miqyasda təbliğ etmişdir.

  

   Bu sənət ocağı ilə bağlı çox gərəkli araşdırmaların müəllifi professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: “Zaqafqaziyanın müxtəlif şəhərlərində, Orta Asiya, İran, Türkiyə və başqa yerlərdə dönə-dönə qastrolda olan Tiflis Azərbaycan teatrı 1920-ci illərdən fəaliyyətini daha da genişləndirir, çoxcəhətli yaradıcılıq axtarışları aparırdı. Onun güclü və təcrübəli kollektivi tez-tez Gəncə, Qazax, Ağstafa, Şəki və Zaqatalada, habelə Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında - Borçalı, Adıgün, Qarayazı, Başkeçid, Ağbulaq, Bolnisi, Axalsixi, AspindzaBatumda zəngin repertuarla çıxış edirdi. Buna görə də Gürcüstanda yaşayan azərbaycanlıların dünyagörüşünün, bədii-estetik zövqünün formalaşmasında... Tiflis Azərbaycan teatrının əvəzsiz rolu olmuşdur».

   Əlbəttə, bu teatrın tamaşaçıları təkcə azərbaycanlılardan ibarət deyildi. Orta Asiya, İran, Türkiyə və başqa yerlərdə tamaşalar göstərmiş teatr və teatrın ayrı-ayrı aktyorları bu yerlərdə də alqışlanmış və sevilmişdir. Tiflis Azərbaycan teatrının qastrollarının, xüsusən Türkiyə, İran və İrəvan qastrollarının səhnə əsərlərimizin geniş miqyasda təbliği baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edən akademik Cəfər Cəfərov truppanın İstanbulda geniş şöhrət qazanmasını, İrəvanda «Ölülər»in, Cənubi Azərbaycanda «Dəmirçi Gavə» və «Nadir şah»ın bir sıra çətinlik və maneələrə baxmayaraq uğurla göstərilməsini, Təbrizdə qadınlar üçün xüsusi tamaşa verilməsini teatr tariximizin maraqlı səhifələri hesab etmişdir.

   Teatrın 1919-cu ildə təşkil olunmuş uzunmüddətli Türkiyə qastrolu barədə xüsusi danışmaq lazımdır.

   Truppanın 1919-cu ilin əvvəllərində başlayan həmin qastrolu bir neçə ay davam etmişdir. Qastrolun təşkilatçısı və rəhbəri Tiflis Azərbaycan teatrının uğurlarında və təşkilatlanmasında xüsusi əməyi olan səhnə fədailərindən biri, «Mədəniyyət»in oxucularına aktyorrejissor, eyni zamanda, dramaturq, pedaqoq, nəzəriyyəçi və teatr təşkilatçısı kimi təqdim etdiyimiz Mirseyfəddin Kirmanşahlı olub. Qastrol müddətində Türkiyə tamaşaçılarına təqdim olunmuş «Nadir şah», «Ağa Məhəmməd şah Qacar», «Pəri-cadu», «Bəxtsiz cavan», «Dəmirçi Gavə» (Gaveyi-ahəngər»), «Əlmənsur», «Arşın mal alan», «O olmasın, bu olsun», «Leyli və Məcnun», «Əsli və Kərəm», «Əlli yaşında cavan» və «Evliykən subay» tamaşalarını da Mirseyfəddin Kirmanşahlı hazırlamışdı. Onun bu işdə köməkçisi isə İbrahim İsfahanlı idi. Bunlardan başqa, truppanı aktyorlardan Mustafa Mərdanov, Əşrəf Yüzbaşov, Möhsün Sənani, Həsən Səbri, Paşa Məmmədov, Həsən Abdullazadə, Abbas İsmayılov, tarzən Hüseyn Qasımov, qadın səhnə ustalarından N.Kaftaradze, Tərlan xanım və başqaları təmsil edirdilər.

   Türkiyə mətbuatında qastrol tamaşalarının nümayişi ərəfəsində Azərbaycan teatr sənəti və ayrı-ayrı aktyorlar barədə, tamaşalar göstərildikdən sonra isə bu tamaşalar haqqında çoxsaylı məqalələr, habelə truppanın repertuarı, tamaşaların proqramları dərc edilirdi. Bu materiallardan məlum olur ki, truppa gərgin işləmiş, İstanbulun bir neçə teatrında çıxış etmiş, gün ərzində bəzən bir neçə tamaşa göstərmişdir.

   Tamaşa” dərgisi «Arşın mal alan» tamaşasının proqramını dərc etmişdir. Proqramda əsərin «Azərbaycan dramoperetta kompaniyası» (truppa Türkiyədə bu adla təqdim olunmuşdur - A.B.) tərəfindən «Millət» teatrında göstəriləcəyi barədə məlumat verilmiş, rejissorun (Mirseyfəddin Kirmanşahlı) və onun köməkçisinin (İbrahim İsfahanlı), habelə tamaşada iştirak edən aktyorların adları qeyd edilmişdir. Burada daha sonra yazılmışdır: «Asari-məzkur arasında bütün başqa dillərə tərcümə edilmiş, çox məşhur operetlərlə Şərq həyatına aid dram və məzhəkələr də vardır. Təmsillərdə Bəhriyyə nəzarəti-cəliləsinin Ərtoqrul orkestri ilə Qafqazın məşhur tarzənlərindən Hüseyn bəy Qasımov iştirak edəcəkdir».

   Qeyd edək ki, Ərtoqrul Möhsün Türkiyənin məşhur teatr xadimi - rejissoraktyor, eyni zamanda teatrşünas olmuşdur. Onun şəxsi professional orkestrinin truppanın sərəncamına verilməsi və musiqili tamaşaların bu orkestrin müşayiəti ilə oynanılması Türkiyəyə gəlmiş Azərbaycan aktyorlarına qarşı tərəfin məhəbbətinin, habelə inamının ifadəsi idi. Ərtoqrul Möhsün isə bütün tamaşalarda iştirak etmiş, truppaya təmənnasız hər cür kömək etmişdir.

   Beləliklə, truppanın Türkiyə qastrolu «Millət» teatrında «Arşın mal alan»ın nümayişi ilə başlamışdır. Tamaşada əsas rolları Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Mustafa Mərdanov, Möhsün Sənani, Paşa Məmmədov, N.Kaftaradze, Tərlan xanım və başqaları ifa etmişlər. «Arşın mal alan» böyük uğur qazanmış və tamaşaçıların xahişi ilə qastrol müddətində dəfələrlə - 43 dəfə göstərilmişdir.

   Xalq artisti Mustafa Mərdanovun xatirələrindən məlum olur ki, o vaxtlar Türkiyədə olan Fransanın «Pate» kinofilm şirkətinin nümayəndələri də «Arşın mal alan»ı görmüş və əsəri ekranlaşdırmaq istəmişlər. Bununla əlaqədar “Patenin sədr müavini truppanın üzvləri ilə görüşmüş və onları Parisə dəvət etmişdir. O, təklif etmişdir ki, truppa Parisdə «Arşın mal alan»ı on dəfə oynasın və daha sonra əsər üç ay müddətində ekranlaşdırılsın. Lakin aktyorlar bununla razılaşmamış və Tiflisə qayıtmışlar. Təbii ki, aktyorlar əsərin müəllifinin - Üzeyir Hacıbəylinin bu barədə məlumatı və razılığı olmadan bu addımı atmamışlar.

   Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrindən: “...İstanbulda göstərilən əsərlər çox maraqlı keçdi. Türkiyənin ən məşhur rejissorlarından Ərtoqrul Möhsün bizim bu qastrolumuzun gözəl keçməsinə xeyli kömək etmişdi. Üzeyir bəyin «Leyli və Məcnun», «Əsli və Kərəm», «Şah AbbasXurşidbanu», «O olmasın, bu olsun», «Arşın mal alan», Zülfüqar bəyin «Əlli yaşında cavan», «Evliykən subay», Əbdürrəhim bəyin «Ağa Məhəmməd şah Qacar», «Pəri-cadu», «Bəxtsiz cavan», «Dağılan tifaq», Nəriman Nərimanovun «Nadir şah», habelə «Gaveyi-ahəngər», «Əlmənsur» tamaşaları böyük müvəffəqiyyət qazandı. Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Mustafa Mərdanov, Möhsün Sənani və Tərlan xanım haqqında İstanbul jurnallarında böyük məqalələr dərc olunmuşdu...»

   Bu tamaşalar İstanbulun «Millət», «Odeon», «Qaziköy» və başqa teatrlarında göstərilir və hər dəfə alqışlanırdı. Türkiyə mətbuatında dərc olunmuş «Bildiriş»lərdən: «Azərbaycan dramoperetta kompaniyası» qarşıdakı cümə günü yalnız xanımlar üçün, nəqliyyat vasitəsi və hazırkı vəziyyət nəzərə alınaraq gündüzaxşam «Təpəbaşı» teatrında, cümə ertəsi gündüz və gecə Şahzadəbaşında «Millət» teatrında, bazar ertəsi günü və axşamı Qazıköyündə «Quşdili» teatrında Qafqaziyanın ən məşhur operetti «Məşədi İbad»ı oynayacaqdır».

   Qastrol tamaşaları böyük uğurlar qazanır və tamaşa göstərmək üçün aktyorları Türkiyənin digər şəhərlərinə də dəvət edirdilər.

   Qeyd etdiyimiz kimi, mətbuatda tamaşalaraktyorlar barədə məqalələr dərc olunur, habelə aktyorların fotoşəkilləri verilirdi. Ərtoqrul Möhsün truppa haqqında belə yazmışdı: «Azərbaycanlılar, istər müqtədir, istər qeyri-müqtədir olsunlar, bizə Qafqazın ötəsindən əsəri-sənət gətirirlər. Onların vəzifəsi uyuyan diyarın xalqına bir parça zövq, bir parça nəşə, bir parça sənət, bir parça gözəllik gətirməkdir. Onlar bizə kafi dərəcədə bunları gətirdilər. Çox təşəkkürlər edirik...»

   Əlbəttə, qastrol zamanı bəzi problemlər də meydana çıxırdı. Lakin bunlar Tiflis Azərbaycan teatrı truppasının uğurlu çıxışlarına kölgə sala bilməmişdir. İstanbulda nəşr olunan nüfuzlu «Tamaşa» dərgisinin 1 aprel 1919-cu il tarixli sayında dərc olunmuş yazıda oxuduğumuz bu sətirlər hər birimizi bu gün də fərəhləndirir: «Üç aydan bəridir ki, azərbaycanlı artistlər İstanbuldadır. Onlar bu müddətdə «Millət», «Odeon», «Qaziköy» teatrlarında tamaşa vermişlər. ...Qafqazın zəngin səhnələrində tamaşa verməyə alışmış bu aktyorlar, bizim çürük-çarıq səhnələrimizdə yırtıq və arıq dekorların içində, heç də Avropanı təqlid etmədən, milli xəzinədən çıxardıqları əsərlərlə ruhumuzu oxşayan tamaşalar verirlər. Bu sənətkarlar davam etdikləri cığır ilə gedərək, daha mükəmməl bir zəmin və vasitələrlə, şübhə yoxdur ki, daha çox diqqəti cəlb edəcək əsərlər yarada bilərlər».

   Əlbəttə, bu sözlər Azərbaycan teatr sənətinə və aktyorlarımıza verilən yüksək qiymətin ifadəsidir, uğurla keçmiş qastrol isə Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri tarixində mühüm yer tutur.

   Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, bu qastrolun, Xalq artisti Mustafa Mərdanovun da yazdığı kimi, aktyorların yaradıcılığına müsbət təsiri olmuşdur. Onlar Türkiyədə öz həmkarları ilə təmasda olmuş, həmin vaxt İstanbulda qastrolda olan Fransanın məşhur «La» Komedi Fransez» teatrının aktyorlarının ifasında böyük fransız dramaturqu J.B.Molyerin «Don Juan» və «Jorj Danden» əsərlərinin tamaşalarına baxmış, ifaçılarla görüşmüşbundan çox bəhrələnmişlər.

   Bu qastroldan sonra Tiflis Azərbaycan teatrının fəaliyyəti daha da canlanmış, məhz Mirseyfəddin Kirmanşahlının rəhbərliyi və iştirakı ilə «Nadir şah», «Qaçaqlar», habelə «Jorj Danden» kimi irihəcmli tamaşalar hazırlanmış və nümayiş etdirilmişdir.

   Məlumdur ki, 1922-ci ildə Tiflis Azərbaycan teatrı truppasının bazasında M.F.Axundov adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı yaradılmış və elə həmin il yeni teatr Bakıya qastrola getmişdir. Bu qastrol zamanı digər tamaşalarla birlikdə «Jorj Danden» tamaşası da göstərilmişdir.

  

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2012.- 2 noyabr.- S. 12.