Fotoqrafiya incə sənətdir
Ruslan Məmmədov: “Hər bir tələbə müəllimdən
öyrənib öz üslubunu seçməlidir”
Ruslan Məmmədov 15 ildir ki, fotoqrafiya ilə məşğuldur,
bu sənətinin incəliklərini araşdırır,
öyrənir. 1980-ci ildə Bakıda anadan olub. Orta məktəbi
bitirdikdən sonra Dağıstan Dövlət Universitetinin
hüquq fakültəsində təhsil alıb. Fotoya
marağı isə uşaqlıqdan başlayıb. Əlinə
ilk fotoaparat alanda 9 yaşı var idi. Lakin o zaman fotoqrafiya onun
üçün hobbidən başqa bir şey deyildi. Bir təsadüf
onu bu sənətə gətirir. 17 yaşında
fotostudiyaların birinin laboratoriyasında işləməyə
başlayır. 5 il sonra artıq fotostudiyaya rəhbərlik
edirdi. Beləliklə, foto sənətinə bağlanır.
- Fotoya olan sevgi məni bu sənətə
gətirdi. Bir kadrda bəzən o qədər çox şey
olur ki, həm düşünürsən, həm də
gözəllikdən zövq alırsan. Həm də bu işdə
yaradıcılıq üçün stimullar çoxdur. Bir
sözlə, özümü bu sənətdə tapdım.
- Hüquq üzrə ali təhsil
və fotoqrafiya - bunları bir araya necə gətirdiniz?
- Mən ali təhsilimi iş həyatıma
başladıqdan sonra almışam. Öncədən
düşünmürdüm ki, foto peşəmə
çevriləcək. Lakin sonra həyat belə gətirdi.
Amma mən buna sevinirəm.
- Bu sənətdə müəllimləriniz
olubmu?
- Məşhur fotoqraflar Rafiq
Bağırovu, Fərid Xayrulini özümə müəllim
hesab edirəm. Onlardan öyrənmişəm və öyrənəcəyəm.
Fotoda daha parlaq rənglərə üstünlük vermək,
memarlığa olan marağı da onlardan əxz etmişəm.
Ancaq hər zaman öz yolumun olmasına üstünlük
verirəm. Məncə, hər bir tələbə müəllimdən
öyrənib öz üslubunu seçməlidir.
- Bəs fotoqraf kimi hansı janra
üstünlük verirsiniz?
- Ən sevimli janrım sferik panoramadır. Hazırda
az adam
bu janra üstünlük verir. Bu elə bir
janrdır ki, təxminən 40-50 foto çəkilir. Hər hissə
ayrıca çəkilir,
yanaşı qoyulur və birləşdirilir.
Daha sonra isə kadrı çevirərək
bir dairədə birləşdiririk. Həmçinin uşaqları çəkməyi
çox xoşlayıram.
Onlar daim hərəkətdədir, hərəkət
və davranışlarında
çoxlu emosional məqamlar olur: gah ağlayırlar, gah gülürlər. Onlarla işləmək çətin
olduğu qədər
də zövq vericidir. Əsas odur ki, nəticədə maraqlı
fotolar alınır.
- Təxminən
15 ildir foto sənətindəsiniz. Yəqin
fotoaparatınız çox
olub...
- “Zenit”
markalı, plyonkalı
fotoaparatlardan başlamış
indiki müasir markalara qədər işlətmişəm. Təbii ki,
ən dəyərli fotoaparat ilk fotoaparat olur. Daha sonra fotoaparatın
sayı artır və yadda da
qalmır. Müasir
zamanda isə modellər tez-tez yenilənir...
- Bəs
professional olaraq hansı
markaya üstünlük
verirsiniz?
- “Nikon” markası mənim üçün professionallığa
daha yaxındır.
Başqa
markaya keçsəm belə, sonda “Nikon”a qayıtmışam.
- Sizin üçün fotoda önəmli olan nədir?
- Mənim üçün fotonun cəlbedici olması çox mühümdür.
İnsan
fotoya baxdıqda düşünməlidir. Fotoya baxıb axtarmalısan və müəllifin demək istədiyini tapmalısan. Bu zaman əsl sənətdən söhbət
gedə bilər.
O zaman fotoqraf da işindən razı qalır, tamaşaçı da məmnun olur. Hər hansı kadrı görmək, fotoaparatın
yaddaşına köçürüb
insanlara təqdim etmək yəqin ki, əsl sənət
adlanır.
- Hazırda işlətdiyiniz fotostudiya
haqqında da məlumat verin.
- “Photo Art Studio”da müxtəlif çəkilişlər həyata
keçirik. Şəraitimiz də maraqlı layihələr həyata keçirməyə imkan verir. Bundan əlavə, AMEA-nın Nizami adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
fotoqraf kimi çalışıram. Fotoreportajlar edirəm.
Foto işi biznes
olduğu qədər
də sənətdir,
özü də incə sənət.
- Pedaqoji fəaliyyətlə də
məşğulsunuz...
- XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində foto dərnəyində dərs
verirəm. Çox maraqlı işdir.
Çünki belə dərnəklər
indi demək olar ki, yoxdur.
Ötən il
məktəbin III-VIII sinif
uşaqlarının foto
sərgisi keçirildi.
Milli Dram
Teatrında keçirilən
sərgidə şagirdlərimin
çəkdiyi fotolar
sərgilənirdi. Belə bir
sərgini yenidən keçirmək niyyətindəyik.
Hazırda siniflər üzrə
7 qrup fəaliyyət göstərir. Hər bir
şagirdin öz fotoaparatı var, çəkmək üçün,
işıq qurmaq üçün kiçik
pavilyonumuz da var. Bundan başqa açıq havada çəkilişlər edirik.
Bu peşəni gənc nəslə öyrətmək bizim borcumuzdur. Nə qədər çox
istedadlı gənclərimiz
olsa, bir o qədər yaxşıdır.
Mən də bu istiqamətdə
əlimdən gələni
edirəm.
- Sərgiləriniz
olubmu?
- Fərdi sərgim olmayıb, amma daim keçirilən
sərgilərdə iştirak
edirəm. Həmçinin müxtəlif müsabiqələrə
qatılıram. 2009-cu
ildə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin keçirdiyi
“Qeyri-adi süjet” müsabiqəsində birinci
yerə layiq görüldüm. 2011-ci ildə “Qədim şəhər gənc fotoqrafların gözü
ilə” adlı müsabiqədə qalib oldum. Müsabiqəyə təqdim etdiyim
“Əks” adlı fotoda “İçərişəhər”
metrosunun şüşələrində
qala divarlarının
əksi yer alırdı. Bu da köhnə və yeni şəhərin
sintezi təəssüratı
yaradırdı. Foto şəhərimizin
zəngin memarlığını
əks etdirirdi və münsiflər tərəfindən yüksək
qiymətləndirildi.
- Ən
sevimli fotonuz hansıdır?
- Sevdiyim fotolarım çoxdur. Memarlığı əks etdirən
fotolarımı daha çox bəyənirəm.
Sferik
panorama janrında çəkdiyim
fotoları qeyd edə bilərəm.
Bir neçə hissəni birləşdirən
bu fotolar arasında - Xan sarayı, Qala muzeyindəki qüllə,
A.S.Puşkin adına
park və digərlərini
sadalaya bilərəm.
Ən sevimli fotolarımdan adını çəkdiyim
“Əks” adlı işi göstərə bilərəm. Azərbaycan foto
üçün unikal
yerdir. Bura gələn xarici
fotoqraflar bir dəqiqə belə boş dayanmırlar.
Çox
gəzib, çox çəkirlər.
- Siz necə, səyahət etməyi xoşlayırsınız?
- MDB ölkələrinin
çoxunda olmuşam.
İmkan
düşən kimi harasa gedirəm. Fərq etməz, ölkə daxilində və ya xaricə. Fotoqraf üçün yeni məkan yaradıcı axtarış baxımından
çox vacibdir.
Nəsə tapırsan, maraqlı
kadrlar görə bilirsən.
Söhbətləşdi: Reyhan
İsayeva
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 11.