Baltikyanı
ölkələrlə turizm əlaqələri
genişlənir
Turizm təmsilçilərimiz
Litvada infoturda olublar
Azərbaycanın son
illər turizm sahəsində əməkdaşlığı
genişləndirdiyi ölkələr sırasında
Baltikyanı respublikalar da
var.
Hələ sovet dövründə Litva, Latviya və Estoniyadan Azərbaycanın təbii müalicəvi məkanlarında, xüsusilə də Naftalanda dincəlmək üçün çoxlu qonaqlar gələrdilər. Azərbaycanlılar arasında da bu respublikaların təbii kurortlarında istirahətə böyük maraq vardı.
Azərbaycanda turizm dövlət tərəfindən prioritet sahə elan edildikdən sonra bu əlaqələrin bərpası və daha da genişləndirilməsi istiqamətində işlər görülür. Litvanın «Sunny Travel Baltic» turizm şirkətinin dəvəti ilə Azərbaycanın bir qrup turizm şirkəti nümayəndəsinin bu ölkəyə səfəri də həmin məqsədə xidmət edir.
Səfərin iştirakçılarından olan «İnfotour.az» saytının direktoru Kamran Qədirovun sözlərinə görə, «Sunny Travel Baltic» şirkətinin nümayəndələri bu ilin aprelində Bakıda keçirilən «AİTF-2012» sərgisində azərbaycanlı həmkarları ilə əməkdaşlıq müqaviləsi imzalayıblar. Bundan sonra iki ölkənin turizm şirkətləri yay mövsümündə bir neçə turist qrupu üçün qarşılıqlı səfərlər həyata keçiriblər. «Sunny Travel Baltic» turizm şirkəti də Azərbaycanda fəaliyyət göstərən turoperatorların bir qrupunu infotura dəvət edib: «Səfərimiz Litvanın balneoloji istirahət zonalarından olan «Druskininkay» Kurortlar Birliyindən başladı. Bu məkan hələ XVIII əsrdən öz müalicəvi xüsusiyyətinə görə tanınıb. Natrium-xlorid, kalsium, maqnezium tərkibli mineral suları müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. “Druskininkay” özündə bir neçə sanatoriyanı birləşdirir. Onlardan üçü - «SPA Vinius Sana», «Egle» və «Grand SPA Lietuva» - ilə tanış olduq. Sovet dövründən fəaliyyət göstərən bu müalicə mərkəzləri müasir standartlara uyğun yenidən qurulub. Burada turistlərin müalicəsi, müayinəsi və istirahəti üçün hər bir şərait mövcuddur. Sanatoriyalara müraciət edən hər insan buradakı həkim heyəti tərəfindən hərtərəfli yoxlanılır, onlardakı xəstəliklər müəyyən olunur və buna uyğun da müalicə təyin edilir. Xəstələrə təyinatından asılı olaraq müxtəlif prosedurlar, masaj (palçıq, mineral su, təbii otlardan ibarət vannalar, kosmetoloji vasitələr və s.) təklif olunur”.
Səfər boyu infotur iştirakçılarını «Sunny Travel Baltic»in direktoru Kristina Smık-Boquşko müşayiət edib: «Onun sözlərinə görə, Druskininkay kurortları azərbaycanlılar arasında çox populyardır və bu il kurortlara gedən vətəndaşlarımızın sayı ötən ilə nisbətən 50 faiz artıb”.
İnfotur iştirakçılarının Azərbaycanın Litvadakı səfirliyində bu ölkənin turizm sənayesinin nümayəndələri ilə işgüzar görüşü də olub. Səfir Həsən Məmmədzadənin iştirak etdiyi görüşdə hər iki ölkə arasında iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən də turizm üzrə əlaqələrin genişlənməsi barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Litva hökumətləri bu əlaqələrin daha yüksək səviyyədə inkişafında, qarşılıqlı turizm səfərlərinin təşkilində maralıdır. Litvanın müxtəlif dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri tez-tez Bakıya gəlir, burada beynəlxalq forumlarda, sərgilərdə iştirak edirlər. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə səbəb olur.
K.Qədirovun sözlərinə görə, Litvanın Azərbaycandakı səfirliyi bu ölkəyə getmək istəyən vətəndaşlarımız üçün viza almaq müddətini 5 iş gününə qədər endirib. Görüş zamanı turoperatorlar qeyd ediblər ki, Vilnüslə Bakı arasında birbaşa aviareysin açılması qarşılıqlı turist mübadiləsinə təkan verə bilər. İnfotur zamanı Litva və Azərbaycan turoperatorları Yeni il tətilində qarşılıqlı bayram turları həyata keçirmək barədə də razılığa gəliblər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 7.