Sənətçilərimiz
beynəlxalq festivaldan qayıdıblar
Oktyabr ayında Tacikistanda “Falak” beynəlxalq festival-simpoziumu
keçirilib.
Tədbirdə
Azərbaycanı təmsil
edən Valid Abdullayev
(xanəndə), Adil Əliyev (tar) və Elvin Novruzovun (kamança) ifaları tamaşaçılar
tərəfindən maraqla
qarşılanıb. Beynəlxalq
tədbirdə uğurla
çıxış etmiş
gənclərdən ikisi
redaksiyamızın qonağı
oldular, onların səfər təəssüratlarını
öyrəndik.
Valid Abdullayev:
Festival Tacikistanda ənənəvi
olaraq keçirilir. Builki tədbir çox möhtəşəm
təşkil olunmuşdu.
Azərbaycanla yanaşı,
ABŞ, Hindistan, Rusiya,
Pakistan, Əfqanıstan və
İrandan gəlmiş
musiqiçilər, sənətşünaslar,
kulturoloqlar iştirak edirdilər. “Falak” Tacikistanda xalq mahnısı janrıdır
və festivalda da bu üslubda
olan musiqi nömrələrinə üstünlük
verilir. Biz də bu janra uyğun
olan muğam və xalq mahnılarımızı
ifa etdik.
Adil Əliyev: Oktyabrın 8-də
paytaxt Düşənbədə
keçirilən açılış
mərasimində ölkəmizdən
musiqiçilərlə yanaşı,
Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyət siyasəti
şöbəsinin Qeyri-maddi
mədəni irs sektorunun aparıcı məsləhətçisi Rəşad
Əliyev, musiqişünas
Lalə Hüseynova iştirak edirdilər. Açılış mərasimində
Azərbaycanın “Sarı
gəlin” xalq mahnısı ilə çıxış etdik.
Ertəsi gün isə bizi dövlət
televiziyasında çıxış
etmək üçün
dəvət etdilər.
Oradan da xoş təəssüratlarla
ayrıldıq. Festival çərçivəsində
T.Sattorov adına Tacikistan Milli Konservatoriyasında, M.Tursunzadə
adına Tacikistan Dövlət İncəsənət
Universitetində, Fayzabad,
Tursunzadə və Vaxdat şəhərlərində
konsertlər keçirildi.
- Təqdim etdiyiniz musiqi nömrələri necə
qarşılandı?
Valid Abdullayev: Bütün konsertlərdə
çalışırdıq ki, qüsursuz ifamızla tamaşaçılarda
Azərbaycan musiqisi, mədəniyyəti haqqında
müsbət fikirlər
yaradaq. “Çahargah”,
“Segah”, “Rast”, “Bayatı-Şiraz”, “Qarabağ
şikəstəsi”, “İrəvanda
xal qalmadı” və s. musiqi nömrələri böyük
maraqla qarşılandı.
“Sarı gəlin” isə tamaşaçılara
tamamilə fərqli təsir bağışlamışdı.
Konsertdən sonra bizə yaxınlaşıb
bu mahnı haqqında fikirlərini deyir, sözlərin mənasını soruşurdular.
Adil Əliyev: Festival çərçivəsində
Tacikistan Milli Konservatoriyasında tələbələr
qarşısında bir
saatlıq konsert proqramı ilə çıxış etdik.
Onlara bizim musiqi alətlərimiz, muğamlarımız çox
maraqlı görünürdü.
Tacikistanda Azərbaycanın
görkəmli musiqiçilərini
- Rəşid Behbudovu,
Zeynəb Xanlarovanı,
Mənsum İbrahimovu
yaxşı tanıyır
və sevirlər. Əlbəttə ki, bütün bunları eşitmək bizim üçün fəxr idi. Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı
bildiririk ki, biz gənclərə bu cür etimad göstəriblər. Biz də
sevinirik ki, musiqimizin təbliği işinə az da olsa, töhfəmizi
verə bilirik.
- Sənətdə
müəllimləriniz kimdir?
Valid Abdullayev: Mən Milli Konservatoriyada Xalq artisti, professor Mənsum İbrahimovun sinfində təhsil alıram. Adil Əliyev isə Əməkdar artist
Elçin Həşimovun
tələbəsidir. Elə
bu festivala getməmişdən əvvəl
onların dəyərli
məsləhətlərini almışıq.
Adil Əliyev: Bu festivalda iştirak etmək və Azərbaycanı təbliğ etmək imkanını yaradan insanlara minnətdarlığımızı
bildiririk. Bu, bizə sənət həyatımızda
stimul verdi. Çünki musiqi ilə, incəsənətlə
məşğul olan hər bir gənc
Azərbaycan mədəniyyətini
yüksək səviyyədə
təbliğ etmək
üçün daim öz üzərində çalışmalıdır.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 5.