O,
adını tarixə belə yazdı: istiqlal
şairi
Xəlil
Rza Ulutürk - 80
Əbülfəs
Qarayev: “Xəlil Rza qədim poeziya tarixinə malik Odlar Yurdunun
elə nadir sənətkarlarındandır ki, onun bütün
əsərlərinin baş qəhrəmanı Azərbaycandır!”
Oktyabrın 30-da Akademik Milli Dram Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Xalq şairi, görkəmli ictimai xadim, filologiya elmləri
doktoru, professor Xəlil Rza Ulutürkün 80 illik yubileyinə
həsr edilmiş təntənəli mərasim keçirildi.
Mərasimdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək Xəlil Rza Ulutürkün
zəngin ədəbi irsindən, ictimai fəaliyyətindən
danışdı. Nazir Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Xəlil Rza Ulutürkün 80
illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun
tarixli sərəncamını şairin
yaradıcılığına dövlət tərəfindən
verilən böyük qiymət kimi dəyərləndirdi və
sərəncama uyğun olaraq ölkənin mədəniyyət
və təhsil ocaqlarında, yaradıcılıq təşkilatlarında
tədbirlərin, xatirə gecələrinin keçirildiyini
bildirdi.
Əbülfəs Qarayev XX əsr
Azərbaycan ədəbiyyatının odlu-alovlu şairi Xəlil
Rzanın yaradıcılığından söz
açdı. Bildirdi ki, şairin ədəbi irsi nə qədər
çoxşaxəli, mövzu dairəsi nə qədər
geniş olsa da, əsərlərinin ana xəttini vətənpərvər
ruh, istiqlal amalı və milli ideyalar təşkil edib: “Xəlil
Rza qədim poeziya tarixinə malik Odlar Yurdunun elə nadir sənətkarlarındandır
ki, onun bütün əsərlərinin baş qəhrəmanı
Azərbaycandır!”.
Şair vaxtilə dərs dediyi Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda azadfikirli, istedadlı gənclərin
yetişib formalaşmasında böyük rol oynayıb. Xəlil
Rza həm də gözəl tərcüməçi, alovlu
publisist olub: “1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı
genişləndiyi zaman Xəlil Rzanın gur səsi o
taylı-bu taylı Azərbaycanın hər bir nöqtəsində
eşidilməyə başlamışdır. O, bütün
varlığı ilə xalq hərəkatına
qoşulmuş, hər yerdə Dağlıq Qarabağ
torpağına təcavüz edən erməni
daşnaklarının separatizmini ifşa etmişdir. Məhz
bu çıxışlarına, sovet imperializminə
qarşı kəskin etirazlarına görə 1990-cı il
yanvarın 26-da şair SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin əməkdaşları tərəfindən həbs
edilib Moskvaya, Lefortovo həbsxanasına göndərilmişdir.
Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini
qıra bilməmiş, o, zindanda da mübarizəsini davam
etdirmişdir. 8 ay 13 gün öz mühitindən təcrid
olunmuş şair odlu-alovlu qəlbinin işığında
"Lefortovo gündəliyi”ni, 200-dən çox şeir,
poema və məktub qələmə almışdır. Bu əsərlər
mübariz şairin ictimai-siyasi
dünyagörüşünü əks etdirməklə
yanaşı, həm də öz bədii dəyəri, məzmunu
ilə milli poetik fikri zənginləşdirən örnəkdir.
Sovet rejiminin hökm
sürdüyü illərdə zamanın ideoloqları Xəlil
Rzanın od püskürən şeirlərinə,
açıq danışığına, cəsarətli
çıxışlarına, həqiqətpərəstliyinə
qısqanclıqla yanaşsalar da, şairin haqq səsi
heç zaman susmamış, döyüşkən milli təfəkkürün
inkişafına böyük təsir göstərmişdir.
Alovlu şair həm də Milli Qəhrəman atasıdır.
Azərbaycanın azadlığı uğrunda Xəlil Rza
Ulutürklə bərabər iki övladı
döyüşmüşdür: onun qəhrəman
poeziyası və qəhrəman oğlu Təbriz!”.
Azərbaycan xalqının Xəlil
Rza yaradıcılığına böyük ehtiram göstərdiyini
deyən nazir ədibin adının əbədiləşdirildiyini,
ümummilli lider Heydər Əliyevin şairin
yaradıcılığını daim yüksək qiymətləndirdiyini,
onu “İstiqlal” ordeni ilə təltif etdiyini vurğuladı.
Xəlil Rzanın çoxlu sayda
kitablarının nəşr olunduğunu deyən Əbülfəs
Qarayev bu yaxınlarda Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə şairin şeir və
poemalarından ibarət irihəcmli kitabın çapdan
çıxdığını da qeyd etdi. Onun yaradıcılığına
həsr olunmuş tədqiqat əsəri də bu günlərdə
işıq üzü görəcək. Nazir kitabların tərtibçisi,
Xəlil Rza adını, Xəlil Rza irsini layiqincə
yaşadan, təbliğ edən, şairin ömür-gün
yoldaşı Firəngiz Xəlilbəyliyə dərin təşəkkürlərini
bildirdi: “Xəlil Rza Ulutürk Azərbaycanın Xalq
şairidir, o, eyni zamanda “İstiqlal” ordeninə layiq
görülmüşdür. Ancaq mən elə bilirəm ki,
şair Xəlil Rza Ulutürkün ən böyük
mükafatı xalqımızın onun
yaradıcılığına və şəxsiyyətinə
bəslədiyi sevgidir. İnanıram ki, bu sevgi Azərbaycan
xalqı var olduqca yaşayacaqdır”.
Yubiley gecəsində Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxış edərək
Xəlil Rzanın mübariz bir şair olduğunu dedi. Hələ
sovet dönəmində:
Azadlığı istəmirəm
zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri
qıram gərək, qıram, qıram!
- deyə
haqq səsini ucaldan şairin dövr dəyişəndən
sonra azadlıq mübarizəsinə qoşulduğunu,
böyük ürək ağrısı ilə
yazdığı “Davam edir 37” şeirini mübarizə yolunda
kəskin silah kimi dəyərləndirdi. Xalq hərəkatı
başlayan gündən xalqın ən sevimli
ziyalılarından biri kimi mübarizlərə atılan, yolu
həbsxanadan keçən şairin təlatümlər dolu həyatından
danışdı.
“Xəlil Rza oğlunu da bu vətənə
qurban verdi”, - deyən yazıçı ağır itkilərə
böyük mətanət, böyük cəsarətlə sinə
gərən Xəlil Rzanın irsini toplayıb çap edən
ömür-gün yoldaşı Firəngiz xanıma təşəkkür
etdi. Xəlil Rzanın həmişə qəlblərdə
yaşayacağını, seviləcəyini və
böyük minnətdarlıq hissi ilə
xatırlanacağını bildirdi.
Xalq şairi Zəlimxan Yaqub
çıxış edərək Xəlil Rzanın Azərbaycan
ədəbiyyatındakı yerindən və xidmətlərindən
danışdı. Bildirdi ki, Xəlil Rza daima yad ediləcək,
çünki o heç zaman Azərbaycan xalqının qəlbindən
çıxmayacaq. “Xəlil Rza mübariz idi, ötkəm idi,
möhkəm idi. Zindan da gördü, şəhid atası da
oldu, azadlıq mücahidi oldu, heç vaxt öz əqidəsindən,
öz yolundan dönmədi. Xəlil Rza başdan-ayağa vətən
eşqi idi” - deyən Zəlimxan Yaqub azad ruhu ilə
milyonların qəlbini titrədən əbədi bir şair
kimi xalqın yaddaşında, qəlbində, ürəyində
yaşayacağını bildirdi.
Milli
Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Xəlil
Rzanın azadlıq uğrundakı mübarizəsindən, vətəndaş
bütövlüyündən, əzmindən və fədakarlığından
söz açdı. Filologiya üzrə fəlsəfə
doktoru Azər Turan azadlıq şairinin kəşməkəşli
həyatının təlatümlərindən,
ağrılarından, bütün bunlara baxmayaraq, Xəlil
Rzanın vüqarından, qürurundan danışdı. Xalq
şairi Nəriman Həsənzadə Xəlil Rzanın
yaxın dostlarından biri kimi onun insani keyfiyyətlərindən,
ürəyiaçıqlığından, mərdanəliyindən
söz açdı, xatirələrini bölüşdü.
Ölməz şairin
ömür-gün yoldaşı, Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun fəxri doktoru Firəngiz Ulutürk şairin 80
illik yubileyinin keçirilməsi ilə bağlı
imzaladığı sərəncama görə Prezident
İlham Əliyevə dərin minnətdarlığını
bildirdi. O, Xəlil Rza Ulutürkün vəfatından sonra 45
kitabının nəşr olunduğunu diqqətə
çatdırdı və neçə ki, canında can var,
şairin irsini sevə-sevə təbliğ edəcəyini,
kitablarını nəşr etdirəcəyini, arxivini
araşdıracağını bildirdi. Firəngiz xanımın
çıxışı alqışlarla
qarşılandı.
Tədbirdə görkəmli
poeziya ustasının ictimai fəaliyyətinə dair
videosüjetlər nümayiş olundu.
Rəsmi hissədən sonra Xəlil
Rza Ulutürkün şeirləri Xalq artisti Nurəddin
Mehdixanlının, Əməkdar artist Ağalar Bayramov, gənc
aktyor və aktrisaların ifasında iştirakçılara təqdim
olundu. Şeirlər əsasında kompozisiyalarla yanaşı,
şairin sözlərinə yazılmış mahnılar da
ifa olundu.
Ömrü dalğalarda, mübarizələrdə
keçən Xəlil Rza Ulutürkün 80 illik yubileyi tarixə
belə yazıldı: o, xalqı, vətəni Azərbaycan
yolunda canını və oğlunu qurban verən fədakar
AZADLIQ şairdir!
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 4.