“Əgər
Şaiq olmasaydı”
Ədibin
mənzil-muzeyində xatirə lövhəsi
açıldı
Oktyabrın 31-də Abdulla Şaiqin mənzil-muzeyində
böyük ədibin Xalq rəssamı Natiq Əliyev tərəfindən
hazırlanmış barelyefli xatirə lövhəsinin
açılışı və anadan olmasının 130 illiyinə
həsr edilmiş “Əgər Şaiq olmasaydı”
kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev böyük ədibin zəngin
yaradıcılığından və milli ədəbiyyatımızın
inkişafı və tərəqqisi naminə
gördüyü əvəzsiz işlərdən söz
açdı. Bildirildi ki, bütün dövrlər
üçün aktual olan A.Şaiq irsinin təbliğinin
böyüməkdə olan gənc nəslin yetişməsində
böyük əhəmiyyəti var: “Keçən il Abdulla
Şaiqin 130 illiyi ilə əlaqədar tədbirlər
planı hazırladıq. Biz böyük ədibi yad etməklə
onun Azərbaycan ədəbiyyatı və
folklorşünaslığı qarşısındakı əməyinin
müqabilində bir daha böyük hörmət və
ehtiramımızı bildirmiş oluruq. Abdulla Şaiq Azərbaycanda
gənc nəslin bədii-estetik zövqünün
formalaşmasında xidmətləri olan bir şəxsiyyətdir.
O, gələcəyi aydın görən bir insan olduğu
üçün bu gün də onun yazdıqları
aktuallığını qoruyub saxlaya bilmişdir”.
Görkəmli ədibin
adının əbədiləşdirildiyini, Azərbaycan
Dövlət Kukla Teatrının Abdulla Şaiqin adını
daşıdığını deyən nazir bildirdi ki, mənzil-muzeyin
girişində vurulan barelyefli xatirə lövhəsini görənlər
böyük yazarı bir daha yad edəcəklər.
Xalq şairi Fikrət Qoca, Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun direktor əvəzi Teymur Kərimli, Abdulla
Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə
ədibin zəngin yaradıcılığından söz
açdılar. Vurğulandı ki, Abdulla Şaiq Talıbzadə
Azərbaycanın ictimai, ədəbi və mədəni fikir
tarixində görkəmli romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas
alim, tərcüməçi və müəllim kimi bənzərsiz
yer tutur. Görkəmli ədib Azərbaycan
yazıçıları arasında hələ
sağlığında ikən xatirəsi əbədiləşdirilən
şəxsiyyət olmuşdur. Abdulla Şaiq
yaradıcılığı sənətsevərlərə,
ümumilikdə isə cəmiyyətə bədii zövq
aşılayır. O, canlı bir körpü idi. Bu
körpü dövrünün ziyalılarını, tələbələri,
görkəmli şəxsiyyətləri birləşdirirdi.
Azərbaycan ədəbi fikir tarixində xüsusi yeri olan
Abdulla Şaiqi bir daha yad etmək və ictimaiyyəti
yazıçının ədəbi-bədii irsi ilə
yaxından tanış etmək bu işlə məşğul
olan hər birimizin borcudur.
Sonra xatirə lövhəsinin
üzərindəki ağ örtük
götürüldü. Tədbir iştirakçıları
muzeyin ekspozisiyası ilə də yaxından tanış
oldular. Ekspozisiyada ədibin müxtəlif dövrləri əhatə
edən zəngin fotoarxivi və şəxsi əşyaları
ilə yanaşı, Azərbaycan tarixini özündə əks
etdirən maraqlı guşə də yer alıb.
Tədbirin davamı olaraq “Əgər
Şaiq olmasaydı” kitabının təqdimat mərasimi
keçirildi. Kitabın tərtibçiləri sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
və filologiya üzrə fəlsəfə doktoru Arzu
Hacıyeva, redaktoru filologiya elmləri doktoru, professor Alxan
Bayramoğludur.
Kitabda AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda Abdulla Şaiqin anadan olmasının 130 illiyi
münasibətilə keçirilmiş elmi sessiyada səslənən
məruzələr, ədibin
yaradıcılığının təhlilinə həsr
edilmiş elmi məqalələr və xatirələr
toplanıb.
Nəşrdə yer almış
materiallar ədibin bənzərsiz elmi-bədii
yaradıcılığının öyrənilməsi
baxımından yüksək qiymətləndirildi. Arzu
Hacıyeva nəşrin məziyyətlərindən söz
açdı: “Kitabda Abdulla Şaiqlə bağlı məqalələr,
məruzələr və xatirələr toplanıb. Burada
milliliklə bəşəriliyin, ənənə ilə
müasirliyin, Şərqlə Qərbin mükəmməl
sintezinin şahidi oluruq. O, milli-mənəvi dəyərlərin
yorulmaz təbliğatçısı, həm də
müasirliyin tərəfdarı idi. Bir əsrə
yaxındır ki, hər bir azərbaycanlı körpə
dilini Abdulla Şaiqin şeirləri və bu şeirlərə
yazılmış mahnılarla açır. Onun irsi
bütün dövrlərin oxucuları üçün
maraqlı və aktualdır”.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 2 noyabr.- S. 3.