Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi

 

   Bu gün müsabiqənin III turu keçiriləcək

  

   Mədəniyyət və Turizm NazirliyiBülbül Fondunun təşkilatçılığı ilə keçirilən Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsində iki tur arxada qalıb.

  

   Xatırladaq ki, Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoqmusiqişünas alim, ictimai xadim, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr edilən sənət yarışmasında 14 ölkədən 65 vokalçı iştirak edir. Beynəlxalq münsiflər heyətinə məşhur müğənni, Rusiyanın Xalq artisti Sergey Leyferkus rəhbərlik edir.

   Oktyabrın 29-30-da Azərbaycan Dövlət Filarmoniyasında sənət yarışmasının I turu keçirildi. Münsiflərin seçimindən sonra 27 ifaçının II tura keçdiyi bəlli oldu. Onların arasında Rusiyanın 9, Gürcüstanın 5, Ukraynanın 5, Azərbaycanın 3, Bolqarıstan, ABŞ, Türkiyə, Özbəkistan və Belarusun 1 vokalçısı yer alıb.

   Oktyabrın 31-də müsabiqədə ikinci tur başlandı. Bu turda iştirakçılar üç musiqi nömrəsi (o cümlədən azərbaycanlı bəstəkarın 1 əsəri) ilə çıxış etdilər.

   Noyabrın 1-də müsabiqə çərçivəsində vokalçıların yarmarkası da keçirildi. Yarmarkada Azərbaycan, Rusiya, Ukraynas. ölkələrdən 15 ifaçının çıxışları dinlənildi.

   Noyabrın 2-də müsabiqənin sonuncu turuna vəsiqə qazanmış iştirakçıların adları açıqlanacaq və sənət yarışmasının III turu keçiriləcək. Müsabiqənin Qran-pri mükafatı 10 min, I mükafat 5 000, II mükafat 3000, III mükafat 2000, IV mükafat 1000 manat məbləğində nəzərdə tutulub.

   Noyabrın 4-də Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə qaliblərinin iştirakı ilə Bülbülün 115 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 2 noyabr.- S.3.