Ustad aşığın yubiley təntənəsi

 

   Aşıq Mirzə Bilal -140

  

   Noyabrın 1-də Şamaxı şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 illiyinə həsr edilən təntənəli mərasim keçirildi.

  

   Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsindən sonra folklorşünas alim, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı tədbiri açaraq ustad aşığın zəngin yaradıcılığından və kəşməkəşli həyat yolundan danışdı. Bildirdi ki, Şirvan aşıqlarının atası hesab edilən Mirzə Bilal 1872-ci il martın 12-də Şamaxı qəzasının Qəşəd kəndində (hazırda Ağsu rayonunun ərazisi) anadan olub. Şamaxının Əngəxaran kənd sakini Aşıq İbrahimdən sənətin sirlərini öyrənən, Seyid Əzim Şirvaninin “Beytüs-səfa” məktəbində dərs alan gənc Bilal ərəb, fars dillərini mükəmməl mənimsəyib. Eyni zamanda, Mahmud Ağa Əhməd Sultan Ağa oğlunun musiqi məclislərində yaxından iştirak edib. Bu, onun həm də bir xanəndə kimi yetişməsinə böyük təsir göstərib.

   Aşıq Mirzə Bilal dövrünün görkəmli sənətkarı kimi ad çıxarıb. Lakin Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra bir çox sənətkarlar kimi o da təqiblərlə üzləşib. Repressiya qurbanı olan aşıq 1937-ci il noyabrın 27-də güllələnib.

   Bildirildi ki, Aşıq Mirzə Bilalın həyat və yaradıcılığı geniş tədqiq olunmalıdır. Ötən əsrdə Mürsəl Mürsəlovun dissertasiyası, görkəmli alim və yazıçı Əzizə Cəfərzadənin tədqiqatları istisna olmaqla, demək olar ki, onun haqqında kifayət qədər bilgi əldə edilməyib. Son vaxtlar filologiya elmləri doktorları, professorlar Seyfəddin Qəniyev və Rafael Hüseynov bu mövzuda tədqiqatlar aparıblar.

   Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov qonaqları salamlayaraq görkəmli sənətkarın həyat yolundan danışdı. Bildirdi ki, Aşıq Mirzə Bilal görkəmli sənətkar olmaqla bərabər, həm də bir el ağsaqqalı olubbu gün onun ömrü və yaradıcılığı gənc aşıqlar üçün bir örnəkdir.

   Professor Qəzənfər Paşayev çıxışında bildirdi ki, Şirvan torpağı tarixən Azərbaycana görkəmli simalar bəxş edib. Aşıq Bilal da onların sırasında yer tutmuş ünlü sənətkardır. O, XX əsr Şirvan aşıq sənətinin formalaşmasına böyük təsir göstərib, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Rza kimi sənət ustalarının yetişməsində böyük rol oynayıb.

   Professor Seyfəddin Qəniyev çıxışında bildirdi ki, Aşıq Bilal şeirləri, habelə bəstələdiyi mahnıları ilə əvvəl Şamaxıda, Şirvanda, sonra da Azərbaycanda tanınıb. “Görünməz oldu”, “Ala gözlər” kimi mahnıları və deyişmələri dillər əzbəri olub. Yubiley mərasimində S.Qəniyevin yeni çapdan çıxmış “Bir vaxt şam-çıraqla gəzərlər məni” kitabı sənətsevərlərə təqdim olundu.

   Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu mərasim iştirakçılarına Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun salamını yetirdi, Mirzə Bilalın həyatından söz açdı. Mirzə Bilaldan öncə Şəkidə Aşıq Molla Cümənin bolşevik repressiyasının qurbanı olduğunu xatırladan natiq “belə ünlü sənətkarlara edilən qəsdlər milli aşıq sənətimizin inkişafına təsirsiz ötüşməyib”, - deyə əlavə etdi.

   Folklorşünas Qalib Sailov, Aşıq Ələsgər muzeyinin yaradıcısı Hüseyn Həsənov Aşıq Bilalın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşdülər.

   Yubiley tədbirində Xalq artisti Mələkxanım Əyyubova, Əvəzxan Xankişiyev, muğam ifaçısı Elnarə Abdullayeva, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Püstəxanım Zeynalova, Mahir Mirişov, aşıqlardan Ağamurad Şirvanlı, Əli Tapdıqoğlu, Yanvar, Vüqar Mahmudoğlu, Məhəmməd Şirvanlı və başqaları maraqlı çıxış və ifaları ilə mərasim iştirakçılarının zövqünü oxşadılar.

   Tədbirin sonunda Aşıq Mirzə Bilalın oğlu Şəfi Mikayılov mədəniyyətimizin inkişafına və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCOİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 7 noyabr.- S. 15.