“Qadın
intizarı”
Afrikalı qızın həyat
hekayəti Azərbaycan səhnəsində
Noyabrın 5-də II Bakı Beynəlxalq
Teatr Konfransı çərçivəsində
Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika
Respublikası teatrının nümunəsi olan
“Qadın intizarı” tamaşası təqdim olundu.
Yael Farber və Tembi Mtşalinin
hazırladığı səhnə əsəri maraqlı
süjetə, düşündürücü
ideya və fəlsəfi yükə malikdir. Səhnə oyunu fenomenal istedada malik Tembi Mtşalinin
ifasında gerçəkləşdi.
Tamaşanın əvvəlində qırmızı paltarlı qız iri bir sandığın içindən çıxır. Bütün həyatının intizarını, həsrətini səsinə yığıb qədim bir Afrika melodiyasını zümzümə edir. Və başlayır hər şeyi lap əvvəldən danışmağa. Nə zaman başladı bu intizar, bu gözlənti? O elə hey anasını gözləyən qız uşağıdır, amma ayaqları böyüyür. Daim həsrətini çəkdiyi günləri-ayları saydığı görüşlərdə anasının ona gətirdiyi ayaqqabılarsa ayağına gəlmir. Bu ayaqqabılar anası ilə arasındakı ayrılığı aşa bilmir. Ana həmişə gecikir. Uşaq həmişə gözləyir.
Uşaq böyüyür və böyüdükcə bu intizar da böyüyür. O qədər böyüyür ki, bir tamaşaya çevrilib qəlblərə dolur. Özü ilə böyütdüyü həsrətləri, gözləntiləri yarıqaranlıq səhnədə cızır aktrisa. O balaca qız uşağıdır - gözləyən, darıxan, ümidli... Güllü ətək onu yanına alır. Dünya öz gonbul qarnını ona göstərir. Deməli, o gonbul qarın əbədi olaraq qızın yaddaşına həkk olur. Əhvalat gəlir tamaşaya çevrilir, amma o uşaq gözləntisi hələ də davam edir. Hələ də qadın uşağa gecikir. Dünya ilə uşağın arasında qalır qadın. Dünya gonbul, aqressiv və amansızdır, uşaqsa yalnız. Tembi Mtşali tamaşa içində qumu ovuclayıb tökdükcə gözləntilər, intizarlar bir-birinə qovuşub artır. Və uzaq-uzaq dərin bir yerlərdən qadın intizarının səsi gəlir…
Tamaşa “Farber Foundry production”un istehsalıdır. Bu qurum 2004-cü ildə
təşkil olunub.
Yael Farber həm dramaturqdur, həm aktrisa, həm də rejissor. Bu xanımın sənət
emalatxanası, ilk növbədə,
dramaturqlar üçün
nəzərdə tutulmuşdu.
Lakin bu emalatxana bu
gün Yael Farberin Cənubi Afrika və dünyanın digər sənətçilərilə
birlikdə hazırladığı
tamaşaları birləşdirir.
“Farberin emalatxanası”
Monreal (Kanada) ilə Yohannesburq (Cənubi Afrika) arasında bir sənət körpüsü
rolunu oynayaraq sərhədlərə “yox”
deyir. Yael Farberin tamaşaları elə tamaşalardır ki, onlar Yer
kürəsinin hər
bir guşəsini dolaşıb. Post-aparteid dövründə Cənubi Afrikanın teatr həyatında onun çox uğurlu işləri sənət bilicilərinin
və prodüserlərin
diqqətini özünə
çəkir.
Yael Farberin
tamaşaları ya şəxsi şahidlik yaşantılarının təcəssümüdür,
ya da klassikanın
mövzu və plastika qatında yeni həllidir. Lakin hər iki halda
onun tamaşaları seyrçiyə şans verir ki, bu
səhnə oyunları
vasitəsilə Cənubi
Afrikanın aparteiddən
əvvəl və sonrakı sosial-siyasi həyatının olaylarına
nüfuz edə bilsin.
“Qadın
intizarı” tamaşası
həyat faktlarına söykənən pyesin səhnə təcəssümüdür.
Tamaşa bir həyat sərgüzəştinə
əsaslanır, dəhşətli
hadisələrdən boy atıb
böyüyür və
bir Zulus qızının
tarixçəsini danışır:
bu qız hələ uşaqlıqdan
valideynlərindən ayrı
düşüb, müxtəlif
səbəblər ucbatından
hər gecə qorxa-qorxa da olsa, qəsəbəyə
gəlib və
1976-cı ildə Souyetoda
uşaqların ölüm
düşərgəsində olub və... bu qaniçən rejimdən qaçıb...
Afrika folkloru, rəqs
və nəğmələrinin
istifadə olunduğu
tamaşa bir qızın kədərli
yaşantılarından danışsa
da, Afrikaya sevgi ilə doludur və Afrika ilə səmimi zarafat dalğasına köklənib.
Aliyə
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 15.