“Bağrıma
basmışam Azərbaycanı -
Araz bir qolumdur,
Kür bir qolumdur” - demiş şairin anım gününə...
Sağlığında Vətənə, Sözə çox dönüm-yanım günləri
yaşamış İslam Səfərlinin
- bu dünyamızla bu
gün (1974, 6 noyabr)
vidalaşmış nəğməkarın anım
gününə...
Vətənə köz-köz,
gözəllərə gözqaş-qaşgöz
sözlər dedi. Təbiətin
hüsnünə təb-təb, təbii-təbii əlavələr
söylədi. Fikirləri öz qəlbində
üyütdü, xəyalında xəlbirlədi,
könlündə ələdi və hər “nüktə”ni büsbütün hazır edib,
oxucusunu “hazıra nazir”
elədi...
Vurğunu
olduqlarının birinə “Sevgi
yarışımda hər şeyi ötən
- Vətən!” - dedi. O birinə “Ürkək
baxışına, xoş yerişinə,
Zərif gülüşünə verrəm dünyanı”
söylədi. Digərinə “Vüqarlıdır
dağların, qaşların, Üzə gülür
qayaların, daşların” səsləndi. Bəzən,
şairiyyət-şeiriyyətin əkilmiş torpaqlarında
çalışıb, biçilmiş
kövşənlərdə görünsə də, yeni-yeni xam sahələrdə
daha çox işlədi.
“Hörüklərin qaradır, Qaşların ayparadır, O bir aləm yaradır - Bakı, sabahın xeyir!” - kimi poetik mənzərələr, estetik
ovqatlar yaratdı. Bu kimi, o kimi,
axar su, “son nəğməli Qu” kimi çox sözlər
söyləmişə bir qədər -
Qəhər-təhər
səsləniş...
Özünü
müdam dəryalarda hiss
edən şair məhəbbət dənizində
ikən “Mahnıdır yelkənim əzəldən mənim, Ey şair İslamın
gözəl cananı...” dedin...
...İndi ruhu kainat dəryasında olan şair, inişil fevralın 12-də də sənin doğum gününə bir
yazı yazdım, dedin... çox
əziyyətsiz alındı, demək olar
özü yazıldı o
yazı. İndi isə bir
az müşkül. Nədən
ki, bu gün
doğum günün deyil, yaradıcılığından iraq, ölüm günündür...
O yazıda hər beş
sözdən biri “sabahın”, biri “xeyir” idi.
Bu anım günündə nə deyim, - “axşamın xeyir”?!
Xeyr, xoş sabahlar şairi, məhz sabahın xeyir!
Bu sabahlardan, axşamlardan sonra sonsuz sabahlar,
axşamlar gələcək ki... öz saysız və
çağlar şeirlərinlə səfər
edəcəyin o sabahların,
axşamların da xeyir,
Səfərli!
Allı-güllü, şirin dilli qafiyələrlə
Vətən, təbiət, gözəllər gözəlliklərinə
Vətəndaş və Məcnundaş könlünlə
qoşub-qoşmaladığın misralar
tərtəmiz ana dilli,
İslam Səfərli! Çox
da uzaq olmayan
o keçmişin - o siyasi
sıxıntılı, şairlik
ab-havasına bab olmayan
dünəninin müstəqil bugünləri, azad
sabahları qutlu, Azərbaycan oğlu! Sevgili bir huş-quşla
peşində olduğun Turan
soydaşlarının hüsnlərinə aşiq
olub bəndlərə vurduğun
misralarının bir-birinə bənd edəcəyi
yarınların mutlu, ayrıca bir poetik mülk
qoyub getmiş təpədən-dırnağa
türk balası!..
“Bir dön geri...”
Yüzlərlə poetik xitablarından biri...
Qoy ruhun da
nəğmələrin kimi
gəlsin bəri, həmişəyaşar, diri
şair!
Qələmi əlimə alanda qərarlaşdırmışdım ki, bu yazını
nəqli-nəsri fikirlərlə
başa vurum, - yaddaşımdakı şeirlərindən
bu yazıya həcm dəstəyi ummayım. Amma yox, hiss edirəm ki, alınmır: şairdən söz açarkən şeirlərindən
nümunə gətirməmək
- qəndsiz çay içmək kimi bir şey! Beləliklə,
bəri başdan, sənin vəsfkar-sənətkarlığını
sərgiləyən misralar
qalereyasında leytmotiv
kimi səslənən
“Batabat” şeirindən
üç bənd:
Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyrilib
yuxarı,
Yalmanına yata-yata gəlmişəm -
Mərcan gözlü Batabata gəlmişəm.
Mehmanınam on beşdə
mən, beşdə mən,
Gətirmişəm “basdırma”nı
teştdə mən,
Neçə ocaq tüstülədib döşdə
mən,
Birini də çata-çata gəlmişəm
-
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin,
qaşların,
Üzə gülür qayaların, daşların,
Mən İslamam - öz səsimi quşların
Nəğməsinə qata-qata
gəlmişəm -
Mərcan gözlü Batabata gəlmişəm.
Gözləri daim günəşli günlərə,
qolları həmişə
Vətənə açıq
şair, ruhun üzünə gün aydın! Şəhd-şəkər
dil-üslubu ədəbiyyatımıza
yaraşıq, aşiqanə
baxışları gözəlliklərə
sarmaşıq sənətkar,
bir də sabahın, bir daha axşamın xeyir!
Bir dəfə növbəti təbiət
səfərinə çıxdığın
dostlarına şifahi
- “atüstü” misralarla
belə bir xitab edibsən ki; “... Könül, di gəl, bu
mürəkkəbdən baş
aç - Dünyayi-cahana
otbitməz cız-cığırlar,
Fağır Təbrizəsə
tikanlı-məftil-çayır...”
Dostların səni ayrıca bir sevgi və maraq-təmtəraqla
qarşılardı. Çünki
Cənubdan söz düşəndə hər
dəfə kövrəlirmişsən.
O vaxtların bir-birilə
nərd ortağı olan bir çox
şair-şüərasından fərqli olaraq, “İşıqlar da ayrılığa öyrəşəcək...”
deyən Məmməd
Arazla dərd ortağı kimi, “Təbrizə yolum lal, cığırım kar” söyləyən şair İslam, daha o pərişan günlərin, bu anım-axşamın yox, müstəqil sabahların
xeyir!
Məclislərdə Nəqşi-cahan
aləminin Tanrısal
təbiət naxışlarından
olan Batabat haqda da hərdən
söhbət düşür.
Belə məqamların
birində öz qulağımla eşitdim ki, bir nəfər
o təbiət möcüzəsindən
söz açıb gapının sapını
qaçıran birisinə
“Ya sus, ya da İslam
Səfərlinin “Batabat”ını
söylə!” - dedi.
Bir kərə də bir tele-müsahibəndə
söylədin ki, ömrünün elə bir ili və
o illərin elə bir fəsli olmayıb ki, Batabat adlı o yaylaya... (gözlərində
şimşək çaxımıyla
davam elədin) o qışlaya, o yazlaya, o payızlaya səfər etməmiş olasan. Həmin məqamla əlaqədar belə də deyirəm: Allahın yaratdığı
təbiətin Batabat kimi qəzəllərinə
də biətin, salavatın xeyir, Səfərli İslam!..
Könlüylə
yazmışa...
Sənin həyati işlərin, qədəmin
də çox zaman qələminlə qafiyətən olub, şair! Onların birindən danışacam.
Belə ki, necə ki Böyük
Vətən müharibəsinə
könüllü getmişdin,
eləcə də bütün yazdıqlarını
könlünlə yazdın.
Nə təhər ki, doğulduğun məskənin adı (Naxçıvan, Babək rayonu, Şəkərabad kəndi) şirin idi, o təhər də əsərlərinin
başlıqları teyxa
şəkər dadır.
“Qənd bala, nabat bala”, “Sevinc
müjdəsi”, “Durna qatarı”, “Əsrin ürəyi”, “Təkərlər
yollarda pıçıldayırdı”,
“Ərköyünlər”, “Sən oxu, mən
dinləyim”, “Çiçək
təranəsi”, “Yollara
nur ələndi”, “Harayçın ollam”, “Araz yadıma düşdü”, “Dilsiz dəqiqələr”, “Ana dili”...
Haçan ki, hisslərin coşub şeirə, qoşmaya sığışmazdı - poema
kürsüsünə qalxardın:
“Ələsgər”, “Ekizlər-ögeylər”,
“Leylək əfsanəsi”.
Hacağ ki könlün təlatümə
gələrdi, aram-aram
coşub, dram-dram səhnələyərdin:
“Göz həkimi”,
“Ana ürəyi”, “Yol
ayrıcında”, “Dədəgünəş
əfsanəsi”, “Dar ağacı”...
Hələ balet-libretto (“İki könül bir olanda”), kinossenari
(“Şərqin qalibləri”,
“Bir stəkan çay”), xalqın yaradıcı-qurucu potensialına
dair publisistik oçerklər, “katastrofik”
novellalar...
Bunlardan əlavə, bütün bəstəkarlara
əl, xalqımızın
qəlbinə yol eləyən mahnı mətnlərin! Bunları
saymaq mümkün olsa da, gərəyincə
öymək hər tərənnümatçıya nəsib olası iş deyil. “Ana” mahnısını eşidəndə
söz adamı köz kimi isidir.
“Zərif gülüşlüm”,
“Nə vaxta qaldı”, “Ay qaşı-gözü
qara qız”, “Qonaq gəl bizə”, “Aylı gecələr”, “Gəncliyimi
gəzirəm”, “Ay bakılı
qız”...
Hələ bu adlardakı təbii bağlara, bağlılıqlara
bax, “köhnə”lərə
dodaq büzən bəzi-bəzi yeni oxucu!
Siz də heç
qayğılanıb-uyğulanmayın, duyğusal “qədim” oxucular! Bilirəm, siz bu qor
sərlövhələrin qığılcım
sərlövhələrindəki mənzum mənzərələrin
fərqindəsiz! Çox
söz demək olar, ancaq tək
elə bunu ərz edək ki, bu adlıqların
arasındakı vergül
işarələrini götürsək,
sevib-sevilən bir insanın “şanlı məktub” manifesti oxunar...
Özün isə həmkarlarından birinin.
(Ə.Vahid) məşhur
“yerin məlum deyimi üstə köklən, ruhi-şair!
Universitetdəki görüşdə
oxuduğun “Xəzərim”
şeirin haqda Nazim Hikmətin dediyi sözlər balaca qiymətmi: “Yavrum, qoyma bu
şeirə şarkı
yazılsın, çünki
bu özü harika bir şarkı!..”
O şeirdən ikicə bənd:
Sinən bir ağ gümüşdü,
gümüşdü,
Gözüm hüsnünə
düşdü, nə
düşdü!
Sahilində işıqlar qızıldı,
Yel dəydi, göy köynəyin sızıldı,
Suların çin-çin
oldu, Xəzərim,
Vətən göyərçin
oldu, Xəzərim!
Söylə görüm,
ay dəniz,
Çimibmi göy sinəndə Ay, dəniz?
Ulduzlar xalınmıdır,
gecələr,
Dalğalar yalınmıdır,
gecələr?
Saf qoynuna düşübdür
güzərim,
Xəzərim, Xəzərim,
ay Xəzərim!..
Bu şeirindəki real suallara
neytral bir cavab olaraq deyim
ki, 1974-cü ildə
- cəmisi 51 yaşında
dünyanı dəyişib
Fəxri xiyabanda dəfn olunduğun andan dostlarının, sevərlərinin qələmindən
barəndə çox
yazı çap olunub, bu da
onlardan biri...
Yuxarıdakı abzasda “51 yaşında” dedim, fikrimə nihilistik bir antonim gəldi.
Bu əksliyin bir tərəfi o ki, sən 50 yaşda cəmi 18 qalan kitab yaza bilmisən,
o biri tərəfi bu ki, indilər
bir çox 18, 28 yaşlılar 50-dən çox
qalın “kitab” yoza bilib...
“Bakı, sabahın xeyir” deyən şair, gümanımca, sənətkarların ruhları
da qəlbləri kimi bir yerdə
qərar tutan deyil. Yəni yəqin ki, Bakının son illər növrağını da görür və cismən sağlığındakı
o “sabah” yerinə ümumi bir xitab edirsən: “Bakı, hər vaxtın xeyir!..”
Tahir Əhmədalılar
Mədəniyyət.- 2012.- 7
noyabr.- S. 14.