Mədəniyyət tariximizdə iz qoyanlar

 

   Məşhur Seyidzadələr nəslinin iki görkəmli nümayəndəsinin yubileyi qeyd olundu

  

   Noyabrın 2-də Dövlət Film Fondunda Azərbaycanın mədəniyyət, elm, sənət və mətbuat tarixinə məşhur şəxsiyyətlər bəxş etmiş Seyidzadələr nəslinin iki görkəmli nümayəndəsinin - ictimai xadim, Azərbaycan tərcümə məktəbinin banilərindən biri Bağır Seyidzadənin və kinorejissor Hüseyn Seyidzadənin 100 illik yubileylərinə həsr edilmiş mərasim keçirildi.

  

   Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və elm xadimləri iştirak edirdilər. Mərasim iştirakçıları əvvəlcə Film Fondunun foyesində hər iki şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.

   Xatirə gecəsini Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq görkəmli bir nəslin təmsilçiləri olan Bağır Seyidzadə və Hüseyn Seyidzadənin mədəniyyət tariximizdə dərin izlər qoyduqlarını vurğuladı, onların həyat və fəaliyyətindən söz açdı.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında görkəmli şəxsiyyətlər Hüseyn Seyidzadə və Bağır Seyidzadənin kino sənətimizə, milli mətbuatımıza böyük töhfələr verdiklərini bildirdi: “Hüseyn Seyidzadə Azərbaycan kinosunda əbədiyyət qazanan rejissorlardan biridir. Bir çox unudulmaz və sevilən filmlərə sənət həyatı vermək, onları tarixə çevirmək məhz Hüseyn Seyidzadənin taleyinə yazıldı. Rejissorun “O olmasın, bu olsun”, “Dəli Kür”, “Qaynana” və digər filmləri Azərbaycan kino tarixində layiqli yer tuturlar. Bağır Seyidzadə ilk addımlarını jurnalistika sahəsində atsa da, öz istedad və bacarığı sayəsində ictimai-siyasi fəaliyyətdə uğur qazanmış, hər zaman xalqına layiqli bir övlad kimi xidmət göstərmişdir. Bu iki görkəmli şəxsiyyət şərəfli ömür yaşamaqla adlarını əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə yazdılar”.

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, tanınmış memar, akademik Rasim Əliyev, Xalq artisti, kinorejissor, professor Tofiq İsmayılov, AzərTAc-ın baş redaktoru Tamilla Nuriyeva, agentliyin baş direktorunun müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, xalq artistləri Fuad Poladov, İlham Əsgərov və digərləri çıxış edərək, hər iki şəxsiyyətin mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından danışdılar.

   Qeyd olundu ki, həyatının böyük bir hissəsini Azərbaycanda nəşriyyat-poliqrafiya işinin, mətbuatın, tərcümə məktəbinin inkişafına həsr etmiş Bağır Seyidzadə cəmi 56 il ömür sürmüşdür. Lakin bu ömür yolu böyük bir epoxanı əhatə etmişdir. Bu, deportasiyalar, XX əsrin əvvəllərinin təlatümləri, 1937-ci ilin repressiyaları, haqsız təqiblər, həmçinin böyük uğurların şövqü ilə dolu bir epoxa olmuşdur. Yəqin elə buna görə də 56 illik jurnalist, diplomat, nazir, tərcüməçi ömrü bir əsrin çərçivəsinə sığmayan dəyərli işləri özündə ehtiva edir.

   Bağır Seyidzadə ixtisasca mühəndis-texnoloq olmasına baxmayaraq, mənalı ömrünü mətbuat, mədəniyyət, ən başlıcası isə tərcüməçilik işinə həsr etmişdir. Gənclik illərindən jurnalistikaya bağlanmış, “Kəndli” və “Gənc işçi” qəzetlərində çalışmış, redaktor olmuşdur. O, fəal ictimaiyyətçi idi. Onun bu məziyyətini nəzərə alaraq komsomol işinə irəli çəkmiş, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin büro üzvü, daha sonra katibi seçmişlər.

   O, istedadlı diplomat idi. Moskvada diplomatiya kurslarını bitirdikdən sonra onu İranın Maku şəhərində vitse-konsul, Təbriz şəhərində konsul vəzifələrinə təyin etmişdilər. 1945-46-cı illərdə Cənubi Azərbaycanda fəaliyyət göstərmiş milli hökumət onu “21 Azər” medalına layiq görmüşdür.

   Bağır Seyidzadə bacarıqlı təşkilatçı idi. Azərbaycanda kinematoqrafiya naziri təyin ediləndən sonra qısa müddətdə bu sahəni keçmiş ittifaqda qabaqcıllar sırasına çıxarmışdır. Həmin illərdə ekranlaşdırılmış Azərbaycanın “Xəzər neftçiləri haqqında dastanfilmi ilk dəfə Kann festivalında beynəlxalq mükafata layiq görülmüşdür.

   Qəzet-nəşriyyat işinin bilicisi kimi tanınan Bağır Seyidzadə respublika mədəniyyət nazirinin müavini işləyəndə də bu sahənin inkişafına böyük əmək sərf etmişdir. O, milli tərcümə məktəbinin banilərindəndir. “Görkəmli adamların həyatı” silsiləsindən tərcümə etdiyi kitabları oxuyarkən B.Seyidzadənin sözə necə həssas münasibət bəslədiyinin, Azərbaycan dilinin incəliklərini çox yüksək səviyyədə bildiyinə heyran qalırsan. Onun tərcüməçilik fəaliyyətinin ən qaynar mərhələsi AzərTAc ilə bağlıdır. O, agentlikdə direktorun müavini olmaqla bərabər, tərcümə işinin təşkilinə cavabdeh şəxs idi. Onu agentlikdə canlı ensiklopediya adlandırırdılar. Bağır Seyidzadə ictimai-siyasi mətnləri çox yüksək səviyyədə tərcümə və redaktə edər, yoldaşlarından dəyərli məsləhətlərini əsirgəməzdi. O, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

   Bağır Seyidzadənin övladları Fuad, Dilarə və Xoşqədəm Azərbaycan elminə, mədəniyyətinə dəyərli töhfələr veriblər. Natiqlər bildirdilər ki, ümumiyyətlə, Seyidzadələr nəslinin hər bir nümayəndəsi haqqında ayrıca danışmaq lazımdır. Onlardan Moskvada təyyarə zavodunun direktor müavini işləmiş İbrahim Seyidovun, Bağır Seyidzadənin bacıları - Azərbaycanın ilk torpaqşünas alimi Hüzrə xanımın və baytarlıq sahəsində görkəmli mütəxəssis Firuzə xanımın, Azərbaycanın ilk mühəndis qadınlarından olan Zəhra Seyidovanın, Azərbaycanın ilk qadın alim-travmatoloqu, professor Həqiqət Seyidovanın və başqalarının xidmətlərindən söhbət açıldı.

   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılığı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycanda ilk rəngli filmin çəkilməsi Hüseyn Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada, Ümumittifaq Kinematoqrafiya İnstitutunda A.KuleşovunS.Eyzenşteynin sinfində oxumuş, V.Petrov, S.Yutkeviç, Q.Aleksandrov, M.Romm, V.Pudovkin kimi tanınmış ustalarla çiyin-çiyinə çalışmışdır. Hüseyn Seyidzadə Azərbaycan kino sənətinin qızıl fonduna daxil olmuş, dahi Üzeyir bəyin ölməz operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” kinokomediyasının, “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qaynanakimi məşhur ekran əsərlərinin rejissorudur.

   Gecədə Bağır və Hüseyn Seyidzadələrin 100 illik yubileylərinə həsr edilmiş miniatür kitabların təqdimatı oldu. Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə SalahovaKitab” Cəmiyyəti tərəfindən “İndiqo” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilmiş kitablar haqqında məlumat verdi. Bildirdi ki, nəşrlərdən biri Mədəniyyət və Turizm Nazirliyinin, digəri isə AzərTAc-ın dəstəyi ilə işıq üzü görüb. Yubiley nəşrlərinə daxil edilmiş oçerklərin müəllifləri Aydın Kazımzadə və Tamilla Nuriyevadır. Hər iki kitaba yubilyarların həyat və fəaliyyətlərinin müxtəlif anlarını əks etdirən xeyli fotoşəkil daxil edilib.

   Mərasimdə yubilyarların ömür yolundan bəhs edən və ölməz bəstəkarımız Cahangir CahangirovunFüzuli” kantatasının musiqisi ilə müşayiət olunan fotolardan ibarət videoçarx maraqla qarşılandı. Gecədə Bağır Seyidzadənin Azərbaycanda kinematoqrafiya naziri işlədiyi illərdə ekranlaşdırılmış, habelə Hüseyn Seyidzadənin quruluş verdiyi filmlərdən fraqmentlər nümayiş olundu. Sonda Seyidzadələr ailəsi adından çıxış edən Ülvi Seyidzadə milli mədəniyyətimizin inkişafında xidmətləri olan sənət adamlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 7 noyabr.- S. 13.