Yaradıcılıq
mübadiləsi üçün gözəl
fürsət
II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində
gerçəkləşən seminarda Fuceyra Monodram
Festivalından söz açıldı
Noyabrın 4-də II Bakı Beynəlxalq
Teatr Konfransı çərçivəsində
“Fuceyra Monodram
Festivalı - 10 il” mövzusunda
seminar gerçəkləşdi. Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında
keçirilən seminarın aparıcısı beynəlxalq teatr tədbirləri sırasında
özünəməxsus yer tutan Fuceyra
festivalının (Birləşmiş Ərəb Əmirliyi) texniki işlər üzrə meneceri
və aktyor Abdulla Rəşid
Əl-Dənani idi.
Tədbirdən əvvəl çıxış edən beynəlxalq teatr layihələri üzrə koordinator Şaiq Səfərov II Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyətindən söz açdı: “Builki Bakı Konfransının proqramını daha da zənginləşdirməyə çalışmışıq. Konfrans çərçivəsində keçirilən seminarlarda Azərbaycanda teatr sahəsində çalışan insanlara dünya teatrında baş verən proseslər barədə məlumat verməyə çalışacağıq. Bugünkü seminar Fuceyra Monodram Festivalının 10 illiyinə həsr edilib. Fuceyra Birləşmiş Ərəb Əmirliyinin yeddi əmirliyindən biridir. Bu ölkənin adı çəkiləndə yəqin ki, ilk olaraq fikrimizdə ticarət mərkəzləri, nəhəng binalar canlanır. Vaxtilə bizə Fuceyra Monodram Festivalı haqqında məlumat veriləndə, bu bizə çox maraqlı gəldi. Səhranın ortasında yerləşən kiçik Fuceyra əmirliyində beynəlxalq teatr festivalının keçirilməsi, həqiqətən də, diqqətçəkən mədəniyyət hadisəsi idi. Bu festivalda iştirak etmək ilk növbədə bizim sənətçilər üçün də təcrübə mübadiləsidir. Bu ilin yanvarında V Fuceyra Monodram Festivalında Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Qurban İsmayılov böyük müvəffəqiyyətlə çıxış etdi. Festivalda biz gələcəkdə birgə qarşılıqlı layihələr barədə söhbət açdıq”.
Sonra söz qonağa verildi. Abdulla Rəşid Əl-Dhənhani Fuceyra Monodram Festivalının tarixinə həsr edilmiş videoçarxı izahlı şəkildə seminar iştirakçılarının nəzərinə çatdıraraq sənət bayramının keçdiyi yol, əldə olunan nəticələr, beynəlxalq əlaqələr barədə söz açdı: “Fuceyra Birləşmiş Ərəb Əmirliyinin şərqində yerləşir. Ərazisi 1488 kv. km, əhalisi 180 min nəfərdir. Dünyanın bir çox ölkələrindən turistlərin üz tutduğu bölgə son illər mədəniyyət, dünya teatrı sahəsində də adını eşitdirməyə başlayıb. Fuceyra Monodram Festivalı 2003-cü ildən keçirilməyə başlanmışdır. İki ildən bir keçirilən sənət bayramında həm ərəb, həm də xarici ölkələrdən tamaşalar nümayiş olunur. Festival çərçivəsində seminarlar, forumlar, kitab təqdimatları, tamaşalar, konsertlər təşkil olunur. Bu festivalın ideyası 1990-cı illərin sonunda yaranıb. Monodrama ərəb dünyasında o qədər də tanınmayan sənət növü idi. Daha sonra festival bu növü məşhurlaşdırdı. İlk festival beynəlxalq teatr təşkilatları tərəfindən tanındı”.
Qonağın
sözlərinə görə, bu festival sayəsində Fuceyrada
Beynəlxalq Teatr İnstitutunun
(İTİ) filialı fəaliyyətə başladı və
qurum milli teatrın
inkişafı, eləcə də beynəlxalq teatrlarla
mübadilə proqramlarında dinamik vasitəçi
kimi işini davam etdirir: “Festivalın əsas
məqsədlərindən biri
iştirakçılarda monodramaya maraq yaratmaqdır və onun
daha dərindən başa
düşülməsidir. 2010-cu ildə İTİ və UNESCO-nun festivalda ilk
iclasları keçirildi. İTİ-nin ikinci beynəlxalq mərkəzi
kimi Parisdən sonra Fuceyranı elan etdilər. Bu il keçirilən
V Fuceyra Monodram Festivalında 12 yerli və xarici tamaşa
göstərildi, tədbirə 200-dən çox nümayəndə
qatılmışdı. Festivalın 10 illiyi ilə əlaqədar
xüsusi yubiley mükafatı təsis edilmişdi. Belə
düşünürəm ki, festival beynəlxalq arenada ən
yaxşı tamaşaların təqdim olunması
üçün imkan yaradır. Gələcəkdə festivalın
sənədli kitabxanasını təşkil etmək və
burada dünyanın müxtəlif ölkələrini əhatə
edən monodram tamaşaların lent yazılarını
toplamaq, ixtisaslaşmış bölmələr yaratmaq istəyirik.
Sonda II Bakı Beynəlxalq Teatr Konfransının və bu tədbir
çərçivəsində təşkil olunan
seminarların əhəmiyyətini qeyd etmək istərdim. Bu
tədbirlər rejissor və aktyorlara teatr sahəsində
dünyaca məşhur mütəxəssislərin təcrübələrindən
bəhrələnmək, yaradıcılıq mübadiləsi
aparmaq imkanı yaradır”.
Seminarda Azərbaycan
teatrlarının rejissorları, aktyorları, eləcə də
teatrşünaslar iştirak edirdilər.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 10.