II Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanın mədəni
həyatında böyük hadisədir
Fikirlər, rəylər, təkliflər
Azər
Paşa Nemətov,
Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri, Xalq artisti, professor:
- Azərbaycanda belə bir beynəlxalq konfransın keçirilməsi
özü böyük
hadisədir. I Bakı
Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrı ilə tanışlıq məqsədi
daşıyırdı. İkinci
dəfə konfransa gələnlər böyük
məmnuniyyətlə gəlirlər,
çünki Azərbaycanda
teatrın sevildiyini, teatra qayğı və diqqət göstərildiyini bilirlər.
Deməli, Azərbaycan
teatrı bu gün tanınır. Eyni zamanda bu
o deməkdir ki, gələcəkdə teatrların
bir-biri ilə təması daha sıx və daimi olacaq. Ümid
edirəm ki, II Bakı Beynəlxalq Teatr Konfransında da “XXI əsrdə teatr necə olacaq?” mövzusu davam edəcək və bu mövzuda
təkcə xaricdən
gələnlər yox,
eyni zamanda Azərbaycanın nümayəndələri
də öz fikirlərini söyləyəcəklər.
Bu çox gözəl tədbir “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramının
tərkib hissəsidir.
Hesab edirəm ki, dövlətin və xalqın teatra məhəbbəti üst-üstə düşür
və bunlar Azərbaycan teatrını
daha da irəli
aparacaq. Eyni zamanda bu konfransa
gələnlər Azərbaycanımızı,
Bakımızı daha
yaxından tanıyacaq,
xalqımızın zəngin
mədəniyyətə, teatr
ənənələrinə malik olduğunun şahidi olacaqlar.
Rəşad Məcid,
Azərbaycan Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru:
- İki il öncə
də I Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmişdim və böyük təəssüratlarım
var idi. Çox sevindirici haldır ki, bu konfrans artıq
ənənəyə çevrilir.
Budəfəki tədbirin
qonaqlarının sırası
da genişlənib. Konfransda məşhur teatr xadimləri iştirak edir. Beynəlxalq teatrların nümayəndələrinin Azərbaycan
teatr ictimaiyyəti ilə görüşməsi
həm teatrımızın
dünyada tanıdılması,
həm də aktyorlarımızın püxtələşməsi
üçün əhəmiyyətlidir.
Belə hesab edirəm ki, konfrans Azərbaycan teatrının yeni dövrünün başlanğıcıdır.
Bu böyük hadisədir.
Teatr ictimaiyyətini və mədəniyyət
sahəsində çalışan
insanları bu münasibətlə təbrik
edirəm.
Siyavuş Kərimi,
Azərbaycan Milli Konservatoriyasının
rektoru, Xalq artisti, professor:
- Konfransın teatr aləminə yeni bir canlanma gətirəcəyinə
əminəm. Bu cür
konfranslar həm də Azərbaycan teatrı sahəsində çalışan insanlar
üçün çox
əhəmiyyətlidir. Səhər
mən açılışda
iştirak etdim və dünyanın bir çox qabaqcıl teatr xadimlərinin konfransa təşrif buyurduqlarının
şahidi oldum. İnanıram ki, konfrans bir daha
yeni nailiyyətlərə
yol açacaq, yeni baxışların, qarşılıqlı əlaqələrin
genişlənməsində öz bəhrəsini verəcək. Konfrans zamanı seminarlar və ustad dərslərinin
keçirilməsi yeni
ideyaların yaranmasına
kömək olacaq. Bu həm də Azərbaycan teatrının
dünyada daha çox tanınmasını
həyata keçirəcək.
Əli Mehdi,
UNESCO-nun sülh
artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti (Sudan):
- Artıq ikinci dəfədir ki, Bakıya gəlirəm. Mən ümumiyyətlə,
beynəlxalq müxtəlifliyin
bir araya gəlməsinin tərəfdarıyam.
Xüsusilə də teatr sahəsində. Əməkdaşlıq ortaya
qoyulur, fikir mübadiləsi aparılır.
Bu konfransdan böyük
və faydalı nəticələr gözləyirəm.
Təsəvvür edin,
dünyanın müxtəlif
ölkələrindən, müxtəlif
teatr mütəxəssisləri,
sənət adamları
bir araya gəlib. Əməkdaşlıq
inkişaf edir. Bundan gözəl nə ola bilər.
Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti
olaraq bu konfransa beynəlxalq hadisə kimi yanaşıram və ondan gözəl nəticələr gözləyirəm.
Mən Azərbaycan teatrı haqqında hələ Çində konqresdə olarkən eşitmişəm. İndi
isə bunu öz gözlərimlə
görəcəyəm və
ümid edirəm ki, bu konfrans
gələcək beynəlxalq
əlaqələrin inkişafına
böyük imkanlar yaradacaq.
Piter Qoldfarb,
Beynəlxalq Teatr İnstitutunun ABŞ mərkəzinin vitse-prezidenti:
- Bu mənim Bakıya ikinci səfərimdir. Birinci səfərimdə ustad dərsləri vermək üçün
gəlmişdim. Düşünürəm
ki, belə tədbirlər təcrübələrin,
ideyaların mübadiləsidir.
Və əlbəttə,
dünyanın bir çox ölkələrindən
gələn teatr mütəxəssisləri ilə
apardığımız fikir
mübadiləsi bizə
daha çox bilgilər verəcək. Bununla da biz teatr aləmində baş verənləri və verəcəkləri
görmək imkanları
əldə edəcəyik.
Ötən dəfə
Bakıya gəldikdə
çox məşğul
olduğumuzdan şəhərinizi
yaxşı gəzə
bilmədik. Bu dəfə
isə yoldan keçərkən Bakının
necə gözəl şəhər olduğunu,
unikal memarlıq abidələrini gördük.
Şərq və Qərbin qovşağında
yerləşən bu şəhər doğrudan
da cəlbedicidir.
Mişel Vais,
Teatr Tənqidçiləri Beynəlxalq
Assosiasiyasının baş
katibi:
- Biz belə konfranslarda teatrdan danışır, fikir mübadiləsi aparır, ortaya çıxan problemləri
görürük. Bu ki
gözəldir. Çünki
teatrın inkişafına
kömək edir. Burada teatr aləmində
yaradılmış beynəlxalq
təşkilatlar da bir araya gəlirlər.
Təcrübələrin mübadiləsi
baş verir ki, bu da
çox vacibdir. Teatr hər bir halda fikir
yaradır, insanları
düşünməyə vadar edir. Teatr
təkcə əyləncə
deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır.
Onun yeganə həlli azadlıqdır. Bir sözlə, teatr azadlığa ehtiyac duyur. Gözəl və əsrarəngiz Bakı şəhərinin məhz
belə bir konfransa ev sahibliyi
etməsi bizləri çox sevindirir.
Jalə Əliyeva,
millət vəkili:
- II Bakı Beynəlxalq Teatr Konfransını sadəcə Azərbaycanın
mədəni həyatında
deyil, ümumiyyətlə,
teatr sənətinin inkişafı baxımından
çox əhəmiyyətli
bir hadisə kimi qiymətləndirirəm.
Təcrübə də
göstərir ki, mübadilə ümumi işin xeyrinə olur. Festivallar, konfranslar nə edilib, bundan sonra nə edilməlidir,
hansı uğurlar, boşluqlar var kimi məsələlərin
ortaya çıxarılması
üçün çox
əhəmiyyətlidir. Və
mən sevinirəm ki, bu gün
Azərbaycanımız bir
daha çox əhəmiyyətli tədbirə
ev sahibliyi edir. Əlbəttə ki, bununla qürur
duyuruq. Bu gün Azərbaycana teatr aləminin ustadları toplaşıblar. “Teatr bəzən informasiya bolluğunda, qloballaşan
dünyanın fonunda unudulur» kimi düşünənlər olur.
Amma belə konfranslar teatrın bir məbəd, bir sənət aləmi kimi yaşamasına kömək
edəcək. Yeni nailiyyətlər əldə
ediləcək. Konfrans
çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış Azərbaycan
milli teatr sənətinin “Dünən,
bu gün, sabah” adlı elektron bazasının təqdimatı da çox gözəl idi. Həqiqətən, Mədəniyyət və
Turizm Nazirliyi böyük iş ortaya qoyub. Çox
təşəkkür edirəm.
Erika Letailler,
Fransanın
Saint-Blaise Teatr Tədqiqatları İnstitutunun
direktoru, aktrisa:
- İkinci dəfədir ki, Bakıda belə bir konfransın
keçirilməsini yüksək
qiymətləndirirəm. 2010-cu ildə də konfransın iştirakçısı
olmuşdum. Şəxsən
mənim üçün
çox əhəmiyyətli
bir tədbirdir. Sənət adamları bir-biri ilə tanış olur, fikir mübadiləsi aparırlar. Nəticədə
hər kəs faydalanır. Bu da gələcəkdə yeni
layihələrin, işbirliyinin
həyata keçirilməsi
üçün zəmin
yaradır. Düşünürəm
ki, konfrans Azərbaycan teatrı üçün də olduqca önəmlidir. Teatr nümayəndələriniz
buradakı yaradıcı
görüşlərdən faydalanacaqlar.
Ölkənizin zəngin incəsənətini xüsusi
qeyd etmək istərdim. Ötən səfərimdə burada az zaman olduğumdan
teatrlarınızla yaxından
tanış ola bilmədim. Bununla belə, “Leyli və Məcnun” operasına baxdım, həmçinin Azərbaycanın
Pantomima Teatrına da baş çəkdim
və çox bəyəndim. Yəqin ki, bu səfərimdə
başqa teatrlara getmək imkanım olacaq.
Əli İhsan Kaleci,
Saint-Blaise Teatr Tədqiqatları İnstitutunun bədii rəhbəri, rejissor-yazıçı:
- Əslən türkiyəliyəm,
lakin Fransada yaşayıram və bu konfransda hər
iki ölkəni təmsil edirəm. İki il öncə
keçirilən konfransda
da iştirak etmişdim və düşünürəm ki,
Azərbaycanın bu istiqamətdə fəaliyyətə
başlaması çox
önəmlidir. Çünki
teatr hazırda dünyada böhran dövrünü yaşayır.
Avropada, Qərbdə bu cür maraqlı
konfranslar keçirilmir.
Teatrın problemləri
gündəmə gətirilmir.
Bu baxımdan Bakı konfransını bir təşəbbüs kimi
yüksək qiymətləndirirəm.
Azərbaycanın özünəməxsus
gözəl sənətləri
var: musiqi, rəqslər, ədəbiyyat.
Ümumilikdə isə
mədəniyyətimiz ortaqdır.
Dünya şöhrətli
Füzuli, Nəsimi sizin də, bizim də şairimizdir.
Ənənələrimizə, öz sənətimizə,
mədəniyyətimizə söykənən teatrımızın
olmasını istəyirəm.
Düşünürəm ki, Şərq teatrı fərqli olmalıdır.
Gələcəkdə teatrın
inkişafı Türkiyədə,
Azərbaycanda, Asiyada olacaq. Biz də bu istiqamətdə çalışmalı, fəaliyyət
göstərməliyik.
Mədəniyyət.- 2012.- 7 noyabr.-
S. 6.