Bakı konfransı dünya teatr prosesinin inkişafına dəyərli töhfədir

 

   Noyabrın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında II Bakı Beynəlxalq Teatr Konfransına həsr edilmiş mətbuat konfransı keçirildi.

  

   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni, Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, polşalı dramaturq, teatrkino rejissoru Kşiştof Zanussi, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov və Beynəlxalq Teatr İnstitutunun Səudiyyə Ərəbistanı mərkəzinin prezidenti İbrahim Assiri jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

   Çıxış edənlər II Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyətindən danışaraq tədbiri yeni yaradıcılıq axtarışları, qarşılıqlı əməkdaşlıq baxımından yüksək qiymətləndirdilər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dünyanın 35 ölkəsindən 80-ə yaxın tanınmış teatr mütəxəssisinin Azərbaycana gəldiyini nəzərə çatdırdı. Nazir müavini konfrans çərçivəsində nəzərdə tutulan tədbirlərdən danışdı. Qeyd olundu ki, noyabrın 4-də Rus Dram Teatrında Litvanın sənət xadimləri ilə görüş keçirilib. Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanının teatr kollektivləri konfransa maraqlı tamaşalar (5 noyabrda Rus Dram Teatrında “Qadın intizarı”, 6 noyabrda Gənc Tamaşaçılar Teatrında “Vağzal heç yerə getmir”) gətiriblər. Konfrans çərçivəsində seminarlar da (4 və 7 noyabr) nəzərdə tutulub.

   Sonra mətbuat nümayəndələrinin sualları cavablandırıldı. “Bakıda keçirilən Beynəlxalq teatr konfransı dünyadakı teatr proseslərinə necə təsir edir” sualını cavablandıran iştirakçılar bildirdilər ki, bu gün dünyada teatr sahəsində bir böhran müşahidə edilir. Amma bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda teatr inkişaf edirona dövlət dəstəyi verilir. Bu baxımdan Azərbaycanda keçirilən belə tədbirlərdə məmnuniyyətlə iştirak etməyinə dəyər.

   ASSİTEJ-in prezidenti İvet Hardinin sözlərinə görə, konfransın ən xeyirli cəhəti də odur ki, teatr sahəsində mövcud olan təşkilatlar bir araya gəlib, fikir mübadiləsi apara bilirlər. Qeyd olundu ki, teatr ən böyük ünsiyyət vasitələrindəndir və növündən, janrından, hansı millətə məxsus olmasından asılı olmayaraq, bu incəsənət sahəsi dağıdıcı yox, qurucu olmalıdır.

   Polşalı dramaturqrejissor Kşiştof Zannusi Azərbaycan teatrları ilə birgə layihələrinin mümkünlüyü barədə suala cavabında bildirdi ki, bu barədə danışmaq hələlik tezdir. Amma bir il ərzində Azərbaycanda onun əsərinin premyerası olacaq.

   Mətbuat nümayəndələrinin «Yunanlar teatrı böyüklər üçün məktəb adlandırırdılar, XXI əsrdə teatr bu missiyanı daşımaq üçün ilk növbədə hansı addımları atmalıdır» sualına cavab maraqlı oldu. Bildirildi ki, teatr nəinki böyüklər üçün, bütün yaş çərçivəsində olan insanlar üçün məktəbdir. Onun bugünkü roluna gəlincə, hər zamankı kimi, bu gün də səhnədə baş verənlər vacibdir. Əgər aktyor rolu gözəldirsə, hər zaman, hər yaş dövründə olan insanlar üçün maraqlı və cəlbedicidir. Bizim hamımızın qəlbimizdə öz teatrımız var. Onu qəbul etmək üsulundan asılı olaraq, öz teatrımızı yaşayırıq. Ona görə də tamaşanı müşahidə edərək həmin tamaşaya öz hissiyyatlarımızı çatdırmalıyıq.

   Qonaqlar Azərbaycanda müxtəlif tamaşalara baxdıqlarını və ölkəmizdə zəngin ənənəyə malik teatrların olduğunu bildirdilər. Vurğulandı ki, Azərbaycan teatrlarında özünəməxsus xüsusiyyətlərlə yanaşı, keçmiş SSRİ və Qərb teatrlarının elementlərini də görmək mümkündür.

   Azərbaycanın ASSİTEJ-ə üzv olduğunu yüksək qiymətləndirən natiqlər ölkəmizi digər beynəlxalq teatr proqramlarında da görmək istədiklərini vurğuladılar. Bu sahədə əməkdaşlıqdan danışan ASSİTEJ-in prezidenti İvet Hardi bildirdi ki, Azərbaycanda uşaq teatrı ilə bağlı proqramlar tərtib edirik. Birgə işimiz çərçivəsində tamaşalarbaşqa layihələr hazırlamaq niyyətindəyik. Eyni zamanda Azərbaycanı bizim digər beynəlxalq layihələrimizdə, proqramlarımızda görmək istərdik. Məsələn, «Gənc aktyorların mübadiləsi» proqramında azərbaycanlı sənətçilər də başqa ölkələrdə çalışmaq imkanı qazanacaqlar.

   Mətbuat konfransında vurğulandı ki, II Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfrans tək müzakirə yeri deyil, eyni zamanda teatrlarda olan problemlərin, qarşıda duran vacib məsələlərin həlli yollarında əhəmiyyətli addımların atılması üçün mühüm vasitədir.

   Sonda qonaqlar Mədəniyyət və Turizm Nazirliyinə xatirə hədiyyələri təqdim etdilər.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 7 noyabr.- S. 5.