Bu tədbirlər vasitəsilə biz bir-birimizdən çox şey öyrənirik”

 

   Bakı konfransı dünya teatr sənəti aləmində yeni müzakirə platformasına çevrilib

  

   Noyabrın 6-da “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində plenar iclas davam etdi. İclasa Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və Gürcüstanın K.Marcanaşvili adına Dram Teatrının baş direktoru Yekaterina Mazmişailli sədrlik edirdi.

  

   İclasda çıxış edən Litva mədəniyyət və turizm nazirinin müavini Deyvidas Staponikus son 10 ildə ölkəsində teatr sənətinin keçdiyi yoldan söz açdı. Bildirdi ki, Litvada teatrın bütün növləri - dram, musiqili teatrlar, operabalet teatrları inkişaf edir: «Biz öz ənənələrimizə söykənməklə yanaşı, həm də müasir dünyada teatr aləmində baş verən yenilikləri teatrlarımıza tətbiq edirik. Teatrlar öz rəngarəngliyini qorumaqla inkişaf edir. Litvada beynəlxalq teatr aləmini bir araya gətirən festivallar da keçirilir. Bu sırada “Serena» beynəlxalq teatr festivalını misal göstərmək olar».

   Gürcüstanın Batumi Teatrının bədii hissə müdiri, teatrşünas Laşa Çxartişvili çıxışında fərqli teatr proseslərindən bəhs etdi: «Hazırda teatr aləmində fərqli yanaşmalar, proseslər baş verir. Bunun üçün peşəkar teatr tənqidçiləri olmalıdır. Onlar öz yeni fikirləri ilə həm də teatrın doğru yol göstərən bələdçiləri olmalıdırlar».

   Avstriyanın teatr festivalları direktoru Ursula Rayzenberq də ölkəsindəki teatrların müasir vəziyyətindən söz açdı və bu sahədə gedən proseslərin nümunələr əsasında, izahlı təhlilini verdi.

   Qazaxıstan Akademik Teatrının direktoru və bədii rəhbəri İsmukhan Obayev isə Sovet İttifaqı dağıldıqdan sonra ölkələrində yaranmış müasir teatrlar haqqında danışdı. O, Bakıda artıq ənənə halını alan beynəlxalq teatr konfransının dünyanın müxtəlif ölkələrindən sənət adamlarının bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması baxımdan böyük əhəmiyyətini diqqətə çatdırdı: «Bu tədbirlər vasitəsilə biz bir-birimizdən çox şey öyrənirik. Azərbaycanda da teatr inkişaf etdirilir. Bu ölkənin böyük teatr məktəbi, gözəl aktyorları var. Bakıda teatra belə böyük önəm verilməsi bizi sevindirir. Əlbəttə ki, bütün bu işlərin arxasında Azərbaycan dövlətinin mədəniyyətin inkişafına diqqəti dayanır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən teatr nümayəndələrinin bir araya gətirilməsinə imkan yaratdığı üçün biz Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk».

   Polşalı prodüser Qreqoj Reske Şərqi Avropa ölkələrindəki teatr proseslərindən danışdı. Beynəlxalq sənət tədbirlərinin qarşılıqlı işbirliyinə yol açdığını vurğuladı: “Əlbəttə, bu konfranslar əlaqələrin inkişafı üçün unikal imkandır. Teatr sahəsində çalışan insanlar arasında işbirliyi, əməkdaşlıq platforması qurulur. Mərkəzi və Şərqi Avropa ölkələrində də tez-tez belə festivallar, konfranslar keçirilir. Gəncləri də bu işə cəlb etməklə onlarda maraq yaratmağa çalışırıq. Bəzən Avropa dedikdə yalnız Avropa İttifaqı nəzərdə tutulur. Əslində isə bu belə deyil. Avropa məkanı, o cümlədən sənət aləmi daha genişdir. Şərqi Avropa ölkələrinin də özünəməxsus, zəngin teatr irsi var. Biz Şərqi Avropa İncəsənət Platforması adlı kitabı nəşr etdikorada teatrla bağlı bütün fikirlər, mülahizələr, yeniliklər, aspektlər yer alıb”.

   Tanınmış teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə müasir Azərbaycan teatrının inkişafından danışdı. Qeyd etdi ki, SSRİ-nin dağılmasından sonra Azərbaycan teatrında müvəqqəti boşluq yaranmışdı. Mərhum rejissor Hüseynağa Atakişiyevin, Gənclər Teatrının yaradıcısı, rejissor, Azərbaycanın Xalq artisti Azər Paşa Nemət və “Yuğ” Dövlət Teatrının bədii rəhbəri olmuş Vaqif İbrahimoğlunun sənətə gətirdikləri yeniliklər sayəsində bu boşluq aradan qaldırıldı: «Onların sayəsində Azərbaycan teatrı əyalətçilikdən, özünə qapanmadan çıxdı».

   Plenar iclasın ikinci hissəsində Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov çıxış etdi. O, dünya teatrında gedən proseslərin, hadisələrin Azərbaycanda da maraq doğurduğunu dedi: “Avropa teatrında diqqəti çəkən cərəyanlar var ki, biz də onları öyrənmək istəyirik. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən artıq ikinci dəfə Bakıda keçirilən beynəlxalq teatr konfransı bizə təcrübə mübadiləsi üçün böyük imkanlar açır. Sevindirici haldır ki, ölkəmizdə böyük, ənənəvi bir teatr məktəbi formalaşıb və o, böyük nailiyyətlər əldə edib. Əlbəttə, ötən iki il müddətində ölkəmizə gələn xarici qonaqlar da bu inkişafın şahidi olurlar».

   İclasda İsveçrədən Tobias Byankone, Gürcüstandan Zaal Çikobfva, Litvadan Rimantas Lekaviçus, Fransadan Erika Letayyler, İtalyadan Fabio Tolledi də çıxış edərək müasir teatrla bağlı mülahizələrini bölüşdülər. Sonda belə bir fikir vurğulandı ki, “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı ikinci Bakı konfransı artıq sənət aləmində yeni bir müzakirə platformasının təşəkkül tapdığını təsdiqləyir.

  

 

   M.Sultanova

 

  Mədəniyyət.- 2012.- 7 noyabr.- S. 5.