Bu qədər teatr
xadiminin bir araya gəlməsi çox həyəcanvericidir
“Bakının belə mədəni hadisələrə
ev sahibliyi etməsi dünyanın diqqətini Azərbaycan mədəniyyətinə
cəlb edir”
II Bakı Beynəlxalq Teatr
Konfransında iştirak edən Uşaq və Gənclər Teatrları
Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet
Hardi tədbirdən böyük gözləntiləri
olduğunu vurğulayıb: “Dünyanın bir çox ölkələrindən
bu qədər teatr xadiminin Bakıda bir araya gəlməsi
çox həyəcanverici və gözəldir. Bu qədər
insan müasir dünya teatrında baş verənləri
müzakirə etmək üçün bir yerdədir. Mən
görürəm ki, hər il nə qədər insan bu teatr
dialoqunda iştirak etmək istəyir. Yəni onların
sayı ildən-ilə artır. Mən bundan əvvəl
Bakıda keçirilən Beynəlxalq Kukla Teatrı
Festivalında iştirak etmişdim. Düşünürəm
ki, Bakının belə mədəni hadisələrə ev
sahibliyi etməsi həm də dünyanın diqqətini Azərbaycan
mədəniyyətinə cəlb edir. Bu həm də Azərbaycan
mədəniyyəti haqqında dünyadakı bilgilərin
artması deməkdir.
Digər tərəfdən, belə
beynəlxalq teatr hadisələrinə ev sahibliyi etməklə
Azərbaycan həm də xarici tamaşaları öz səhnəsində
göstərmək imkanı qazanır ki, bu da ona bu sahədə
böyük təcrübə mübadiləsinə şərait
yaratmış olur. Burada digər ölkələrdən gələn
teatr nümayəndələri də öz aralarında təcrübə,
fikir mübadiləsi aparırlar. Mənim II Bakı Beynəlxalq
Teatr Konfransından da gözləntilərim çoxdur. Bu,
Beynəlxalq Teatr İnstitutu, ASSİTEJ kimi teatr qurumlarına
da daha konstruktiv işləmək imkanı verməkdən əlavə,
yeni yanaşmalar da ortaya qoyacaq. Mən artıq
üçüncü dəfədir ki, Bakıya gəlirəm.
Bakı çox gözəl və əsrarəngiz şəhərdir.
Hər səfərimizdə yüksək inkişafla
rastlaşırıq”.
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 4.