Fikirlər,
rəylər...
Nizami Cəfərov,
Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor:
- Əgər Bakıda keçirilən beynəlxalq teatr konfransına 35 ölkədən 80-ə yaxın mütəxəssis gəlirsə, bu ilk növbədə bizim ölkənin nüfuzudur. Son zamanlar teatrlarımızda xeyli maraqlı tamaşalar hazırlanır, teatr həyatı canlanır. Götürək Hüseynbala Mirələmovun əsəri əsasında Akademik Milli Dram Teatrında səhnələşdirilən “Xəcalət” tamaşasını. Bu tamaşa bir çox ölkələrdə nümayiş olundu, mükafatlara layiq görüldü. Tamaşanın mühüm cəhəti ondan ibarət idi ki, Qarabağ mövzusundadır.
Son illər həm də teatrın xeyli dərəcədə aristokratlaşdığını hiss edirik. Teatr kütləvi olmamalıdır. Kütləvi sovet teatrından sonra bizim teatrlarımızda yavaş-yavaş peşəkarlıq yüksəlməyə başlayıb. Bu mənada beynəlxalq konfrans həmişə böyük hadisədir. Bizim zəngin teatr ənənələrimiz var, ancaq bu gün biz teatr iqtisadiyyatını, teatr texnologiyasını, teatr biznesini dünyanın inkişaf etmiş qabaqcıl teatrlarından öyrənməliyik. Qarşılıqlı mübadilə yolu ilə teatrın inkişafına çalışmalıyıq.
İsrafil İsrafilov,
Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor:
- I Bakı Beynəlxalq Teatr Konfransından ötən müddət ərzində Azərbaycan teatrı xeyli uğur qazanıb, teatr prosesi zənginləşib, intensivləşib. Azərbaycan teatrının səsi Avropada eşidilməyə başlayıb, teatrlarımız müxtəlif beynəlxalq festivallarda iştirak edib. Azərbaycan Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyasına, Kukla Teatrları Beynəlxalq Assosiasiyasına, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv olub, MDB məkanında Azərbaycan teatrının adı aparıcı teatrlarla yanaşı çəkilir. Bizim teatrımızın əvvəllər heç təsəvvür edə bilməyəcəyimiz İtaliya, Fransa, Almaniya, İngiltərə, İsveç kimi dövlətlərin teatrları ilə yaradıcılıq əlaqələri var. Artıq müxtəlif ölkələrdə Azərbaycan teatrına maraq artıb.
Konfrans
aktual mövzuya həsr
olunub. Dünya teatrında hansı yeniliklər baş verir? Azərbaycan teatrı o yeniliklərdən
öz yaradıcılıq
payını götürməlidir.
Çox
zəngin, məzmunlu çıxışların şahidi
oluruq. Konfransda dünyanın aparıcı
teatrşünasları, rejissorları,
teatr rəhbərləri
iştirak edir. Əminəm
ki, bizim xarici həmkarlarımızla
görüşlərimiz səmərəli
olacaq, bu ünsiyyət xoş nəticəsini verəcək.
Mədəniyyət.-
2012.- 7 noyabr.- S. 7.