Mənim
iki Vətənim var,
xoşbəxt deyiləmmi?!”
İki xalqın şairi olasan, həm də seviləsən...
Bir anlıq keçmişə dönürsən. Qürbət
məhkumu, qəlbi vətən həsrəti ilə
döyünən və “Mən azərbaycanlıyam” deməkdən
daim qürur duyan görkəmli şair, alim, pedaqoq Maqsud Şeyxzadə
yada düşür.
“Mənim iki Vətənim var,
xoşbəxt deyiləmmi?! Mənə Nizaminin əsərlərini
Nəvainin, Nəvainin əsərlərini Nizaminin ana dilinə
çevirmək səadəti nəsib oldu, xoşbəxt deyiləmmi?!”
Bu sözləri deyərkən o inanırdı ki, fəaliyyəti,
yaradıcılığı Azərbaycan-özbək ədəbi-mədəni
əlaqələrinə körpü olacaq. Söz yox ki, bu
gün bu belədir...
Maqsud Şeyxzadə 1908-ci il
noyabrın 7-də keçmiş Yelizavetpol (Gəncə)
quberniyasının Ərəş qəzasının mərkəzi
Ağdaşda ziyalı ailəsində dünyaya gəlib.
Atası Məsim Tiflis və Moskvada tibb təhsili
almışdı. Eyni zamanda, ədəbiyyat həvəskarı
idi. Bəlkə də elə bu səbəbdən Maqsud
Şeyxzadə erkən çağlardan ədəbiyyata maraq
göstərib. O, orta təhsilini atasının Ağdaşda
açdığı məktəbdə alır. 1921-ci ildə
Azərbaycanın görkəmli dövlət xadimi Nəriman
Nərimanov Ağdaşda olarkən bu məktəbə də
baş çəkir. Bu zaman Maqsud əlaçı şagird
kimi kürsüyə qalxıb şeir oxuyur. Şeir Nərimanovun
xoşuna gəlir. O, şeirin mətnini Maqsuddan alır. Həmin
il dekabrın 21-də şeir “Kommunist” qəzetində dərc
olunur.
Orta məktəbi başa vurandan
sonra Maqsud Bakı Pedaqoji Məktəbinə daxil olur. Burada
böyük ədiblər Hüseyn Cavid və Abdulla Şaiqdən
dərs alır, bu dərslər onda elmə, ədəbiyyata,
türkçülüyə maraq oyadır.
Təhsilini başa vurmadan Dərbəndə
göndərilir, orada müəllimlik edir. Eyni zamanda
yaradıcılıqla da məşğul olur. Yerli qəzetlərdə
“Azad dağlar qızına”, “Şeyx Şamil”, “Bu axşam”,
“Sahildə” adlı şeirləri dərc olunur. Tez-tez
Bakıya gəlir. Yarımçıq qalmış təhsilini
davam etdirir.
1927-ci ildən Maqsud Şeyxzadənin
kəşməkəşli həyat yolları başlanır.
Dağıstanın Sovet İttifaqına müttəfiq
respublika kimi daxil olub-olmaması mövzusunda aparılan
müzakirələrin fəal iştirakçısı olur.
Bu, hökumət dairələrində şübhəli fikirlər
oyadır. O, millətçi damğası ilə həbsə
atılır. Sonra da sürgün olunur. M.Şeyxzadəyə
türkçülüyün odlu, alovlu müdafiəçilərinin
yaşadığı Krım və Qafqaza getmək qadağan
olunur. Atası onu Özbəkistanın paytaxtı Daşkəndə
göndərir. Bir müddət “Qızıl Özbəkistan”,
“Şərq həqiqəti” və “Leninçi” qəzetlərində
çalışır. 1938-ci ildən Nizami adına Daşkənd
Pedaqoji İnstitutunda dərs deyir. Ən gözəl əsərlərini
burada yazır. Özbək dilində “Üçüncü
kitab”, “Cümhuriyyət”, “Cəlaləddin Menquberdi” adlı əsərləri
nəşr olunur. Çox keçmir, özbək şeir aləmində
görünür. "Layiq sakçı" (1932), “On
şir” (1933), “Üçüncü kitab” (1933),
“Ündaşlarım” (1933), “Respublika” (1935), “Yeni dövran”
(1937), “On iki” (1937) və digər şeir kitabları
işıq üzü görür.
Həyatını elmə
bağlayan gənc Maqsud Şeyxzadə təhsilini davam etdirərək
alimlik dərəcəsi alır. 1938-ci ildən
ömrünün axırınacan Nizami adına Daşkənd
Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən
dərs deyib. Özbəkistanda görkəmli alim və pedaqoq
kimi tanınıb.
M.Şeyxzadə dünya poeziya
incilərinə dərindən bələd olub. Bu, onun bədii
yaradıcılığında da mühüm rol oynayıb. Əsərlərinə
diqqət yetirərkən hiss edirsən ki, bu poeziya ülvi məhəbbət,
insani münasibətlər, dostluq telləri və nəsihətamiz
duyğular üzərində təşəkkül tapıb.
Hər sətirdə şairin həyəcan dolu qəlb
döyüntüləri duyulur. Maqsud Şeyxzadə
poeziyasının xalqın ürəyinə yaxın
olmasının bir səbəbi də onun folklora
bağlılığından irəli gəlib. O,
“Alpamış”, “Qərib və Şahsənəm”,
“Şirin-şəkər” kimi xalq dastanlarını tədqiq
edib. Şeir yaradıcılığında folklor
qaynaqlarından geniş bəhrələnib.
Maqsud Şeyxzadə 1952-ci ildə
yenidən millətçilikdə ittiham olunur. Daşkənd məhkəməsi
ona 25 il həbs cəzası kəsir. O, Sibirə
sürgün olunur. Stalinin ölümündən (1953) sonra
Maqsud Şeyxzadənin anası Fatma xanım SSRİ Ali
Sovetinin Rəyasət Heyətinə məktub göndərir.
Oğlunun əfv olunmasını istəyir. 1954-cü ildə
Maqsud Şeyxzadə sürgündən azad olunur. Yenidən ədəbiyyat
aləminə qayıdır. “Daşkəndnamə” adlı əsəri
ictimaiyyət arasında əks-səda doğurur. 1958-ci ildə
Daşkənddə Asiya-Afrika Yazıçılarının
Konqresi keçirilir. Bu tədbirə qatılan Nazim Hikmət,
Əziz Nesin kimi türkiyəli şair və
yazıçılarla tanış olur. Qəlbinin dərinliyindəki
vətən həsrətini, millət sevgisini yazaraq
özünə təsəlli verməyə
çalışır. Bəzən Uluq bəyə, bəzən
də Xarəzm oğuzlarının görkəmli sərkərdəsi
Cəlaləddin Xarəzmşaha müraciət edir.
Kitabları həm özbək, həm də Azərbaycan
dilində nəşr edilir. “Mirzə Uluqbəy” adlı əsəri
ekranlaşdırılır. Maqsud Şeyxzadə
yaradıcılığının ən coşqun
çağlarında (1967) Daşkənddə vəfat edir və
orada dəfn olunur.
Maqsud
Şeyxzadə özbək ədəbiyyatının və ədəbiyyatşünaslığının
inkişafına böyük töhfələr bəxş
edib. Əsərləri ideya-sənətkarlıq
baxımından çox yüksək dəyərləndirilib.
Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə
ölümündən sonra “Böyük xidmətlərə
görə” ordeni ilə təltif olunub. Əlbəttə, bu,
onun əsərlərinə və şəxsiyyətinə
verilən ən böyük qiymətdir. Mütəxəssislər
qeyd edirlər ki, o, “Cəlaləddin Menquberdi” və “Mirzə
Uluqbəy” adlı mənzum əsərləri ilə özbək
dramaturgiyasının əsasını qoyub. Görkəmli
özbək alimi Azad Şərafəddinov “Ədəbiyyatımızın
fədaisi” (2003) adlı məqaləsində Maqsud Şeyxzadəni
belə təsvir edib: “Orta boylu, dolu bədənli,
qıvrım saçlı, şairanə görkəmli,
özbəkcə danışığına şirin Azərbaycan
ləhcəsi qatan bu adamı - Maqsud Şeyxzadəni ilk dəfə
auditoriyada - dərs dediyi Nizami adına Özbəkistan Pedaqoji
İnstitutunda görmüşəm. Onun şirin, sadə ifadələrlə
dərin elmi əsaslara söykənən mühazirələri
artıq çoxdan idi ki, institutun hüdudlarını
aşıb bütün Özbəkistan boyunca
yayılıb...”
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 8 noyabr.- S. 15.