Yazılan
söz yadigardır
Fitri istedada malik qələm sahibi İqbal Astaralı
(Axundov) tanınmış şair-publisistdir. 20 ildən
çoxdur ki, Astara şəhər 1 saylı tam orta məktəbində
pedaqoji fəaliyyətlə məşğuldur.
Yazıçılar Birliyinin üzvüdür.
Bədii yaradıcılığa
erkən yaşlarından başlamış və şeirləri
yerli və respublika mətbuatında dərc olunmuşdur. “Ən
gözəl nəğməsən”, “Bir kimsəsiz dənizəm”,
“Həyat səxavətli olsaydı” və bu yaxınlarda
işıq üzü görmüş “Alovu sönməyənlər”
kitabları oxucular tərəfindən maraqla
qarşılanmışdır.
Noyabrın 1-də Astara rayon Mərkəzi
Kitabxanasında İ.Astaralının “Alovu sönməyənlər”
kitabının təqdimat mərasimi keçirildi. Tədbiri
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim
Fərəməzov açaraq müəllifin
yaradıcılığından danışdı, kitabda yer
alan publisistik yazılarda, şeirlərdə Vətən və
xalq qarşısında böyük xidməti olan
insanların həyat və fəaliyyətinin dolğun
işıqlandırıldığını vurğuladı.
Lənkəran Dövlət
Universitetinin müəllimi, tarix üzrə fəlsəfə
doktoru Fəxrəddin Hüseyn “Alovu sönməyənlər”
kitabı haqqında geniş məruzə etdi.
Yazıçılar Birliyinin Lənkəran
şöbəsinin sədr müavini, şair Ağamir Cavad, Lənkəran
Dövlət Universitetinin dosenti, yazıçı
Mirhüseyn Abbas, Astara Pedaqoji Kollecinin direktoru, Əməkdar
müəllim Əlihəsən Həmzəyev, istedadlı rəssam
Firudin Quliyev, rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Şadoğlan Bayramov və başqaları kitab
haqqında fikir və rəylərini söylədilər.
Sonda müəllif tədbirin təşkilinə,
haqqında söylənilən xoş fikirlərə görə
minnətdarlığını bildirdi.
Sakitağa Kərimov,
Astara
Mədəniyyət.- 2012.- 9 noyabr.-
S. 15.