Tofiq-Musiqi - Musiqi-Tofiq
Qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-yeni
Tofiq Quliyev...
Gəlişi Üzeyir
Hacıbəyli fenomenli, Asəf
Zeynallı ultralı, Qara Qarayev
neo-mogikanlı (və hələ SSRİ polifonikli!)
dövrə təsadüf etsə də, o,
böyük və çox
dinamik Azərbaycan musiqi
prosesində “hamı kimi”likdən əlavə, ayrıca bir majorital Yeni
oldu. Və deyəsən... (milli soylu, qaynar-oynar
layla boylu analar bu ladlı daha birisini, belə tər-təranəlisini
doğmayınca) yenilməz Yeni olaraq da qalacaq...
Öncə deyim ki, Tofiq Quliyev irsi xronometrajca ölkə fonoteka-filmoteka-“teatroteka”larında uyuyan (sonuncu ifadəni inkar şəkilçisiylə birgə də oxumalı) üç ən məhsuldar bəstəkarımızdan və (bu şux ovqatlar sultanı haqda yazıda “multanı” obrazlılıq etmiş olsaq) xalqımızın qəlbotekasında hər vaxt böyük ləzzətlə səsləndirilən beş nəğməkarımızdan biridir.
İndi növbəti sətirlərə keçməzdən öncə bir balaca duruxaq və Tofiq Quliyev sədalı üfüqlərə baş vuraq...
...Melo-“atəş”lərdən hürküşüb-eləmədən düzümlənən uçar-qaçar səflərini görürsüzmü - bülbüllər, ceyranlar solist...
...Melo-“qamçı”lardan cıdırlanan ilxıları, forte nişan-namçılardan yurtalanıb-çadırlanan tayfaların tərəkəməliyi tərk edib xalqlaşmasını, mədəniyyətlənib-millətləşməsini duyursuzmu - Qıratlar, Türkzatlar öndə!
Daha nə? Onun partitura-məmləkətində belə mənzərələrin sayı hesabsız, sanbalı çox, sonu yox. Buna görə də hələ işinizdə olun. Tə-ləs-mə-yin...
Siz könül antenalarınızı bu universal canlı studiyaya yönəldib feyz almaqda, 95 illik yubiley günlərini yaşadığımız bu gözəl sənətkarın özəl obrazını elə öz xəyalınızda canlandırıb-camallandırmaqda, bəndənizsə onun internet-vikipediyasına göz gəzdirib, bio-notlarını dilləndirməyə çalışmaqda. Axı, səksən üç il - statistik insanların çoxundan bir az çox, azından bir qədər az yaşamış bu Musiqi-Adam təbii ki, zəngin bioqrafik notlara da malikdir.
“Sənə də qalmaz”(?)
...Onun üz-gözü, sözü-söhbəti, hətta hərəki təhər-tövrü öz musiqilərinə bənzəyirdi. Ömrü isə onlardan ikisini daha çox ehtiva edirdi: “Gecələr uzun...” və “Sənə də qalmaz”...
Birinci mahnının (və özünün) cavanlığında xəyal-gözlərimiz önünə vüsal həsrətilə yanan canan gəlirdisə, ahıllığında XX əsrin əvvəlləri - onun doğulduğu 1917-ci il, proletar mizraq-mizrablı, “Çadrova” küçəli, dardalan-filanlı Bakı canlanırdı.
“Gecələr uzun” kimi çox uzun gecə-gündüzlər yaşayıb, çox uzunömürlü əsərlər yaratsa da, dinləyici ürəklərindən bir “Sənə də qalmaz” giziltisi də keçirdi. “Bütün yaradıcı ömrü uzunu dəvət aldığı məclislərin yuxarı başında, xüsusi diqqət-məhəbbətlər nişangahında olan belə bir sənətkar və haçansa... gələr bir gün, bu növraqlar ona da qalmaz?!.” Bəli!
Amma bəşər üçün yazılmış bu əbədi qanunun əsl sənət adamlarına dair “maddə”sinə görə darılmağa dəyməzmiş. Belələrinin cismi qalmasa da, ismi əbədi qalır, axı. Belə bir ismə yiyələnməkçünsə, gərək dünyaya göz açandan ətrafına Tofiq kimi nur saçasan, fəhm-fərasət göstərəsən. Təbii istedadına həyati çaba-çalışmanla yeni ladlar, insanın çövhəri hesab edilən işçi dadlar qatasan. Hələ 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki peşə məktəbinə gedib, 17 yaşında Konservatoriyaya qəbul ediləsən. “Ən diribaş, zirək, yüksək qavramlı” tələbə adı qazanıb, İttifaq şöhrətli İ.S.Aysberq və S.Q.Ştrasserin siniflərində fortepiano və dirijorluq dərslərinə “si” sürətilə yiyələnib, həmin ali məktəbi ikicə ilə bitirə biləsən.
Onun gənclik aləmi sonralar bəstələyib-dəstlədiyi bir sıra ecazkar musiqilərini, çox şıdırğı taktlarını xatırladır. Üzeyir bəyin xüsusi təşəbbüsü ilə təhsilinə davam üçün Moskva Dövlət Konservatoriyasına göndərilən 20 yaşlı Tofiq orada fürsəti fövtə verməyib məşhur A.Tfasmanın rəhbərlik etdiyi adlı-sanlı orkestrdə diqqət mərkəzinə düşən bir pianoçu kimi fəaliyyət göstərir. İyirmi üç yaşında Bakıya qayıdıb, iki ilə yaxın “Fiqaro tam, Fiqaro tut, Fiqaro vezde”yə bənzər ümumgərəkli musiqi-mədəniyyət proseslərində iştirakından sonra, 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaratmaqla, öz böyük “mən”ini elan etmiş olur. 402-ci diviziyanın tərkibində fəaliyyət göstərən bu ansambl üçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazır. Səs-sədası tezliklə hər yana yayılan, ruhlandırıcılıq elementlərinə ehtiyac duyulduğundan 1943-cü ildə iki bölümə ayrılıb, ayrı-ayrı diviziyalarda çalışmalı olan bu ansamblın “Qırmızı flot” qisminin rəhbəri olur.
Müharibə qələbəsindən dərhal sonra iyirmi səkkiz yaşlı bu böyük gəncin də qəlbində sənətin rəngarənglik qələbəliyi yaranır. Gəncliyin ilk baharında geyməli olduğu qara-qura xallı hərb-zərb mundirindən “təğyiri-libas” olub, rübabını həmişəyaşar, sevgilərqoşar nəğmələr, mahnılar, kantatalar üstə kökləyir. Hələ on il əvvəl (18 yaşında!) bəstəkar Zakir Bağırovla birgə fortepiano variasiyalarını işlədiyi muğam-məqam (“Rast”, “Segah”, “Zabul”, “Dügah”) halətlərinə düşür. “Azdram”, “Rusdram”, “Gənc tamaşaçılar” və digər teatrlarla əməkdaşlığa başlayır. Afişalara “Musiqisi Tofiq Quliyevindir” yazıları, dinləyici, tamaşaçı yaddaşlarına elə həmin imzalı populyar ad-soyad həkk olunur.
Bu ad-soyad
titrlərdə...
Onun kino musiqisi işləri bitib-tükənmək
bilməyən bir serialdır. Bəs necə, səksən üç il
yaşamış bir kəsin adı yetmiş üç filmə düşübsə,
onun istedad və işgüzarlığını
məcmu olaraq hansı terminlə ifadə etmək olar? Həmin filmlərin hamısı
haqda nəinki danışmaq, adlarını
sadalamaq belə bu yazılıq deyil. Amma iyirmi üçündə
- hələ qeyri-məşhur
yaşında məşhur
“Səbuhi” filminin musiqisini yazmış səksən üç il ömürlü bu bəstəkarın heç olmasa on üç kino işini xatırladaq: “Bəxtiyar”, “Görüş”,
“Qızmar günəş
altında”, “Ögey ana”, “Onu bağışlamaq
olarmı?”, “Telefonçu
qız”, “Möcüzələr
adası”, “Sən niyə susursan?”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Tənha narın nağılı”,
“Nakəs”.
Bu filmlərin
bir çoxundakı bəzi fraqmentlərin vizual məlahətini, ədəbi-bədii təsir
gücünü birə-beş
artıran musiqi parçalarından geniş
danışmağa ehtiyac
varmı? Amma hər
halda xatırlayaq.
“Bəxtiyar”dakı şən xalları, şux notları yada salaq. Bəxtiyarın “do”dan “lya”ya qalxıb-düşən
həqiqi və rəmzi ifa variasiyalarının, “xala”ların
əndirəbadi duetlərinin,
tutma balerin və balerinanın (məlum “korafəhimin” müşayiətilə) rəqslərinin
musiqi bəzək-düzəyini,
dəniz neftçilərinin
“la-la, lala-lala lay la-lala
lay!” nidalarını xatırlamayan
köhnə tamaşaçıların
o vaxtkı kinoteatrlarda
təkrar-təkrar keçirdikləri
günlərə, yeni
tamaşaçıların isə tele-ekran qarşısında ləzzətlə
nuş etdikləri təamlara, həzdən axıtdıqları qəşş
yaşlarına heyif!
Əlli yeddi il
öncə çəkilmiş
“Görüş” filmində
bütün sovetanə
epizodlardan, adına zəhmətkeş deyib, zəhləmgetmiş statusunda
anılan baş qəhrəmanlardan daha çox yaddaqalan mahnıları, simfonizm çalarlı musiqi parçalarını necə,
xatırlayırsızmı? “Azərbaycan torpağına
xoş gəlib dostlar, Bizdən əziz qonaqlara salamımız var” sayağı bayağı
misraları belə səmimi cildə salan, “Hamıdan gözəl mənəm, lakin heç danışmıram” kimi mübhəm eqo-emosiyaları
sevgili notlarla təqdim edən musiqiləri deyirəm.
Bəs “Ögey ana”?!
Bu sual-nidalı təəccübümə
bu filarmonik filmin musiqi müəllifinin
- 40 yaşlı bir adamın ulu yaşlılara bab
musiqi dilinin hikmətindən başlamaq
istəyirəm. Musiqisini
yazdığı filmlərdən
birindəki (“Onu bağışlamaq olarmı?”)
xitab olmasın, “Ögey ana”nı
orada səslənən
musiqi fraqmentlərisiz,
mahnılarsız təsəvvür
etmək olarmı?! Bu
musiqi parçaları
anasız (nənəsinin
dilində daha yanıqlı səslənir:
“anası ölmüş”)
İsmayılın ürəkparçalayıcı
məqamlarından bəzən
daha təsirli çıxmırmı? Bu səs dili ssenari
dilinin adekvat paraleli deyilmi? Bütün fəsilləri qış
kimi qaş-qabaqla yaşayıb, bir yaz üzünə gülüş qonan o yetimin dilini ssenaristdən, rejissordan, operatordan, doğma atadan, onun məhəbbətini
qazanmaqçün özünü
oda-közə vuran ögey anadan daha çox bilən Musiqi obrazı deyilmi? Hə, hə, meşədə üzü
bizə irəliləyərkən
əlindəki yabanı
dirijor çubuğunun
sehrilə səslənən
ilahi taktları deyirəm! O təbiət-filarmoniyada
İsmayılın “Quş-lar-quş-lar,
nə qəşəng
oxuyur!” sözlərinə
qüvvət kimi səsləndirdiyi “bəh-bəh!”lər beş
gözəldirsə, Azərbaycanın
bütöv cəmiyyət
auditoriyasında sinirilən
“bəh-bəh!”lər on beş qidalı olub - hələlik bu əlli dörd ildə!
Və onun haqqında bir az da -
Başqa motiv-dildə...
Hələ əvvəlcə sizin xəyali-qiyabi mesajlarınızla bilmək
istərdim ki, görəsən, yuxarıdakı
bioqrafik-filmoqrafik qeydlərə
çox da bənd olmayıb, ilk yarımbaşlıqda yön
verdiyim üfüqlərdə
yaxşı gəzişə
bildinizmi, hörmətli
oxucular? O ənginliklərdəki
əsrarəngiz sədalı,
hərdən ənənəvi,
bəzən folklorik, bir para-partitura klassik, küll-kərə
isə özünəməxsus
ədalı xalların
xəyalına yetərincə
daldınızmı? Könlünüzdə
- Asəf Zeynallının
məsləhətilə M.Ə.Sabirin
şeirinə (“Məktəbli”)
bəstələdiyi ilk mahnısından
başlamış sonuncularına,
estrada və
caz şedevrlərinə
qədər - hərəsindən
bir-iki xal səsləndirib bütün
şəri-şərablardan daha məstedici sənət gülabından
hallandınızmı?
Deməzsizmi, bu musiqilərin
müəllif kimliyinin
bəliri üçün
nə kağız-kuğuza
ehtiyac var, nə ağız-uğuza.
Bircə notunu eşitcək, hər kəs deyəcək; Tofiq Quliyev! Elə ki gördün
pianoda, fortepianoda ən usta ifaçı
da taktları yığıb-yığışdıra bilmir, - deməli, bu vurçatlasın Tofiq Quliyevindir! Onun əsərləri gələndə piano-fortepianoların
şirmayı dilləri
sürməyi ağızlarına
sığmır ki! İnstrumental-sentimental rəqsləri
zamanı klarnetlərin,
saksafonların klapanları
“şalako” vurmaqdan bir hovur örtülmürlər
ha! Budur haa, “dımdı-bı, dı-bı,
ram-ram-ram”... Yox, əzizlərim, olmur (yəni yazıda zümzümələnmək olmur)...
Tək elə zümzümələmək
yox, bu çox
aydın sənətkarın
apaydın musiqiləri
içərisində bəzi
şıdırğı nümunələri
layiqincə qavrayıb
mənimsəmək də
çətindir. O nümunələr
elə dahiyanə düşünülüb ustadanə
yazılıb ki, üslubunca “oxumaq” olmur. Hər oxuyanın həmkarı olan hər dinləyicinin
də Vaqif ola bilməməsi
məsələsi var
axı...
Məsələn,
mən Tofiq Quliyev imzalı saflıq, gözəllik, ictimai xadimlik, müəllimlik, ustadlıq
və digər məziyyətlərlə zəngin
bio-ekologiyasındakı bir
neçə fakt taktını bu yazıya yerləşdirməyi
bacarmadım ki, onlardan biri də
1951-ci ildə aspirantura
bitirib, məşhur akademik A.Qaukun rəhbərliyilə dissertasiya
müdafiə edib, elmi ad alması, “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında birincilərdən
olmasıdır.
Görəsən,
onun alimliyi haqda sözün lap axıra düşməsi
bir təsadüflə,
ya hələ də müstəqil elm adlandırılmaq vüsalına
yetə bilməyən
jurnalistika (jurnalistlik)
ilə əlaqəlidirmi?..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 13.