Azadlıq carçısı

 

   Şəki şəhər MKS-nin İ.S.Nakam adına Mərkəzi kitabxanasında Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) anadan olmasının 80 illiyi münasibətilə “Azadlıq carçısı” adlı poeziya günü keçirilib. Tədbiri kitabxananın oxu zalının müdiri Yaqut Sadıqlı açaraq Xəlil Rzanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd edildi ki, Xəlil Rza Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğu illərdə Cəfər Xəndanın və Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olub. Keçən əsrin 50-ci illərində yaradıcılığa başlamış şair 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-ci illərin sonunda Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizənin ön sıralarında durmuşdur.

   Şəki Musiqi Kollecinin dil və ədəbiyyat müəlliməsi Məhəbbət Məcidzadə, kitabxananın əməkdaşı Dilbər Yaqubova Xəlil Rzanın yaradıcılığı, onun haqqında yazılmış elmi-tədqiqat əsərləri haqqında danışdılar. Kitabxananın fəal oxucuları Aytac Süleymanova, Gülzar Məmmədli, Fərrux Əzizov, Aysel Sadıqlı, Səma Əsədullayeva, Qorxmaz Məmmədov şairin şeirlərini səsləndirdilər.

 

 

   Z.Nəsrullayeva,

   Şəki şəhər MKS-nin metodika

   biblioqrafiya şöbəsinin müdiri

 

  Mədəniyyət.- 2012.- 9 noyabr.- S. 11.