Turizm sahəsində statistika
vacib məsələdir
Noyabrın 7-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatının (DTT) «2011-2012-ci
illər üçün turizm
statistikası sahəsində bilik səviyyəsinin
artırılması Proqramı» çərçivəsində
ikinci regional seminar işə başladı.
Tədbiri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov açaraq regional seminarda Azərbaycan, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumlarının nümayəndələrinin, DTT-nin ekspertlərinin iştirak etməsini yüksək qiymətləndirdi. Nazir müavini tədbirin DTT ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında 2011-ci il martın 23-də İspaniyanın Madrid şəhərində imzalanmış anlaşma memorandumuna əsasən təşkil edildiyini nəzərə çatdırdı. O, Azərbaycanın turizm sənayesinə göstərdikləri dəstəyə görə DTT-nin baş katibi Taleb Rifaiyə və təşkilatın ekspertlərinə minnətdarlığını bildirdi.
Nazir müavini bildirdi ki, statistik materialların toplanması digər sahələrdə olduğu kimi, turizm sahəsi üçün də çox vacibdir: “Planlaşdırma, konsepsiyaların və inkişaf proqramlarının hazırlanması və tətbiqi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyələşdirmə strategiyasının qurulması və digər işlərin səmərəli təşkili tam şəkildə statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır. “Turizm sahəsi üçün statistika həm də ona görə önəmlidir ki, biz fəaliyyətimizi planlaşdırarkən digər sahələrin statistik göstəricilərini nəzərə almalıyıq. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və sair iqtisadi göstəricilər bilavasitə turizmin inkişaf planlarına təsir göstərir”.
Nazim Səmədovun sözlərinə görə, statistika elminin inkişafı da ən qabaqcıl beynəlxalq təcrübəyə arxalanmalıdır: “Bu səbəbdən DTT-dəkı həmkarlarımızdan xahiş etdik ki, bu qabaqcıl təcrübəni bizimlə bölüşmək üçün belə bir seminarın təşkilində köməklik etsinlər. Bu artıq ikinci seminardır və respublikamızda statistika üzrə beynəlxalq təcrübəli mütəxəssislərin sayının artması, zənnimcə, bu sahədə yeni ideyaların və yanaşmaların yaranmasına səbəb olacaq».
Nazir müavini regional seminara marağın artdığını
qeyd etdi. Keçən
il keçirilən
seminarda 19 iştirakçı
vardısa, bu il iştirakçıların
sayı 22-yə çatıb.
Bu il Belarus nümayəndələri də
seminara qatılıb:
“Biz bu proqramla əməkdaşlığı davam etdirmək niyyətindəyik. Düşünürük ki, layihəyə yeni ölkələr cəlb olunmalıdır.
Bildiyiniz
kimi, Azərbaycan və DTT bir neçə layihə çərçivəsində əməkdaşlıq edir.
Bu sırada «İpək
yolu» beynəlxalq turizm marşrutu, «Turizm haqqında» yeni qanun layihəsinin
hazırlanması və
digər layihələri
qeyd edə bilərik. DTT-nin baş katibi
Taleb Rifainin bu ilin sentyabrında
Azərbaycana səfəri
zamanı yeni əməkdaşlıq istiqamətləri
və mövzuları
müzakirə olunub.
Turizm sahəsində postsovet məkanının dövlətləri
ilə əlaqələrin
bərpası və genişləndirilməsi bizim
üçün prioritet
istiqamətdir. Çünki digər ölkələrdən
fərqli olaraq, bizim aramızda viza və dil
problemi yoxdur. Eyni zamanda mədəni, mənəvi, humanitar və sair əlaqələr
davamlı inkişaf edir».
Nazim Səmədov hazırda Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən bir sıra islahatların aparıldığını, inkişaf
konsepsiyalarının yaradıldığını
və 10 illik strateji inkişaf planının hazırlandığını
qeyd edərək bildirdi ki, bu
təşəbbüslər tamamilə aydın və şəffaf statistik məlumatlara arxalanmalıdır: «Bundan
əlavə, strateji
plan statistik məlumatların
toplanılması və
təhlili sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Belə olan halda yeniləşmiş
sistemin idarə edilməsi və istifadəsini təmin etmək bacarığında
olan mütəxəssislərin
olması çox önəmlidir. Bu bacarıq yeni təhlil metodlarının
istifadəsi, kompyuter proqram təminatının
hazırlanması, məlumatların
uzlaşdırılması və digər peşəkar amilləri əhatə etməlidir.
Fikrimizcə, seminar bu sualların
cavabını özündə
əks etdirəcək».
DTT-nin
Avropa üzrə
regional direktorunun müavini
Kristofer İmbsen Azərbaycan hökumətinin
turizm sənayesi ilə bağlı fəaliyyətini yüksək
qiymətləndirdi. Onun sözlərinə
görə, ölkəmiz
zəngin mədəni
irsi, təbii gözəllikləri, əhalisinin
qonaqpərvərliyi ilə
regionda önəmli turizm mərkəzinə çevrilib.
Kristofer İmbsen bildirdi ki, DTT əməkdaşlıq
vasitəsilə statistik
məlumatların toplanması
istiqamətində konseptual
bir çərçivə
yaradılmasına çalışır:
«Təşkilatımız turizm
statistikasının tamamlanması
üzrə xüsusi təlimat üzərində
işləyir. Beynəlxalq tövsiyələr
turizmin monitorinqini keçirmək, onun iqtisadi nəticələrini
başa düşmək
və turizmi beynəlxalq və milli gündəliyə inteqrasiya etməyə yardım göstərir.
Bu tövsiyələr əsasında
birinci dəfə olaraq turizmlə bağlı beynəlxalq norma müəyyənləşəcək
ki, bunun da əsasında iqtisadçılar və ekspertlər işləyə
biləcəklər. Nəticədə ümumi makroiqtisadi təhlil və siyasət çərçivəsində
turizmi başqa sahələrlə də müqayisə etmək mümkün olacaq».
Sonra turizm statistikası
üzrə DTT ekspertlərinin
çıxışları dinlənildi və müzakirələr aparıldı.
Qeyd edək ki, Azərbaycan
tədbirdə Mədəniyyət
və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti ilə təmsil olunur.
Seminar noyabrın 9-da yekunlaşacaq.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 9.