“Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində”

 

   Qəbələdə beynəlxalq elmi konfrans keçirilir

  

   Noyabrın 7-də Qəbələ şəhərində “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

  

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya, ABŞ, Türkiyə, Koreya Respublikası, Gürcüstan, Ukrayna, İran, Qazaxıstan, Almaniya və Fransanın tanınmış tarixçi alimləri, arxeoloqları iştirak edirlər.

   Konfrans iştirakçıları əvvəlcə rayonun Çuxur Qəbələ kəndindəki muzeydə Qafqaz Albaniyasının 9 əsr paytaxtı olmuş və 2500 illik tarixə malik qədim Qəbələ şəhərinin ərazisində 2005-2012-ci illərdə aparılmış arxeoloji qazıntıların nəticələrinə dair sərgiyə baxıblar. Sərgidə SEBA-nın təşəbbüsü və maliyyə dəstəyi ilə yerli və əcnəbi arxeoloqlar tərəfindən antik şəhər yerində, Səlbir yaşayış məskənində, qədim Qala ərazisində aparılan qazıntılar zamanı əldə edilən 500-ə yaxın maddi-mədəniyyət nümunəsi nümayiş etdirilir.

   Qafqaz Sport” mehmanxanasında keçirilən konfransda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Fəttah Heydərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn, ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, SEBA-nın sədri Rühəngiz Heydərova, Qazaxıstan Arxeologiya İnstitutunun direktoru Baurjan Baytanayev, Gürcüstan Arxeologiya İnstitutunun direktoru Vaxtanq Liçeli və başqaları çıxış edərək Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən olan Qəbələdə belə bir tədbirin təşkilini yüksək qiymətləndiriblər.

   Bildirilib ki, son illər ölkəmizdə arxeoloji qazıntı işlərinin sayı artıb, uzun illər arxeoloji-etnoqrafik tədqiqatlar aparılmayan bölgələr də tədqiqatlara cəlb edilib.

   Prezident İlham Əliyevin göstərişi əsasında arxeoloji ekspedisiyalar üçün zəruri maliyyə vəsaiti ayrılır. Bu da arxeologiya elminə, abidələrimizin tədqiqinə diqqətin təzahürüdür. Natiqlər ekspedisiyalar üçün ayrılan maliyyə vəsaiti hesabına geniş arxeoloji qazıntıların aparıldığını və çoxlu sayda maddi-mədəniyyət nümunələrinin qalıqlarının aşkara çıxarıldığını vurğulayıblar. Qarabağda, Gəncə-Qazax bölgəsində, Naxçıvanda, Qəbələdə aparılan tədqiqatlarda Avropanın müxtəlif ölkələrindən dəvət edilmiş geomorfoloqlar, paleobotaniklər, topoqraflar və digər elm sahələrinin nümayəndələri də çalışıblar.

   Qeyd edilib ki, son illər Azərbaycanın qədim dövr abidələri, zəngin tarixi barədə informasiyalar daha geniş miqyasda dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan Azərbaycanın bölgələrində belə beynəlxalq elmi konfransların keçirilməsinin, arxeoloji qazıntılar aparılan ərazilərdə elmi görüşlərin təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.

   Qeyd edək ki, üç bölmə üzrə aparılan konfransın proqramına Azərbaycanda tunc dövrünə aid şəhər mədəniyyəti abidələrinin arxeoloji araşdırmaları, bu şəhərlərin Qafqazın qədim tarixində mövqeyi, antik dövr şəhərlərinin arxeoloji, memarlıq və tarixi tədqiqatları mövzusunda müzakirələr, eləcə də Azərbaycanın orta əsr şəhərlərinin tədqiqatlarına dair məruzələrin dinlənilməsi daxildir. Konfrans noyabrın 10-dək davam edəcək.

 

  

   Mədəniyyət.- 2012.- 9 noyabr.- S. 8.