Abidələrin
bərpası, konservasiyası və istifadəsi layihəsi
hazırlanıb
Son
beş ildə ölkəmizdə 30-dan çox abidədə
elmi-tədqiqat işləri aparılıb, onların bərpası,
konservasiyası və istifadəsi layihəsi hazırlanıb.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən
Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi
Zakir Sultanov məlumat verib.
Bu işlər Mədəniyyət
və Turizm Nazirliyinin, Tikilən Obyektlərin Birləşmiş
Müdiriyyətinin sifarişi əsasında “Azərbərpa”
Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən
aparılır. Artıq Şəki şəhərindəki
Aşağı Karvansarada, Nakam adına kitabxanada, Quba rayonunun
Rustov kəndindəki məsciddə, Hacıqabul rayonunun
Qubalı Baloğlan kəndindəki Pir Hüseyn xanəgahında,
Balakən rayonundakı məsciddə, Salyan şəhərindəki
məsciddə, Nardarandakı Xan bağında, Lənkərandakı
Dairəvi Qalada bərpa işləri başa
çatdırılıb. Gəncədə “Şah Abbas” və
“Uğurlu xan” karvansaralarında, Füzuli rayonunun Babı kəndindəki
Şeyx Babı türbəsində, Bakı şəhərinin
Suraxanı qəsəbəsindəki “Atəşgah” məbədində,
Bərdə rayonundakı “Allah-Allah” türbəsində bərpa
işləri davam etdirilir.
Əvvəlki illərdən fərqli
olaraq hazırda abidələrin bərpa-konservasiya layihələri
ilə birlikdə onların istifadə layihələri də
hazırlanır. Bu, həmin abidələrin uzun müddət
qorunmasına zəmin yaradacaq. Hazırlanmış layihə-smeta
sənədləri əsasında abidələrdə bərpa-konservasiya
işlərinə nazirliyin, Tikilən Obyektlərin Birləşmiş
Müdiriyyətinin və “Azərbərpa” Elmi-Tədqiqat Layihə
İnstitutunun mütəxəssisləri nəzarət edirlər.
Azərbaycanın Gürcüstan
ilə sərhədində yerləşən “Sınıq”
körpünün də bərpası nəzərdə
tutulur. Hər iki dövlət arasında razılaşma
protokoluna əsasən, abidənin bərpa layihəsi
hazırlanıb. Orada arxeoloji tədqiqat işlərinin
aparılması da planlaşdırılır.
Eyni zamanda, Suraxanı qəsəbəsindəki
“Atəşgah” məbədində və Füzuli rayonunun
Babı kəndindəki Şeyx Babı türbəsində
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
ilə birlikdə arxeoloji tədqiqat işləri də
aparılıb. “Atəşgah” məbədində
aparılmış arxeoloji qazıntı işləri
zamanı od quyuları, daşdan tikilmiş qaz xətləri,
qaz anbarı, su quyusu və s. maraq kəsb edən mədəni
təbəqələr aşkar olunub. Şeyx Babı
kompleksində aparılan arxeoloji qazıntı işləri
zamanı kaşılarla bəzədilmiş sərdabələr,
karvansara qalıqları, kompleksin mühafizə
divarlarının qalıqları aşkar olunub.
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 8.