Ölüm mələyi” təqdim olundu

 

   Mustafa Çəmənlinin yeni tarixi romanı ədəbiyyatşünas və tarixçilər tərəfindən yüksək qiymətləndirildi

  

   Noyabrın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanının təqdimatı keçirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Mustafa Çəmənlinin zəngin və çoxşaxəli yaradıcılığından danışdı.

  

   Tarixi romanın çətin bir janr olduğunu deyən K.Tahirov yazıçının “Xallı gürzə” romanının Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanı ilə bir sırada dayandığını vurğulayaraq, “Ölüm mələyi”ni də yüksək səviyyəli əsər kimi dəyərləndirdi: “Romanı oxuduqca deyirsən ilahi, bu kitabı yazmaq üçün nə qədər tarixi qaynaqlar, mənbələr vərəqlənməlidir. Tarixi romanda səhv etmək, tarixi təhrif etmək olmaz. Bunun bədii qatını vermək isə ikiqat çətindir. Mustafa müəllim həm “Xallı gürzə”, həm “Ölüm mələyi” romanlarında bu işin öhdəsindən cəsarətlə gəlib”.

   Sonra o, M.Çəmənlinin publisistik yaradıcılığından da söz açdı. Müəllifin Azərbaycan mədəniyyətinin, muğam yaradıcılığının, bütövlükdə səhnə sənətimizin görkəmli nümayəndələri haqqında sanballı bədii-publisistik yazılarının mədəniyyətimizin təbliğində əvəzsiz rolu olduğunu qeyd etdi.

   Təqdimat mərasimində tanınmış yazıçı-dramaturq Əli Əmirli həmkarının yaradıcılığından geniş söz açdı: “Doğrudan da tarixi əsər yazmaq çox çətindir, bu əsərlə uğur qazanmaq ondan da çətindir. Bu, yazıçıdan məsuliyyət, eyni zamanda cəsarət tələb edir. Mustafa Çəmənli çiynini həmişə ağır yük altına verən yazıçıdır. O, mövzudan, materialdan qorxmur, çəkinmir. Nələrlə qarşılaşacağı onu qorxutmur.

   Mustafa Çəmənlinin yaradıcılığının əsas mövzusu Qarabağla bağlıdır. Onun elə bir əsəri yoxdur ki, Qarabağla səsləşməsin. Qarabağın istər tarixi problemləri, istər çağdaş dövrün problemləri onun əsərlərində həmişə öz əksini tapır. Yazıçının “Xallı gürzə”, “Fred Asif” və “Ruhların üsyanı” romanları, hesab edirəm ki, bir trilogiyadır. Hər üç roman Qarabağın müxtəlif dövrlərində baş verən hadisələri əks etdirsə də, daxilən bu əsərlər bir-biri ilə bağlıdır”.

   Əli Əmirli “Ölüm mələyi”ni tarixi roman janrında yazıçının növbəti uğuru adlandırdı. Romanda müəllifin zamanın ruhunu hiss etdiyini bildirdi: “Bu cür əsərlər ekrana gəlməlidir ki, xalq öz tarixini öyrənsin, bədii zövq ala bilsin. Hesab edirəm ki, “Ölüm mələyi” də belə bir missiyanı daşıyır”.

   Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, fəlsəfə doktoru, şair Ənvər Əhməd, tarix elmləri namizədi İlham Həsənov, “Ölüm mələyi” kitabının redaktoru, yazıçı Sevinc Nuruqızı, “MHS-Poliqraf” nəşriyyatının direktoru Vasif Qurbanzadə və başqaları çıxış edərək Mustafa Çəmənlinin özünəməxsus yaradıcılığından danışdılar, “Ölüm mələyi” romanının istər tarixi, istərsə də ədəbiyyat baxımından qiymətli əsər olduğunu nəzərə çatdırdılar.

   Sonda ömrünü yaradıcılığa həsr edən, məhsuldar və təvazökar qələm adamı Mustafa Çəmənli tədbir iştirakçılarına, oxucularına öz təşəkkürünü bildirdi. Yazmaq alın yazısı olan yazıçı çiyninə düşən missiyanı bundan sonra da daşıyacağını bildirdi.

   Xatırladaq ki, “Ölüm mələyi” tarixi romanında Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli bir dövründən söz açılır. Romanda Səfəvi hökmdarı I Təhmasibin ömrünün son günləri, onun on doqquz il altı ay iyirmi bir gün Qəhqəhə qalasında dustaq etdiyi oğlu İsmayıl Mirzənin hakimiyyətə gəlməsi və fəaliyyəti əksini tapıb. “Ölüm mələyi” romanının süjet xətti və məzmunu tarixi romanlara xas ənənəvi döyüş səhnələri ilə deyil, saraydaxili ziddiyyətləri, insan münasibətləri, hakimiyyəti əldə etmək və onu qorumaq uğrunda mübarizə üsullarının təsviri ilə səciyyəvidir.

   Təqdimat mərasimində Mustafa Çəmənlinin indiyədək qələmə aldığı 31 kitab nümayiş olundu. Ədibin 40 il müddətində redaktoru olduğu onlarla kitabı nümayiş etdirmək üçün daha böyük stendlər tələb olunur.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 9 noyabr.- S. 6.