Oxu, gözəl”

 

   20 saylı musiqi məktəbi Şövkət Ələkbərovanın xatirəsini yad etdi

  

   Noyabrın 7-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin unudulmaz sənətkarın 90 illiyinə həsr etdiyi konsert proqramı təqdim olundu.

  

   Məktəbin direktoru Sevda Məmmədova təhsil ocağının 1993-cü ildən Şövkət xanımın adını daşıdığını dedi: “Görkəmli müğənnimizin adının məsuliyyətini hiss edərək məktəbimiz hər zaman böyük uğurlara imza atmışdır. Şagirdlərimiz festival və müsabiqələrdə iştirak edərək bu adı yüksəkdə daşımağa həmişə nail olublar və məktəbi bitirdikdən sonra təhsillərini respublikanın ali musiqi məktəblərində davam etdirmişlər. Sənətkarın 90 illiyinə həsr etdiyimiz bu konsert proqramında həm Şövkət xanımın səsləndirdiyi əsərlər, həm də vaxtilə onunla birlikdə çalışmış bəstəkarların instrumental musiqiləri yer alıb”.

   Şövkət xanımın həyat və yaradıcılığı haqqında geniş məlumat verildikdən sonra konsert proqramı təqdim olundu. İlk olaraq məktəbin müəllimi Vüqar Cəlilovun rəhbərlik etdiyi şagirdlərdən ibarət xalq çalğı alətləri orkestrinin ifasında H.Xanməmmədovun “Yenə o bağ olaydı” (solist IV sinif şagirdi Aidə Abbaszadə) mahnısı səsləndi. Konsert T.Quliyevin “Rəqs”, “ İlk bahar”, “Sevgi valsı”, “Görüş” filmindən mahnı, “Axşam” və “Sevinc” mahnıları, F.Sücəddinovun “Vətən balladası”, C.ZülfüqarovunAna”, F.Əmirovun “1001 gecə” baletindən “Fantaziya”, A.Bəbirovun “Prelüd-skertso”, S.Rüstəmovun “Oxu, gözəl” əsərləri ilə davam etdi.

   Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri Vaqif Babayev və məktəbin müəllimləri, musiqiçilər iştirak edirdilər.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 9 noyabr.- S. 6.