“Özümə
söz verdim ki, aktyorların hərəkətinə
müdaxilə etməyəcəyəm”
Xorvatiyalı rejissor Bakıda seminar keçirdi
Xəbər
verdiyimiz kimi, noyabrın 5-6-da Bakıda Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan
Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə II beynəlxalq teatr konfransı keçirildi. Konfrans
çərçivəsində dünyanın
tanınmış teatr mütəxəssisləri tərəfindən
müxtəlif mövzulara dair seminarların keçirilməsi
də nəzərdə tutulmuşdu. Noyabrın 7-də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor
sənəti mövzusunda seminar gerçəkləşdi.
Seminarı Uşaq və Gənclər
Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ)
baş katibi, xorvatiyalı rejissor İvitsa Simiç
apardı. O, teatrın aktyorlarını salamlayaraq bildirdi ki, hər
dəfə yeni heyətlə görüş onda həyəcan
yaradır: «Bu görüşdən böyük gözləntilərim
var və mən də bunları doğrultmaq istərdim». Sonra
o özü haqqında məlumat verərək qeyd etdi ki, 10
il peşəkar səhnədə aktyor kimi
çalışdıqdan sonra karyerasını başqa bir
istiqamətdə, yəni rejissor kimi inkişaf etdirməyi
düşünüb.
“Əgər
aktyorlar nəyisə düşünüb edirlərsə, mən,
sadəcə, deyirəm ki, bu, gözəldir”
Aktyorluqdan getməsinin səbəblərindən
danışan İvitsa Simiç bildirdi ki, bu sahədə
çalışdığı vaxtlarda rejissorun dediklərini
edib: «Bəzən elə hallar olurdu ki, özümə
uyğun hesab etmədiyim rolu oynamağa və yaxud da
xoşlamadığım rejissorla işləməyə məcbur
olurdum. Aktyor kimi bəzən səhnədə əlindən gələni
edirsən. Amma rejissor sənə «bunu etmə», «onu etmə»
deyir. Bu səbəbdən də qərara aldım ki,
aktyorluqdan uzaqlaşmalı və özüm müstəqil
işləməliyəm. Rejissorluğu özümə həyat
yolu seçdikdən sonra aktyorların istəklərini nəzərə
alan, onlarla mülayim davranan rejissor olmaq qərarına gəldim.
Özümə söz verdim ki, rejissor olandan sonra səhnədə
aktyorların hərəkətinə müdaxilə etməyəcəyəm.
Və bu belə də oldu. 25 illik rejissorluq karyeramda buna əməl
etməyə çalışmışam. Əgər onlar nəyisə
düşünüb edirlərsə, mən, sadəcə,
deyirəm ki, bu, gözəldir. 1989-cu ildə britaniyalı
Tomas Stoparkın «Həqiqi əşya» adlı əsərini
tamaşaya qoydum. Bu mənim ilk rejissor işim idi və
uğurlu alındı».
Xorvatiyada yeganə müstəqil
teatrın sahibi olduğunu diqqətə çatdıran
rejissor, ölkəsində və xaricdə uşaqlar, həmçinin
böyüklər üçün tamaşalar
hazırladığını bildirdi.
İvitsa Simiç Avropa
teatrları ilə tanışlığın onun
üçün mühüm şans olduğunu, orada fərqli
ənənələr gördüyünü və həmin
standartlardan nümunə götürdüyünü qeyd etdi:
«Avropa teatrları ilə tanışlıq mənə
böyük təcrübə qazandırdı. Mən ənənəvilikdən
uzaq, müxtəlif fəlsəfi
dünyagörüşünə əsaslanan teatrlarla
tanış oldum. Əgər fərqli fəlsəfə varsa,
deməli, fərqli idarəçilik, yanaşma da var. Bundan isə
insan daha çox şey öyrənə bilir».
Xorvatiyalı rejissor II Bakı Beynəlxalq
Teatr Konfransı çərçivəsində Azərbaycan
paytaxtında keçirdiyi görüşlərin, o cümlədən
bu seminarın gələcək əməkdaşlıq
üçün təməl olacağına
inandığını dedi. O, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının səhnəsində
tamaşaya quruluş vermək niyyətində olduğunu, seminar
müddətində həmin tamaşa üçün
uyğun aktyorları seçəcəyini bildirdi.
Gənc
Tamaşaçılar Teatrında “Qızıl açar”
Seminarda məlumat verildi ki, “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı
çərçivəsində artıq
üçüncü ildir ölkəmizin bir çox
teatrlarında beynəlxalq layihələr həyata
keçirilir. Bu layihələr çərçivəsində
tanınmış xorvatiyalı rejissor da Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında tamaşaya
quruluş vermək üçün dəvət olunub.
İvitsa Simiç teatrda rus yazıçısı Aleksey
Tolstoyun “Qızıl açar” (“Buratinonun sərgüzəştləri”)
əsərinə quruluş verəcək. Məşqlərin
gələn ilin aprelində başlanacağı, may ayında
tamaşanın təhvil veriləcəyi nəzərdə
tutulur.
Sonda ASSİTEJ-in baş katibi II
Bakı Beynəlxalq Teatr Konfransında keçirilən plenar
iclasları da dəyərləndirdi: “Belə tədbirlərin
yerli rejissor və aktyorların teatr və kino sahəsində
ixtisaslaşmış dünya şöhrətli mütəxəssislərin
təcrübələrindən bəhrələnməsi
baxımından mühüm əhəmiyyəti var”.
Mehparə
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 5.