Nəğməli
ömür
Noyabrın 8-də Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq
Quliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş
xatirə gecəsi keçirildi.
İttifaqın sədri, professor,
Xalq artisti Firəngiz Əlizadə mərasimi açaraq Tofiq
Quliyevin xatirəsinin sənət adamları, musiqisevərlər
üçün həmişə əziz olduğunu bildirdi:
“95 il bundan əvvəl dünyaya Tofiq Quliyev fenomeni gəldi.
Bu insan, həqiqətən də, Allah tərəfindən
çox parlaq istedada malik idi. Moskva Dövlət Konservatoriyasını
iki ixtisas üzrə bitirmişdi. Simfonik orkestr dirijoru və
pianoçu. Pianoçu kimi məharəti hamını heyran
edirdi. Onun barmaqları incilər səpirdi. Azərbaycanda
estrada musiqisinin banilərindən biri olan bəstəkarın
hər bir sahədə - həm klassik, həm də estrada
janrında yazdığı musiqilər özünəməxsusluğu
ilə seçilir. Filmlərə yazdığı
mahnılarsa retro musiqi kimi səslənsə də, daim təravətini
saxlamaqdadır. Eyni zamanda ölməz bəstəkar Azərbaycan
Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyəti
dövründə musiqi ictimaiyyəti üçün
çox mühüm işlər görmüşdür”.
Daha sonra mərasim konsert proqramı ilə davam etdi. Konsertdə Əməkdar
incəsənət xadimi
Vaqif Gərayzadənin
bədii rəhbəri
olduğu “Aypara” qrupunun ifasında bəstəkarın mahnılarından
ibarət popurri, tanınmış pianoçu
Emil Əfrasiyabın ifasında
bəstəkarın musiqilərindən
ibarət kompozisiya, Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə
Əməkdar artist Nərgiz
Kərimovanın ifasında
“Sevgi” valsı və “Bakı”, beynəlxalq müsabiqələr
laureatı İslam Qasımovun ifasında isə “Neftçi” mahnıları səsləndi.
Tədbirin sonunda bəstəkarın
oğlu, kinorejissor, Xalq artisti Eldar
Quliyevin rejissor, Xalq artisti Tofiq
İsmayılovla birgə
çəkdiyi və
böyük sənətkarın
həyat və yaradıcılığından bəhs edən “Nəğməli ömür”
sənədli filmi nümayiş olundu.
Lalə
Mədəniyyət.-
2012.- 9 noyabr.- S. 4.